Tag Archives: Samara

Anna AXMATOVA REKVİYEM

Стандартный

                                                                       ANNA AXMATOVA

REKVİYEM

1935-1940

 

Nə özgə göylərə sığındım mən,

Nə mənə qalxan oldu yad qanadı.

Xalqım hardaydısa bədbəxtlikdən,

Mən də xalqımla o vaxt ordaydım.

 

1961

 

 

ÖN SÖZ ƏVƏZİ

 

Dəhşətli yejovçuluq illərində mən on yeddi ay Leninqradda məhbəs növbələrində keçirdim. Necə oldusa, bir dəfə kimsə məni tanıdı. Onda arxamda dayanmış və, əlbəttə, adımı heç vaxt eşitməmiş hamıməza xas matlıqdan ayıldı və qulağıma əyilib soruşdu (o vaxt hamı pıçıltı ilə danışırdı):

—         Siz bunu təsvir edə bilərsinizmi?

Və mən dedim:

Edərəm.

Onda təbəssümə bənzər bir şey nə vaxtsa üz olmuş yerdə görünüb yox oldu.

 

1 aprel 1957-ci il. Leninqrad

 

İTHAF

 

Dağa desən bu dərdi, dağ əriyər,

Çaya desən, susub durar axarı.

Qapısı zindanınsa bərk, namərd,

Qapı dalında neçə can çürüyər.

Və dəli qüssədən ürək yaxılır,

Sığal çəkir sərin külək kiməsə,

Kiminsə qəlbini qürub oxşar –

Bilmirik biz, həminik hər yerdə,

Mənfur açar səsi gəlir təkcə,

Bir də ağır hərbi addımlar.

Qalxaraq sanki sübh ibadətinə,

Üz tuturduq üzü dönmüş şəhərə.

Ora çatırdıq üzülmüş, təşnə.

Günəş yaxın, Neva dumanda yenə,

Uzaqdasa ümid dinirdi hələ.

Oxunur hökm. Göz yaşı leysan,

Düşübdür ayrı hamıdan o daha.

Ürəyi zorla qoparıb candan,

Yerə çırpırlar onu sanki bu an.

Fəqət gedir… Büdrəyir… Tənha.

Hanı, hanı iki qəddar ilimin,

Hanı təsadüfi rəfiqələri?

Aylı axşamları quduz Sibirin,

Xəyallarında onların nə dinir? –

Ora vida salamı göndərirəm.

 

Mart 1940

 

              GİRİŞ

 

O vaxtlar idi ki, bu, yalnız ölü,

Gülümsünürdü, dincliyə sevinib.

Leninqrad durub yanında əli –

Sanki məhbəslərinə pərsəngdi.

Və əzabdan dəli-divanə olan

Məhbus alayları gedən dəmdə,

Qısaca ayrılıq təranələri,

Parovoz fitlərində səsləndi.

Ölüm ulduzları səmada yanır,

Qovrulurdu zavallı Rusiyamız,

Təpiyi altda qanlı çəkmələrin,

Təkəri altda həm “marusya”ların.

 

                İ

 

Səni apardılar şəfəq vaxtı,

Tabut ardınca gedirdim elə bil.

Dar otaqda uşaqlar ağlardı,

Axdı surət önündə şam əridi.

Düzüb ölüm təri alnında çələng,

Dodaqların soyuq… Zavallı balam!

Gedərəm strelets arvadları tək,

Düz Kremlin önündə qıy vuraram.

 

1935. Payız. Moskva

 

               İİ

 

Sakit Don sakitcə axır,

Sarı ay girir otağa.

Girir papağı köndələn,

Gözünə görünür kölgə.

Bu qadının canı xəstə,

Bu qadına dəyməz kimsə.

Oğul dustaq, ərsə ölüb,

Dua edin məndən ötrü.

 

               İİİ

 

Yox, bu işgəncə çəkən mən deyiləm, başqasıdır,

Tablamazdım belə mən. Hər nə də baş vermişsə,

Qara mahudla tamam örtülsün,

Və fənərlər alıb-aparsınlar.

