Tag Archives: xarici işlər naziri

MİRZƏ ƏLİL MƏMMƏDYAROVUN QİSASINI YERDƏ QOYMAZ…

Стандартный

2

Əlahəzrət prezident İlham Əliyevin siyasətini, atdığı addımları, verdiyi qərarları başa düşmək üçün gərək prezidentdə olan intellektin heç olmasa yüzdə biri səndə ola. Boynuma alıram, məndə heç mində biri də yoxdur. Ona görə qalmışam məəttəl.

Götürək bu Tovuz döyüşlərini. Biz qələbə çalmışıq ya basılmışıq? Mən, prezident demişkən, boş başımla fikirləşirdim ki, basılmışıq. Çünki riyazi hesablama aparmağa ağlım çatmır, mən, tavtalogiyaya görə üzr istəyirəm, hesabi hesablama aparıram.

Yəni mən belə sayıram: erməni tərəfdən iki Smbat ölüb, iki Karapet. Yəqin ikisi də narkoman olub. Bəlkə başqa pozğunluqlar da eləyiblər. Yəni dörd nəfər ölüvay erməni sıradan çıxıb. Bizdə isə on iki ölən var: general, polkovnik, mayor…

İndi hesab kimin xeyrinə olur? Mən boş başımla fikirləşirdim ki, ermənilər böyük hesabla qələbə qazanıblar. Əlahəzrət prezident mürəkkəb riyazi hesablama aparır və deyir ki, qələbəni biz qazanmışıq.

Mən bunu başa düşə bilmərəm, lap dəyənək altına salıb əzişdirsələr də. Ağlım çatmır. Ona görə prezidentin dediyi ilə razılaşıram. Ancaq belədirsə, Məmmədyarovu niyə işdən çıxarırlar? Belə çıxır ki, qələbə qazanmışıq, ancaq bir o qədər də yox. Hə?

Yaxşı, deyək ki, mən başıboş deyən düzdür. Qələbəni ermənilər qazanıblar. Onda niyə Məmmədyarov cəzalanır? Məmmədyarov müdafiə naziri deyil, qərargah rəisi deyil, Məmmədyarov başı batmış heç rota komandiri deyil. Niyə görə xarici işlər naziri cəzalanır? Tovuz xaricdir yoxsa daxil? Bizdə daxili işlər naziri kimdir? Daxili qoşunların komandiri kimdir?

Niyə müdafiə naziri cəzalanmır, xarici işlər naziri cəzalanır? Bəlkə prezident Zakir Həsənovdan, lənət şeytana, qorxur? Axı onun tapançası var! Yazıq Məmmədyarovun isə tapançası-zadı yox idi. Ağzında bir rus dili var idi, onu da az qalırdılar çəkib çıxarsınlar.

Bir sözlə, Mirzə Əlil Məmmədyarovun işdən çıxarılmağından çox narazıdır, heyf ki, bilmir bilmir şikayətini hara eləsin, kimə eləsin. Ancaq Molla Nəsrəddin demişkən, Mirzə Əlil bilir ki, neyləyəcək.

Burda mənim yadıma… hə, futbol oyunu düşdü. Penaltini nə vaxt verirlər? Qayda cərimə meydançasında pozulanda! Əgər döyüşlər Tovuzda baş veribsə və biz iki Smbatla iki Karapeti öldürüb 12 iki igid oğul itirmişiksə, niyə daxildəkiləri cəzalandırmırlar? Niyə generalların poqonları və sinələrindəki bir sentnerlik ordenlər çıxarılmır?

Mən bilirəm neyləyəcəyəm…Mən Məmmədyarovun hayıfını çıxmasam, adımı dəyişib qoyaram Mirzə Zəlil…

Mirzə ƏLİL

16.07. 2020, Samara