Rəhimov Koroğlu İsmayıl oğlu — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi,31 oktyabr 1953-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olmuşdur.
1972-ci ildə hərbi xidmətə çağırılır. 1974-cü ildə Almaniyada hərbi xidmətini başa vurur və yarımçıq qalmış təhsilini tamamlayır.
Xocalı faciəsindən sonra Koroğlu könüllü olaraq 1992-ci il 17 mart tarixdə Milli Ordu sıralarına yazıldı. 1992-ci il 30 apreldə bölüyə komandir təyin edilən Koroğlunun şərəfli döyüş yolu başladı.
13 iyun 1992-ci il Buzluq, Çartaz, Erkəç kəndlərinin azad edilməsində bu bölüyün adı dilləri gəzdi. 14 iyunda cəsur döyüşçülər Mənəşlini də yaraqlılardan təmizlədilər. 15 iyunda isə Başkənd erməni işğalçılarından təmizləndi. Bu əməliyyatlar nəticəsində Koroğlunun komandirlik etdiyi alay erməni qəsbkarlarının onlarla canlı qüvvəsini məhv etdi, xeyli silah sursat ələ keçirdilər. Bölüyün zəfər yürüşü davam edirdi. Madagiz və Gülüstan kəndləri də bir-birinin ardınca qəsbkarlardan təmizləndi. Goranboy və Ağdərədə gedən digər qanlı döyüşlərdə iştirak etmişdir. 1992-ci il iyul ayının 3-də Ağdərədə gedən qanlı döyüşlərin birində qəhrəmancasına həlak omuşdur.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli, 203 nömrəli fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, Vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti borclarının şərəflə yerinə yetirilməsində göstərdiyi misilsiz xidmətlərə görə leytenant Rəhimov Koroğlu İsmayıl oğlu ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür.
Bakının Nərimanov rayonunda küçələrdən birinə Koroğlu Rəhimovun adı verilmiş və bu küçədə onun büstü qoyulmuşdur.
Для отправки комментария необходимо войти на сайт.