Gecə.

 

              İV

 

Bir biəydin sən, hər işində oyun,

Əziz, istəkli bütün dostlarına,

Sən günahkarı Tsarskoye Selonun,

Səni gözlər nə qara fırtınalar –

Bir üçyüzüncü tək əlində yemək,

Umacaqsan görüş Krestıda sən,

Axıdarsan yaşını daşdan bərk,
Yeni il buzlarının üstünə sən.

Necə məhbəs qovağı titrər və

Səs-səmir gəlməz – ancaq orda isə,

Neçə günahsız ömrə son verilər.

 

1938

 

                     V

 

Bir il beş aydır ki, hayqıraraq,

Səni daim evə mən səsləyirəm.

Düşmüşəm cəlladın ayaqlarına,

Sən oğulsan mənə, dəhşətsən həm.

İndi hər şey həmişəlik qarışıb,

Daha baş açmıram mən, anlamıram,

İndi kim insandır, kim vəhşi,

Və gəlib tezmi yetişər edam.

Və təmtəraqlı çiçəklər yalnız,

Və buxurdan səsi, qəribə bir iz

Harasa, heçliyə gedir birbaş.

Və zilləyib gözünü gözlərimə,

Və yaxın məhvimi heç gizləməyir,

Yekə ulduz oyadır canda təlaş.

 

1939

 

          Vİ

 

Quş tək həftələr köç elər,

Nə olubdur – anlamıram.

Oğlum, sənin kamerana,

Boylanardı ay gecələr.

Odlu qırğı gözləriylə,

Onlar yenə baxır indi,

Məşəqqətli taleyindən,

Və ölümdən söyləyirlər.

 

1939. Yaz

 

                Vİİ

 

           HÖKM

 

Və düşdü dağdan ağır söz bu odu

Hələ ki sönməmiş sinəm üstə.

Eybi yox, mən ki buna hazırdım,

Birtəhər mən dözərəm, əlbəttə.

Bu gün mənim içşim başımdan aşır:

Öldürəm indi gərək yaddaşı mən
Gərək indən belə qəlbim daş ola,

Həyatı öyrənəm gərək təzədən.

Olmasa… Qaynayır yay – elə bil

Önündə pəncərəmin bayramdır.

Mən bu parlaq günü, boşalmış evi,

Elə fəhmimlə nə vaxtdan duydum.

1939. Yay. Fontannı Dom

 

                               VIII

 

                           ÖLÜMƏ

 

Sən axır gəlməlisən, indi niyə gəlməyəsən,

Yolunu gözləyirəm, gəl, halım yamandır, gəl.

Bax, keçirdim işığı, bax qapım açıq üzünə,

Gəl sən ey sadələrin sadəsi, gəlişi gözəl.

Gir istəyirsən hansı cildə, hansı görkəmə sən,

Ya bir zəhərli güllə tək atıl, səpil canıma.

Çəki daşıyla qəfil çıx qoca quldur kimi sən,

Yoluxdurub tatalaqla ya da çürüt qanımı,

Ya özün qoşduğun nağıl kimi yayıl otağa,

Bir nağıl ki, daha tökmüş hamının zəhləsini.

Görə bilim mən onda üstünü mavi papağın,

Evlər idarəsinin səksəkəli rəisinin.

Daha nə olsa qoy olsun. Axıb gedir Yenisey,

Burularaq süzür ağ nurunu qütb ulduzu da.

Və pərdələr qara dumanla göy parıltısını,

Eşqlə, atəşlə dolu gözlərin sonuncu bəla.

 

19 avqust 1939. Fontannı Dom

 

İX

 

Ruhu örtdü yarıyacan,

Qanadı divanələyin.

İçirdir odlu şərabdan,

Çəkir qara düzə məni.

 

Və anladım ki, ona mən,

Qələbəni verəm gərək.

Özüm idim sərsəmləyən —

Dinlədim özgəninki tək.

 

Və qoymaz o aparmağa,

Heçliyi özümlə məni.

