HƏslən Cənubi Azərbaycanlı olan Hüseynağa Ələsgər oğlu Sadıqov 21 mart 1914-cü ildə Bakıda doğulub. Gənc Tamaşaçılar Teatrı yaranandan bir il sonra, 1930-cu ildə müsabiqə ilə kollektivin aktyor truppasına sınaq müddətinə qəbul olunub. 1931-ci il iyunun 1-də teatr truppasına aktyor götürülüb. İlk vaxtlardan ona məsul rollar tapşırılıb.
Teatr sənətinin inkişafında, xüsusən gənc tamaşaçıların, məktəb şagirdlərinin, yeniyetmələrin estetik zövqlərinin münbit zəminə düşməsində göstərdiyi səhnə xidmətlərinə görə 1 iyul 1956-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti, 9 fevral 1979-cu ildə xalq artisti fəxri adları ilə təltiflənib.
Hüseynağa Sadıqov 23 fevral 1983-cü ildə Bakıda vəfat edib.
Ağasadıq Gəraybəyli 1897-ci ildə Şamaxıda anadan olub. Atasını erkən itirib. Bakıya gələrək Əlisəttar kişi və Heyran xanımın ailəsində yaşayıb. Məktəbdə Cəfər Cabbarlı ilə bir sinifdə oxuyub. Hüseyn Ərəblinskidən, Mirmahmud Kazımovskidən dərs alıb. Hüseyn Ərəblinskinin sayəsində «Nicat», sonra «Səfa» həvəskar teatr dərnəklərinə üzv olub. 1921-ci ildə Cəlil Məmmədquluzadənin «Ölülər» pyesində kefli İsgəndər rolunu oynayıb. Üzeyir Hacıbəyovun qayğısı sayəsində teatr kursuna yazılıb. 200 müxtəlif rollarda, qrimlərdə, qiyafələrdə səhnəyə çıxıb: Nəriman Nərimanovun «Nadir şah», Üzeyir Hacıbəyovun «Arşın mal alan», Cəfər Cabbarlının «Sevil», «Od gəlini», «1905-ci ildə», sonralar «Vaqif», «Həyat», «On ikinci gecə», «Xanlar» və s. tamalarda rol alıb. 1940-cı ildə Azərbaycan SSR-nin xalq artisti fəxri adına layiq görülüb. Teatrla yanaşı kinoda da maraqlı obrazlar canlandırıb. «Bəxtiyar» filmində klub müdiri Ağabala, «O olmasın, bu olsun» filmində Rüstəm bəy bu obrazlardandır.
1933-cü ildən ömrünün son gününə qədər Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışıb. Şəhərin mərkəzində, Xaqani küçəsi 19-da yaşayıb. 1988-ci ildə Bakı şəhərində vəfat edib.
Bədəlbəyli Şəmsi Bədəl bəy oğlu — tanınmış Azərbaycan aktyoru və rejissoru, Azərbaycanın xalq artisti.
Şəmsi Bədəlbəyli 23 fevral 1911-ci ildə Şuşa şəhərində görkəmli pedaqoq və ictimai xadim Bədəlbəy Bədəlbəylinin (1875-1932) və Rəhimə xanım Qacarın (1880-1966) ailəsində dünyaya gəlmişdir.
Bakıda orta məktəbdə ibtidai təhsil almışdır. 1927-ci ildə – Azərbaycan Pedaqoji Texnikumunun məzunu olur.
1927-1932-ci illərdə – Azərbaycan Dövlət Konservatoriyasında təhsil alır: iki il xalq çalğı alətləri şöbəsində, daha sonra kompozisiya nəzəriyyəsi sinfində Üzeyir Hacıbəylinin tələbəsi olur.
1933-cü ildə Ş.Bədəlbəyli Azərbaycan Xalq Maarif Komissarlığı tərəfindən Moskvaya rejissorluq üzrə təcrübə işinə göndərilir. 1936-cı ildə Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Dram Teatrında rejissor kimi fəaliyyətini davam etdirir.
1941-1942-ci illərdə Ş.Bədəlbəyli sovet ordusunun hissələri tərkibində İrana göndərilir, Burada Ş.Bədəlbəylinin rəhbərliyi altında həvəskar aktyorların iştirakı ilə Ü.Hacıbəylinin «Arşın mal alan», Z.Hacıbəyovun «Evliykən subay», «Əlli yaşında cavan» musiqili komediyaları tamaşaya qoyulur.
1943-1949-cu illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında bədii rəhbər vəzifəsinə təyin olunur.
Sonrakı illərdə də Ş.Bədəlbəyli fasilələrlə bu teatrda işini davam etdirmiş, bir sıra əsərlərin səhnələşdirilməsinə rəhbərlik etmişdir.
1952-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Ü.Hacıbəylinin «Koroğlu» operasına yeni quruluş verir.
1959-1965-ci illərdə — Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru və baş rejissoru təyin olunur.
1965-1974-cü illərdə Ş.Bədəlbəyli təkrarən Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru və bədii rəhbəri vəzifəsində çalışmışdır.
1987-ci il 24 may — Şəmsi Bədəlbəyli vəfat etmiş, Bakıda Fəxri xiyabanda dəfn olunmuşdur.
Для отправки комментария необходимо войти на сайт.