Tag Archives: Sən Gəlməz oldun

28 APREL — ƏLƏLBƏR TAĞIYEVİN DOĞUM GÜNÜ

Стандартный

ƏLƏKBƏR TAĞIYEV

Ələkbər Tağıyev (28 aprel 1924 — 16 aprel 1981) —  Azərbaycan bəstəkarı

Gəncədə kasıb əkinçi ailəsində anadan olan Ələkbər Tağıyev ilk təhsilini də burda alıb və 1938-ci ildə Şəhər xalq məhkəməsində əmək fəaliyyətinə başlayıb. O, prokurorluq orqanlarında 1974-cü ilə qədər, yəni təxminən 36 ilə yaxın bir müddətdə çalışmışdı. Ələkbər Tağıyev mahnı yazmağa 1958-ci ildən – oğlu Xaliq Tağıyevin anadan olmasından sonra başlayıb. İlk mahnısı olan «Qonşu qız» mahnısını da Gəncədə yaşadığı illərdə yazıb. Həmin vaxtlar Ələkbər Tağıyev yazdığı mahnıları ilk olaraq, musiqiçi, eyni zamanda yaxın dostu Akif  Bakıxanova göstərir və onunla məsləhətləşirdi. «Qonşu qız» mahnısının qazandığı uğurdan ruhlanan bəstəkar qısa müddətdə «Şirin arzular», «Sən gəlməz oldun, «Dinə bilmədim», «Bakı gecələri», «Azərbaycanım mənim» kimi mahnılar bəstələyib. Ələkbər Tağıyevin mahnı yaradıcılığı konservatoriya-bəstəkarlıq məktəbi keçməmiş digər istedadlı müsiqiçilərin də həvəsini artırdı və onları yaradıcılığa ruhlandırdı.

İlk mahnılarının çoxunun ifaçısı Zeynəb Xanlarova olub və bu əməkdaşlıq 10 ilə yaxın müddətdə davam edib.

Ələkbər Tağıyev peşəkar musiqi təhsili almaq üçün 1962-ci ildə Asəf  Zeynallı adına Bakı Musiqi Məktəbinin nəzdindəki bəstəkarlıq kursuna daxil olur, 1964-cü ildə təhsilini müvəffəqiyyətlə bitirir, ardınca isə SSRİ Musiqi Fondunun üzvü seçilir.

Bəstəkarın «Sən gəlməz oldun», «Arzu qızım», «Sənə qurban», «Sədaqətim var» kimi mahnılar dəfələrlə türk, rus, erməni müğənnilərinin repertuarına daxil olub, mahnı müsabiqələrində ifa edilib, klip çəkilib, hətta müxtəlif filmlərdə də istifadə olunub.

 

Реклама