Tag Archives: Salyan Ərəbqardaşbəyli

ŞƏHİDLƏRİMİZ: SALYANLI KAPİTAN RƏŞAD ƏLİYEV

Стандартный
ŞƏHİDLƏRİMİZ: SALYANLI KAPİTAN RƏŞAD ƏLİYEV

Rəşad Əliyev

Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı Əliyev Rəşad Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə snayper atəşi nəticəsində şəhid olub.
Salyan rayon Ərəbqardaşbəyli kəndində doğulub.
İki övladı qalıb.

Allah rəhmət eləsin!

Mənbə: https://www.facebook.com/yadadusherxatireler/photos/a.796853257349688/1239448999756776/?type=3&theater&ifg=1

FƏRQANƏ MEHDİYEVANIN XATİRƏSİNƏ

Стандартный

1

İnternetdə Fərqanə Mehdiyevanın ölüm xəbərini oxuyub çox məyus oldum. Mən onu tanıyırdım. Ancaq İnternetdə gördüyüm şəkillərin heç birində mənim tanıdığım Fərqanə arasında oxşarlıq yoxdur. Saçı rənglənmiş, qatı makiyajlı qadın üzünün bircə cizgisiylə belə keçən əsrin 70-ci illərində mənim te-tez gördüyüm 0n iki-on üçü yaşlı qapqara saçlı, qarabuğdayı qızı xatırlatmır…

Fərqanədən əvvəl mən onun böyük qardaşı mərhum Zabil müəlllimi tanımışam, iki il bir məktəbdə işləmişik. Zabil Mehdiyev Salyanda rus məktəbini, sonra Azərbaycan universitetinin fizika fakultəsini bitirmişdi. Diplomunu Moskvada kristalloqrafiyadan yazmışdı. Yəni parlaq zəkalı bu insan elmi iş üçün yaranışdı, ancaq Bakıda aspiranturaya girə bilmədiyindən ömrüün sonuna qədər Salyanın kənd və şəhər orta məktəblərində müəllim işlədi. Deməliyəm ki, məni universitetə qəbul imtahanlarından birinə, ingilis dilindən imtahana, Zabil müəllim hazırlamışdı, çünki mən orta məktəbdə xarici dil keçməmişdim. Zabil müəllim o vaxt ingilis dilindən namizədlik minimumu da vermişdi…

Fərqanə ilə tanışlıq Zabil müəllimlə birbaşa bağlı deyil. Kənddə yaxın qonşumuz olan mərhum Xalıq kişi Zabil müəllimin atası Hamil Mehdiyevlə ilə bir yerdə işləyirdi, səhv etmirtəmsə, qazmada. Xalıq kişinin uşaqları mənim şagirdim olublar. Bir dəfə onlardan biri, bəlkə də Rəqibə, mənə bir agird dəftəri verib dedi ki, bu, Habil dayının qızı Fərqanənin şeirləridir, kahiş edir ki, oxuyub fikrimi yazım…

Mən o vaxtlar Salyanda “Kürün töhfəsi” ədəbi birliyinə gedirdim.Ora müxtəlif yaşda və ən müxtəlif adamlar gəlirdilər. Aralarında bir-iki kitab müəllifləri də vardı. Ancaq təkcə iki nəfər haqqında deyə bilərdim ki, onların poetik istedadı vardı: gənc ədəbiyyat müəllimi, bir az həlləm-qəlləm Zabil Pərviz və 12 ya 13 yaşlı Fərqanə Mehdiyeva…

O vaxtdan fər dəfə Fərqanə Mehdiyeva mənə şeirlərini mənə göndərəndə ya sonralar hərdən özü gətirəndə yazılarını bacardığım qədər ciddi təhlil etməyə çalışırdım. Həm də sərt…

Bir müddətdən sonra Fərqanə özü Salyandakı ədəbi birliyə gəldi. Onu son dəfə 1982-ci ilin yayında Salyanda elə ədəbi birliyin yığıncağında görmüşəm. Mən o vaxt aspirant idim, tətilə gəlmişdim. Fərqanə orta məktəbi bitirmişdi. Filoloq olmaq istədiyini dedi. Cəfər Mehdi (Əlisəmid Kürün atası) birdən cin vurmuş kimi yerindən tullandı ki, sən hara, filologiya hara… Mən də yerimdn qalxdm, az qaldıq əlbəyaxa olaq. Davanı yatırtdlar…

