Tag Archives: Samit Gülağa oğlu İmanov

SƏİDİN, SAMİTİN XATİRƏSİNƏ

Стандартный

SƏİD SAMİT

Bu şəkildəkilər Neftçalanın 1 saylı orta məktəbinin şagirdləridirlər. Ayaq üstə duranlardan sağdan birinci oğlan (bığlı) Səid Alim oğlu Həsrətovdur. Neftçala şəhərində doğulub. Anası Xatirə mənim mərhum Sübü bacımın qızıdır. Səid 2000-ci ilin dekabrın sonlarında, ordudan tərxis olunmağına az qalmış 11 yoldaşıyla birgə qar uçqunu altında qalıb. Əsgərlərin meyitləri 17 gündən sonra, yanvar ayında tapılıb.

Səidin yanındakı oğlan Neftçala yaxınlığındakı Həsənabad qəsəbəsindəndir. Dördgünlük müharibə zamanı bu oğlan mayor İmanov Samit Gülağa oğlu kimi tanındı.

Səid və onunla birlikdə həyatlarını müsibətlə itirmiş başqa 11 əsgər haqqında İnternetdə məlumat axtardım, bir sətir də tapmadım. Elə bil bu uşaqlar dünyaya gəlməyiblər…

Bəlkə də çox çəkməyəcək, mayor Samit İmanovun da adını heç kim xatırlamayacaq. Bu uşaqların ölümü analarından başqa kimi yandırır ki…

Bakıda rahat mənzillərdə, restoranlarda, hamamlarda və başqa kefxanalarda oturub “Qarabağ bizimdir!” deyən, öz uşaqlarını qoltuqlarının altında gizlədən insanları əsgər ölümləri hardan yandıracaq?

X.X.

02.05. 2016 Samara

 

SƏİDİN XATİRƏSİNƏ

Sən qar altdan tapılınca,

Anan Xatirənin saçı

O qardan da ağ oldu.

Əsgər idiz, yaraqlıydız,

Ancaq hələ uşağıydız,

Bu dağ özgə dağ oldu.

 

Nə güllədən, nə mərmidən,

Öldünüz siz. Uçdu birdən

Üstünüzə qar dağı.

On iki sərv ağacıydız

Qar altında. Hansı yazda

Qüdrət var oyatmağa?

 

On iki gənc sinəsində

Od alışdı, şölələndi,

Dağın buzu yanmadı.

Siz on iki nəfərdiniz –

Bəs hardaydı rəhbəriniz,

Bəs hardaydı tanrınız?

 

Siz ən adi gənc idiniz

Vətən adlı faciənin

İndi qəhrəmanısız.

Hərçənd cəbhə bölgəsiydi,

Siz güllədən ölmədiniz

Yox təltif fərmanınız.

 

Soyuq olur yurdun üzü

Bəzən. Qarda uyudunuz.

Bu-gün sabah yaz idi…

Ata-ana yaddaşına,

Bir də pulsuz baş daşına,

Adlarınız yazıldı…

 

                                               11- 04 aprel 2007 Samara

MAYOR SAMİT İMANOV NEFTÇALADA DƏFN OLUNUB

Стандартный

http://musavat.com/mobile/olke/shehid-mayor-neftchalada-boyuk-izdihamla-son-menzile-yola-salindi-fotolar_338696.html

Qarabağın erməni işğalçılarından azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda Milli Ordunun qəhrəmancasına həlak olmuş mayoru İmanov Samit Gülağa oğlu indiki saatlarda Neftçaladakı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Virtualaz.org-un bölgə müxbiri xəbər verir ki, böyük izdihamla müşayət olunan dəfn mərasimində Müdafiə Nazirliyinin əsgər və zabitləri, rəsmi dövlət qurumlarının təmsilçiləri və minlərlə Neftçala və ətraf rayonların sakinləri iştirak edib.
Mayor Samit İmanov 1981-ci ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub. Bakı Ali Ümumqoşun Komandirləri məktəbini bitirmişdi. 4 yaşlı və 2 aylıq iki uşaq atası idi.