(İndi necə yalvarmayım,

Bezənəcən, dönə-dönə):

 

Nə oğlumun gözlərini –

Daşlaşmış məşəqqətini,

Nə fırtına qopan günü,

Nə də görüş saatını.

 

Nə əllərin sərinini,

Nə o cökə kölgəsini,

Nə təsəlli sözlərinin,

Uzaq və xəfif səsini.

 

 4 may 1940

 

 

 

X

 

ÇARMIXLAMA

“Məni tabutda görübən mənə hönkürmə, Ana!”

 

1

Mələk xoruyla mədh olundu bu an,

Əriyib getdi od içində səma.

“Niyə atdın məni? – sordu Atadan,
Anaya söylədi: “Ah, hönkürmə…”

 

2

 

Hönkürür Maqdalina, dincəlmir,

Daşa dönmüş sevimli şagirdsə.

Ana dinməzcə bükülmüş küncə —

Baxa bilmirdi ona bir kimsə.

 

              EPİLOQ

 

İndi bildim necə üzlər çəkilir,

Boylanır qorxu necə gözlərdən.

Necə üzlərdə rəsmlər çəkilir,

İztirablarla düşən izlərdən.

Necə bir anda saçların qarası,

Ya da kül rənglisi dönür gümüşə.

Müti təbəssüm açmadan saralır,

Titrədir qorxu həvəssiz gülüşü.

Tək ölümçün deyil mənim bu duam,

Mənimlə bir duranları anıram.

Həm quduz şaxtalarda, bürküdə həm,

Önündə köhnə, qırmızı divarın.

 

2

 

Yenə yaxınlaşır anım saatı,

Sizsiniz indi varlığımda bütün.

Bax, həm o pəncərəyə güclə çatan,

Həm o ki, çəkmiş ayaq torpaqdan.

Həm o ki yelləyib gözəl başını,

Dedi: “Ev tək bura mən öyrəşirəm”.

Hamını adbaad sayırdım mən,

Siyahı çıxdı, neyləyim, əldən.

Nə sadə söz danışdılar – yığdım,

Onlara bir geniş örpək toxudum.

Anıram onları hər yerdə, hər an,

Nə təzə dərdə də düşsəm anaram.

Bu bəlalı dilimlə xalq dinər,

Yüz milyonluq. Və susdurulsam əgər,

Anılım, onların yadında dinim,

Ərəfəsində qoy dəfn günümün.

Mənə bu ölkədə nə vaxtsa əgər,

Birdən heykəl qoymaq istəsələr,

Razıyam mən belə bir təntənəyə,

Bircə şərtlə — qoyulmaya o gərək,

Nə dəniz sahilində — yurdumda,

Çıxmış artıq dəniz tamam yaddan.

Nə çar bağında – orda bir kölgə,

Məni gəzər və ovunmaz hələ də.

Elə bir yerdə ki, üç yüz saatın,

Çəkmişəm gözləmək məşəqqətini.

Çünki o dünyada da istəmirəm,

Çıxa yaddan səsi “marusya”ların.

Çıxa yaddan səsi mənfur qapının,

Çıxa o vəhşi qıyyası qarının.

Tunc donuq gözləri qoy isladaraq,

Əriyib göz yaşı tək axsın qar.

Dinə məhbəs quşu uzaqlaeda,

Axa sakitcə gəmilər Nevada.

 

1940, mart

Fontannı Dom

 

 

Poema 1989 – cu ildə Samarada, qismən Ərəbqardaşbəylidə tərcümə olunub. X.X.

 

 

 

 

 

Реклама

VƏTƏNDƏ YÜK OLURUQ, VƏTƏNƏ YÜK KİMİ QAYIDIRIQ…

Стандартный

    

 

TƏSƏVVÜR VƏ TƏƏSSÜR

“Düzü, birinci dəfəydi ki, morqda olurdum. İndiyəcən kinolarda gördüyüm idi – elə bilirdim elə buranın morqlarında da meyitlər buzxanalrda, ya da heç olmasa ayrı-ayrı masalarım üstündə saxlanırlar. Girib dəhşətə gəldim: meyitlər dar bir yerdə vasaların üstündə üst-üstə yığılmışdılar. Özünkünü tapmaq istəyən gərək o birilərini çəçib qaldıra…”