Bir də Fərqanəni görmədim…

Kəndlərimizin adı eynidir, aramızdan Kür axır. Bir dəfə onlara getmişəm. 90-cı illərin axırında ya da sıfırıncı illərin əvvəllərində məzuniyyətdə olanda eşitdim ki, Zabil müəllm ruhi xəstəliyə tutulub, işləmir. Gedib evlərini tapdım. Zabil müəllimi həyətdə gördüm. Evin dalında oturduq. Məndən Rusiya haqqında soruşdu. Rusdilli olsa da, azərbaycanca çox səliqəli danışırdı, nitqi zəngin idi. Birbaşa soruşmağa utanırdım ki, xəstəliyi nədir. Özü dedi ki, onu vaxtaşırı qorxu bürüyür. “İndi bir riyaziyyat ya fizika məsələsi verilsə, həll edərsən” – mən soruşdum. “Xeyrulla müəllim, zehnim yerindədir”, — Zabil müəllim gülümsəyərək dedi.

Bu vaxt Habil kişi hardansa çıxıb şığıdı Zabil müəllimin üstünə: “Qoyunlar qabaqda dırmaşıb çəpərə, gözün hara baxır!”

Mən tələsik vidalaşdım. Zabil müıllim bir anda elə bil kiçildi, balacalandı, öz içinə yığıldı və tələsik atası göstərən tərəfə qaçdı…

Bu görüşümüz hər dəfə yadıma düşəndə ağlayıram…

Sonralar eşitdim ki, Zabil müəllimin halı yaxşılaşıb, qayıdıb müəllimliyə. Ancaq çox yaşamadı. Ona kilolarla yedirdilən psixotrop dərmanlar içərisini üzmüşdü…

Düzünü desəm, bu illər ərzində Fərqanəni heç xatırlamamışam. Azərbaycanın indiki ədəbiyyatını  izləmirəm – yəni ki, bilirəm Anar yerindədir, arxayınam…

Nə ədəbiyyat?

İki il əvvəl öyrəndim ki, Fərqanə Azərbaycanda böyük şair kimi tanınır, “Ulduz” jurnalında poeziya şöbəsinin müdiridir.

Mən “Ulduz” jurnalında bir poeziya şöbəsi müdiri görmüşəm: Vaqif Cəbrayılzadə (sonralar Bayatlı). Gənc müəllif qapıdan girən kimi Vaqif  qoyun iti kimi atılırdı gənc şairin üstünə:

— Yevtuşenkonu oxumusan?

— Yox…

— Voznesenskini oxumusan?

— Yox…

— Onda itil get burdan…

Mən bilmirəm Fərqanə Mehdiya necə müdirlik eləyirmiş. Bir neçə müsahibəsini oxudum, səmimi danışır, ancaq təəssüf ki, akademik təhsilinin olmadığı bilinir, elə mədəni-maarif texnikumu səviyyəsindədir…

Şeirlərində yaxşı misralar var. Ancaq bütövlükdə şeirlər arxaikdir – qoşmalar, gəraylılar – lər, lər, lar, lar…

Azərbaycanda ədəbiyyat necə arxaik olmaya bilər: Anar ölüb bəyəm ki, nə isə dəyişə?..

Bilmirəm, ötən qırx ildə Fərqanə məni yadına salıb ya yox. Bəlkə də məni ölmüş bilib…Mən isə sağam, hərçənd ruslar zarafatla deyirlər ki, “tak dolqo ne jivut…”

Şeirlərinə baxıram, görürəm ki, bu illər ərzində mənim yerim boş olub. Gərək o şeirləri əvvəlcə mən oxuyaydım.

“Qaçanda ağlayan uşaq səsinə,
Əlindən birbəbir düşüb kündələr”.

Belə çıxır ki, uşaq səsi gələndə ananın əlində bir meçə kündə varmış? Yəni jonqlyor kimi atıb-tuturmuş?

“Ələ düşməyəndə kibrit əvəzi
Anamın içindən alışıb təndir”.

Yəni belə şey olur? Kürün sol sahilində olmazdı. Sağ tayında bəlkə olurmuş…

Ətrafda hamı cəfəngiyyat yazırsa, və öz cəfəngiyyatını təriflətdirmək üçün başqalarının cəfəngiyyatını tərifləyirsə, nə səviyyə?

Müəllif də ola müdir…

Ədəbi mühit – mənəvi mühitdir. Azərbaycanda mənəviyyatı axtaranda gərək qıçını çırmalyıb bataqlığa girəsən…

Sağlığına deyirəm…

On iki yaşlı qapqara saçlı, qarabuğdayı, utancaq qızın öldüyünə inana bilmirəm. İstedadlı uşaq idi…

Allah rəhmət eləsin.

Salyanın ən zəkalı insanlarından olan Zabil müəllimə də Allah rəhmət eləsin.

Xeyrulla XƏYAL

03.05. 2020, Samara