Azərbaycan əhalisinin sayı 2020-ci il mart ayında 10079300 nəfərə çatıb. Bakının əhalisinin sayı ilin əvvəlndə 2293,0 min nəfər olub. Beləliklə, paytaxt əhalisi ölkə əhalisinin 20 faizdən çoxunu təşkil edir. Deyək ki, 20 faiz. 44 günlük müharibədə həlak olanların sayı hələlik 2783-dür. Bu rəqəmin 20 faizi 556 eləyir. Yəni Bakı əhalisi müharibədə sayına proporsional şəkildə iştirak edibsə, şəhidlərinin sayı bu qədər və hələ bir az da çox olmalı idi.
İndi 2783-dən şərti “Bakı şəhidlərin”ni çıxaq. Qalır 2227 nəfər. İndi şərti Gəncə şəhidlərini hesablayaq. Gəncənin əhalisi 335, 6 min nəfərdir. Ölkə əhalisinin təxminən yeddi faizi. Şərti şəhidlərin sayı olur təxminən 195. Şərti Bakı və Gəncə şəhidlərinin sayı isə 751. Sumqayıtın şərti şəhidləri əlavə olunsa, 1000 nəfərə çatır. Bir sözlə, Azərbaycanın bütün qalan əhalisinə düşür 1800-dən də az şəhid. Azərbaycanda Mingəçevir, Şirvan kimi iri şəhərlər və 66 rayon var. Bu iki şəhərin hər birini hər birini iki kənd rayonuna bərabər tutsaq, rayonların sayını 70 götürmək olar. Beləliklə, hər rayona düşür 26 nəfərdən də az şəhid.
Əslində belədirmi?
Salyandan, hələ dəqiq olmayan məlumata görə, 51 şəhid var. Leriklilər 81 şəhid sayıblar.
Əlbəttə, bunların xeyli hissəsi Bakıda yaşayan və ordan çağırılanlardır. Ancaq yəqin ki, əlliyə qədəri bilavasitə Lerikdən çağırılıb. Astaradan şəhid daha çoxdur. Təkcə Ərçivan qəsəbəsindən 9 (doqquz) şəhid var. Başqa rayonlar da belə.
Deməli, hər rayondan orta hesabla ən azı 45 şəhidin olduğunu ehtimal edə bilərik. (Hələlik! Çünki şəhidlərin sayı 3500-4 000-ə də çata bilər). Bu halda bütün şəhidlərin (rəsmən elan edilən 2783 rəqəmini əsas götürməklə) kənd rayonlarından olduğu nəticəsinə gəlmək olar. Əlbəttə, bakılıların şəhidi var, onların bir neçəsinin adı sosial şəbəkələrdə yayılıb. Ancaq söhbət böyük, 600-ə yaxın rəqəmdən getməlidir. Əgər müdafiə nazirliyi hərbi çağırış haqqında ölkə qanununun hərfinə və ruhuna uyğun işləyirsə, belə olmalıdır. Ancaq hər şeydən görünür ki, hərbi qulluğa çağırışda, çağırılanlardan da, o cümlədən cəbhədə, kimin harda yerləşdirilməsində heç bir qanun-qayda gözlənilmir. Müharibə vaxtı isə belə qanun puzğunluğu minlərlə gəncin həyatıdır.
Şəhidlərin doğulduqları yeri, ailə vəziyyətlərini öyrəndikcə ölkədəki ədalətsizliyin miqyasını və kəskinliyini həmişəkindən də açıq görürsən. Bilirsən ki, ölkədə hakimiyyəti və bütün resursları öz əllərində toplamış harın, heç nədən utanıb-çəkinməyən, heç bir əxlaq norması tanımayan insanlar ölkə vətəndaşları ilə rəftarıyla qaranlıq dalanda öz qurbanının böyrünə bıçaq sancıb qarət edən quldurdan heç də üstün deyillər…
Mirzə ƏLİL
06. 12. 2020, Samara
Для отправки комментария необходимо войти на сайт.