Elxan Guliyev bunu az qala pıçıltıyla deyir, astadan danışmağı mövzunun hüznlü olmağından deyil. Bəlkə də müəllim oğlu olduğuna görə qardaşı Rövşən kimi, Elxan da səsini heç vaxt qaldırmır, emosiyalarını rənglərinin dəyişməyi, gözlərinin oynamagı göstərir. Mingəçevirdən sovet dövründə gəliblər, hər ikisi ali məktəb qurtarıb. Mühəndis işləyən vaxtları da olub. İndi tikintiylə məşğuldurlar, yəni çörək qazanırlar – hər ikisinin dörd baş ailəsi var, Elxanın ilki Leyla tibb universitetinin pullu bölməsində oxuyur. Mərhumu heç biri tanımır, Soltanov Anarin ölməyini tanıdıqları başqa bir mingəçevirlidən eşidiblər. Eşidən kimi də “Samara vilayəti azərbaycanlılarının Liqası”na xəbər veriblər, sədr Ş.Kərimov Liqa fəallarını səfərbər edib. Az vaxtda yığılan pul nəinki morqun xərclərini ödəməyə çatır, Liqanın xahişiylə Samara-Bakı avtobusu vaxtından iki gün qabaq yola düşür, bunun üçün çatışmayan sərnişinlərin də yol xərci ödənilir, qalan pul – iyirmi min rus rublu -Mingəçevirə, Anarın valideynlərinə göndərilir. Demək lazımdır ki, bütün bu zəhmət və xərci çəkənlərin arasında Anarı şəxsən tanıyanlar demək olar ki, yox idi…

Fevralın on yeddisində Samara-Bakı avtobusu sərnişinlər minməmiş on beş-iyirmi dəqiqəliyə avtovoğzalın xəlvət yerinə çəkilr… İyirmi dərəcəlik şaxtalardan gövdəsində qat salmış buzu ən geci bir gündən sonra tamam əridib axıdacaq Cənuba doğru baş götürüb gedən avtobusun yük yerində iyirmi səkkiz yaşı elə bu gnlərdə tamam olmuş mingəçerli balasının getdiyini səırnişinlərdən heç kim bilməyəcək…

AZƏRBAYCAN ƏSKƏRİ, BOŞ QALIBDI SƏNGƏRİ

Kitabxanada işlədiyim vaxtlar nahara yaxındakı pəhriz yeməkxanasına gedirdim. Tez-tez yaşı səksən həddində olan polkovniklə bir masa arxasında olurdum. Kişi bütün müharibəni keçmişdi, çaylar aşmışdı, zirvələr almışdı. Bir neçə dəfə söhbət anında ağladı – qızından danışanda. “Gərək mən öləydim, o yox. Mənim vaxtımdı,”- deyirdi. Qızı mühəndismiş, sovet təsrrüfatı dağılanda ailəni saxlamaqçın çadır satıcısı olur. Doxsanıncı illərin əvvəllərində rus şəhərlərində nəinki bütün meydanları və yol qıraqlarını, hətta yolların özünü də tutmuş çadırlarda satıcı olmaq yaxın ölümü gözünün qabağına almaq demək idi. Qışı iyirmi-otuz dərəcə şaxtada, yazı və payızı az qala dizəcən suyun içində dayanan on minlərlə, yüz minlərlə adamdan çox azı nisbi iqtisadi artım və nisbi rifah dövrünə sağlam bədənlə çıxdı, polkovnikin qızı kimi çoxlarını isə çadır həyatı iki-üç ilin içində sarsıtdı…

