Tag Archives: Qarabağ

NAMUS ORDENİ

Стандартный

 

Hər eşidəndə ki kiməsə fəxri ad veriblər, orden ya medal veriblər,  düzü, bir az darıxıram,  Mirzə Əlil paxıl adam deyil, bunu hamı bilir, ancaq çoxdan arzum var ki, mənə də ya əməkdar artist adı, ya bir medaldan-zaddan versinlər. Mənim burda bir gürcü dostum var, mənə Şevardnadze vaxtından söz veirirdi ki, Mirzə, heç ürəyini sıxma, sənin üçün əla bir orden təşkil eləyəcəm, özü də elə-belə orden yox, namus ordeni. Bu-gün sabaha saldı, sonra Şevardnadzeni işdən qovladılar, gürcü dostum da dedi ki, Mirzə, bir az səbr elə, bu Saakaşvili təzədir, adamları yaxşı tanımır. Gərək ətraflı məlumat yığa, sonra orden verə. Ancaq ürəyini sıxma, elə bil ki, namus ordeni cibindədir, yəni yaxandadır…

Mən səbrli adamam, razıyam ki, sağlığımda olmasa da, heç olmasa, öləndən sonra təltif eləsinlər. Qəbrimin daşına yazarlar ki, bəs namus ordeniylə təltif olunub. Oxuyan da bilər ki, Mirzə Əlil namusla yaşayıb, gürcülər isə bunu təstiq ediblər. Namus məsələsini də gürcülərdən yaxşı başa düşən yaxşı millət yoxdur. Ancaq bu yaxınlarda eşidəındəı ki, cənab Saakaşvikli erməni prezidenti Sərkisyana namus ordeni verib, çaş-baş qaldım. Birincisi, özüm də arxayın deyiləm ki, indi mənə ermənidən sonra bu namus ordenini almaq yaraşar ya yaraşmaz. İkincisi, mənə aydın deyil ki, niyə Sərkisyana namus ordeni verilir. Əgər bu orden ona Qarabağı aldığına görə verilirsə, niyə Saakaşvili bizdən utanmır, axı bu adam bizim qazımızın istisinə qızınır.  Əgər Azərbaycan xalqından utanmırdısa, gərək milli öndərimizin Tiflisdə qoyulmuş heykəlindən utanaydı, bircə möhtərəm prezidentimiz bilir ki, o heykəl azərbaycanlılara neçəyə başa gəlib.

Burda bir naxçıvanlı tanışım var, deyir Mirzə, ürəyini sıxma, gürcülərinn namus ordenini ermənidən qabaq bizim prezidentimiz alıb. Bunu eşidib lap bikef oldum: məgər erməni namusuyla azərbaycanlı namusu birdir ki, bunların ikisinə də eyni orden verələr? Başınız haqqı, indi Saakaşvili mənə namus ordeni verə, mən o ordeni burdakı gürcü dostumun başına çırpmasam, heç Mirzə Əlildən binamus adam yoxdur və qoy dünyada nə qədər binamusluq adı və binamusluq ordeni varsa, məni onların hamısıyla təltif eləsinlər…

Hə bir də eşitdim ki, 2014-cü iləcən Yardımlıya qaz çəkiləcək. Yəni ki, gürcülərdən artıq qalan qaz bəlkə Yardımlıya da gedib çıxdı. Ancaq qorxuram o vaxtacan heç Yardımlıda adam qalmaya, hamısı qaçıb dağıla Rusiyaya-zada. Ay Yardımlı camaaatı, gözdə-qulaqda olun, başınız qarışar orda-burda çörək qazanmağa, bir də görərsiniz 2014-cü il gəlib çatıb. Vaxt yetişən kimi yurda heç olmasa bir adam göndərin. Gələrlər qaz çəkməyə, adam tapmazlar, qayıdıb gedərlər. Sonra da deyərsiniz ki, bəs prezident bizim qayğımıza qalmır.

Evdə olun da, a kişilər. Onda torpağımız da özümüzdə qalar, qazımız da.

Bir də, eşitdiyimə görə, prezident aparatında deyiblər ki, əgər Yardımlı camaatı 2014-cü ilə qazına yiyə durmasa, acıqca verəcəklər bu qazı ermənilərə.

Yalan deyirəmsə, yaxam namus ordeni görməsin!

Mirzə Əlil,oktyabr2008, Samara

 

 

Реклама