O vaxt minlərlə çadır Samaranı, bütün başqa rus şəhərləri kimi, qaçqın və köçgün məskəninə oxşadırdı və elə əslində çadırdakılar iyirminci əsrin axırında dünyanın ən varlı ölkələrinin birində gerçəkiyə çevrilmiş aclıqdan xilas yolu axtaran qaçqınlar idi… Xeyli hissəsi piyada zonası olan Leninqradskaya küçəsini çadırlar bir göz qırpımında tutdular, elə bil kütləvi desant atımı olmuşdu… Bir on beş ildən sonra şəhər hökuməti yalnız ağır mövqe döyüşlərindən sonra küçəni qaytara bildi, indi Leninqradskayanın yarısı dünyanın ən qəribə daşlarıyla döşənmiş, fəvvarələrlə, güllüklərlə, mücərrəd bütlərlə bəzənmiş “Samara Arbatı”na çevrilmişdir. Bərpa-quruculuq işlərinin indi-indi gəlib çatdığı yerdə “Arbat”ı kəsən Molodoqvardeyskayada hələ çadırlar qalmaqdadır. Mingəçevirli Anar bir neçə il burda işləyib, ancaq çadır satıçısı yox. Onun işi səhər çadırları qurmaq, axşamlar yığmaq imiş.

“Yox, çox qazanmazdı. Məsələn, mən bu çadıra görə Anara altmış rubl verirdim. Bir gündə qurardı beş-altı çadır, bəlkə on çadır, dəqiq deyə bilmərəm… Yük də daşıyırdı…”

Namiq Alıyev qazaxlıdır, fəxrlə deyir ki, Səməd Vurğunun kəndçisidir. İki ordunun əskəri olub. Sovet ordusunda xidmətdən bir neçə il sonra milli ordura çağırılb. Öz dediyinə görə, üç il səngərdə keçirib. Müharibədən sonra qara ciyərində əməliyyat olub. Ancaq əlillik verməyiblər. İşsizlik üzündən iki mininci ildə arvadını və iki qızını götürüb gəlib Samaraya, qardaşlarının yanına. O vaxtdan burda şalvar satır. Çənəsinəcən çəkib zəncirlədiyi idman paltarında Məhəmməd Əlinin cavanlığına oxşayır, beləsi gərək yurdunda torpaq əkə, ya da sərhəddə durub yağının ürəyinə vahimə sala… “Orda işim olsaydı, niyə gəlirdim. Müharibədən qabaq çaxır zavodunda işləmişdim, indi nə üzümlük var, nə çaxır zavodu… Anar  burdan iki addım aralı olurdu, tağlı həyətdə. Mənim kəndçim var, İsa, onunla dost idilər, qalırdı elə İsanın ailəsiylə bir yerdə, kirələdikləri evdə boş otaq vardı. Bir vaxt kartof satırdılar, deyəsən sərf eləmədi. Sonra İsa tutuldu, qarət üstündə. İndi Kryajda türmədədir. Anar bir ara ağır xəstələndi. İsanın arvadı, baldızı evlərinə yazdılar, pul yığdılar, göndərdilər onu Mingəçevirə. Hardasa yanvarın əvvəlində gördük Anar yenə qayıdıb gəlib. Danışdı ki, atasını aldadıb qaçıb. Kişi onu vağzalda tutubmuş, Anar gözünü oğurlayıb gedir Sumqayıta, orda minir qatara…”

Mən Namiqlə omun çadırının qabağında danışırdım. Fevralın axırında havalar qəfil qızmışdı və indi çadırların ətrafında əriyən buzlaqların suyu çadırlarda mal gözaltı edənlərin topuğuna qalxırdı.  İki həftə əvvəl, Anarın “siqaret almağa gedirəm” deyb evdən çıxdığı vaxt şaxta iyirmi dərəcədən çox olmalıydı.

“Axşam qayıtmayıb, sabahı gün saat dördə yaxın gəlib çıxıb. Gözlərinin altında qançırlar varmış, qan qusurmuş. Deyib ki, axşam evdən çıxan kimi milislər saxlamaq istəyib, qaçanda tutub döyüblər və aparıblar şöbəyə…”

Sonra Şirvan Kərimov yüksək vəzifəli milis tanışları vasitəsiylə Samara rayonu milis şöbəsindən etibarlı məlumat alacaq: Anarın ora gətirildiyi barədə qeyd kitabında yazı yoxdur. Bəlkə qan qusduğunu görəndə buraxıblar ki,  xatası uzaq olsun? O ki qaldı yazıya, milisə gətirilənlərin qeydi bəzən ciddi yubanmalarla aparılır…

“İsa türmədə olsa da, Anar yenə o evdə qalırdı. İsanın yoldaşı həmin gün uşaqlarıyla türməyə, əriylə üç günlük görüşə güdəcəkmiş. Anar həkim çağırtdırmağa razı olmur, dava-dərman alırlar, Elnarə gedir Kryaja. Üç gündən sonra qayıdanda qapını içəridən açmırlar…”

Elnarə xanımı görə bilmədim, Namiq dedi ki, şəhərin ucqarına, bacısının yanına köçüb, deyib ki, qonşulara qapını açdırıb içəri girən kimi dəhlizdə Anarın meyidini görəndən sonra o evdə qala bilməz…

“Vaxtını necə keçirəcək, işini görən kimi qaçırdı yaxındakı Troitsk bazarına, orda meyxana var, içirdi orda… Düzdür, xəstəlik keçirəndən sonra deyirdi ki, içmir, ancaq bilirdim ki, vurur…”

 

              ÇİN MÜDRİKLİYİ

“Bilmirəm niyə dalaşıb, deyəsən kefliymiş…”

Dalaşmağı, özü də mayorla dalaşmağı kefliliklə bağlamaq Çin müdrikliyi istəmir, ancaq bərpa-yenidənqurma işlərinin sərhəddindəki taxta hasara söykənən iş stolunun arxasında dayanan soydaşımızın üzündə əsl çinli ciddiliyi var və on ildən bəri gördüyü işlə də Samarada onunla qardaşından başqa yalnız çinlilər məşğul olurlar. Yardımlı törəməsi, ali təhsilli tikinti mühəndisi Aydın açar düzəldir. Anarı uzaqdan-uzağa tanıyırmış. “Hadisə baş verəndə mən işə çıxmırdım, xəstəydim… On gün yatmışam…”

Aydının rəngi indi də kül kimidir. On ilin şaxtası, rütubəti, hisi-pası onun canındadır, ancaq tikintiyə qayıtmaq fikri yoxdur, deyir ki, nəhayət, kiçik bir dükan qoymağa icazə alıblar…

“Qanun-qaydayla yaşayan adamın burda milislə problemi yoxdur. Mən səksən beşdən burdayam, milis mənə dəyib-dolaşmır…” “Anarın milislə nə problemi vardı?” “Mən onunla maraqlanmırdım. Fırlanırdı burda. Bir dəfə mayorla dalaşmışdı…” “Əməli-başlı?” “Hə də, deyəsən vurmuşdu mayoru. Arabayla həyətdən çıxanda dəyib mayora, mayor onu məzəmmət edib, o da… Bu çoxdan olub…” “Bəs tutmadılar Anarı?” “Tutmadılar. Deyəsən pul düzəldib verdilər. Bəlkə evdən də göndərmişdilər…” “Deyirsiniz lap əməlli-başlı mayor idi? Bəlkə…” “Yox ey, mayor idi… Deyəsən yanğınsöndürmə mayoru…”

SİNİFLƏR BOŞALIR, ÖLKƏ BOŞALIR

Mingəçevirli Afiqi iki həftə gözlədim. O, Samara vilayətinin Bezençuk şəhərində məzuniyyətdə idi və gəlib çıxmaq bilmirdi.

“Şirkətimiz burdadır, ayrı-ayrı yerlərdə işləyirik, əsasən bank binalarında. Yox, mən sənədlə işləyirəm, bir illik icazə ilə, vaxt çatanda sərhəddi keçib gəlirəm, təzədən iş icazəsi alıram”

Afiq Mingəçevirdə Anarla bir məktəbdə oxuyub, bir neçə sinif  yuxarı, ancaq yaxşı tanıyırmış – Anar babat futbolçu olub.

“Ailələrini yaxından tanımıram, atası Qarabağ kanalında işləyirdi. İki bacısı var. Anar Bakıda peşə məktəbində oxumuşdu, bir il Moskvada dayısının yanında oldu, sonra gəldi Samaraya. Burda heç kimi yoxdu, elə eşitmişdi ki, burda çoxlu mingəçevirli var, ona görə. Mən ailəliyəm, işim də gərgindir, şəhərdə az oluram, ancaq hərdən gedib dəyirdim. İçməyi vardı, danlayırdım. Həmin gün getmişdim ora, məni görüb çətinliklə durdu, ancaq çox otura bilmədi. Gözünün altında qançır vardı. İndi deyirlər qabırğası da çatlayıbmış. Təklif elədim həkim çağıraq, istəmədi. Mən də tələsirdim…” “Anar cüssəli adamdı?” “Yox əşi, çəlimsizdi”. “Bəs deyirlər bir dəfə bir mayoru döyüb?” “Yox əşi, nə döymək, nəsə olmuşdu… Deyəsən ikisi də kefliymiş. Mən həmin mayoru bir dəfə gördüm, yekəpərin biriydi… Anarı axtarırdı…” “Döyməyə?” “Yox, bilmirəm niyə. Düzəlişdilər. Bəlkə də pulla… Anar xəstəlikdən, içməkdən zəifləmişdi. Boyu da metr altımış…” “Hardan belə dəqiq bilirsiniz?” “Bunu morqda dedilər…” “Sizcə, o niyə evdən qaçırdı? Burda nə ev, nə fərli bir iş…” “Bilirsiniz, onun sinif yoldaşlarının hamısı Rusiyadadır. Gəlir Mingəçevirə, bir tanış tapmır, başlayır darıxmağa. Mənim sinif yoldaşlarım da gedib. Demək olar ki, hamısı. Sibirə, bura, Komiyə…” “Komidə kömür çıxarırlar?” “Yox, alverdıdilər”. “Bəs deyirlər Mingəçevirdə çoxlu iş yerləri açılıb, elə deyil?” “Bunu bilmirəm, bildiyim odur ki, millət hamı qaçıb dağılıb…”

PATALOQOANATOMLRI YAXŞI TANIYIRIQ,

                          ÖZÜMÜZDƏ ELƏLƏRİ VAR Kİ…

 

“Kişi deyilsən? Kişisənsə, çıx bayıra, danışaq!”

Culfalı Cəməd Hüseynovun “danışmaq” istədiyi adam morqun pataloqoanatomu idi. Verdiyi kağızda yazılmışdı ki, Anar ikitərəfli sətəlcəmdən ölüb. İndi pəncərə dalında durub mərhumun kimini qəzəb, kimini məyusluq, kimini acizlik hissi sarmış soydaşlarına baxırdı. Elxan Quliyev sonra danışırdı ki, içəridə uşaqların bir neçəsi yumşaqlıqla təkid edəndə pataloqoanatom Anarın bədənində əzintilərin olduğunu etiraf edib…

Meyiti götürüb şəhərin küçələrinə çıxarmaq təklifi dəstəklənmədi. Tərəvəz bazasının mollalıqla məşğul olan bir fəhləsi yasin oxudu. Ya axır vaxtlar qarın yırtığına uğradığına görə, ya ruhani peşəsinə təzə başladığına görə, fəhlə mollanın tələffüzündə elə zarıltılı uzunluq vardı ki, deyirdin daha bu gün morqun həyətindən çıxmayacaqsan…

P.S. İnternetdə Mingəçevirə aid şəkillər axtardım, nə qədər  “quql”ladımsa, fərli bir şey çıxmadı – indi dayanmış zavod sexləri və s. Qatar şəkli mənə maraqıı gəldi – Mingəçevir-Bakı elektrik qatarı. Yaxşı çəkilib, elə bil qatar şahə qalxıb. Bəlkə elə bu qatarla Mingəçevir cavanlarının çoxu doğma şəhərdən gedirlər. Hərə bir arzuyla, bir niyyətlə. Günlərin bir günü reys avtobusunun yük yerində qayıda biləcəyini, əlbəttə ki, onlardan heç biri düşünmür…

fevral-mart 2008, Samara