Tag Archives: Nizami Osmanuşağı

FİL! DƏVƏ!…NİZAMİ OSMANUŞAĞI BÖYÜK SÖZLƏR DANIŞIR…

Стандартный

Əlibayramlı pedaqoji məktəbində oxuyanda mənə rus dilindən Ədalət müəllim dərs deyib. Biz on beş yaşındaydıq, bəlkə ona görə Ədalət müəllimə ən azı qırx yaş verirdik, sonra bildim ki, gənc imiş, heç 30 yaşı da yox imiş. Qaraqabaq, zəhmli və xeyli sinik adam idi. Qrupda əksəriyyət savadsız idi, Ədalət müəllim qızlığına, oğlanlığına baxmadan tələbəni qaldırıb ələ salmağı sevirdi…

Hərdən Ədalət müəllim lətifə də danışırdı, yəni əxlaqi nəticəsi tələbəni alçaltmağa xidmət edən lətifə. Lətifələr heç gülməli deyildi, ancaq onları çox qaraqabaq və hətta qorxulu adam danışdığından bizə gülməli gəlirdi. Lətifələrin bir neçəsi yadımdadır. Birini danışım:

Bir padşahın gicbəsər, adam biabır edən bir oğlu olur. Bir dəfə bu padşaha başqa padşah qonaq gəlir. Əvvəl gicbəsəri bir otağa salıb gizlətmək istəyirlər, yalvarıb-yaxarır, məclisdə oturmağına razılıq verirlər. Ancaq şərt qoyurlar ki, danışmasın, danışsa da, böyük sözlər danışsın. .. Məclis başlanır. Hamı yeyib-içməkdə, söhbətdə. Bir müddət ağzına su alıb oturan padşah oğlu birdən ucadan deyir: “Fil!”. Hamı, xüsusən qonaqlar, məəttəl qalır. Ziyafət davam edir. Xeyli keçəndən sonra padşah oğlu yenə ucadan deyir: “Dəvə!” Yenə hamı çaş-baş qalır…

Məclis bitəndən sonra padşah oğluna deyir ki, sən məni biabır elədin, nə fil, nə dəvə… Oğlu deyir ki, ata, axı sən özün tapşırmışdın ki, böyük sözlər danışım…

İnternetdə sosial şəbəkələrdəki azərbaycanlı akkauntlarını görəndə bu lətifə yadıma düşür. Mənim həmvətənlərim ucdantutma mütəfəkkir olublar, Platon, Sokrat, Kant yalandır. Hamısı böyük sözlər danışır.

2007-ci ildə Şirvan Kərimovun səyi və şəxsi vəsaiti ilə əfsanəv salyanlı həkim doktor Şarovanın qəbrini tapdıq və üstünü düzəltdik. Sadə açılış mərasimi də keçirdik. Salyanlılardan cəmi iki nəfər gəldi: mənim keçmiş müəllim yoldaşım Məmmədağa Əhədli və tanımadığım təcili yardım həkimi Nizami Osmanov. Bildim ki, Məmmədağa müəllim dəvət edib, tanışdırlar.

Mən doktor Nizamini həmişə minnətdarlıqla xatırlayırdım, sonra FB-da mənə dostluq da göndərdi. Tezliklə başa düşdüm ki, Nizami həkim ixtisasını dəyişib, indi ancaq böyük sözlər danışıb İnternetdə yerləşdirməklə məşğuldur. Özü də bu böyük sözləri böyük səhvlərlə yazır. Bir dəfə şəxsi poçtuna yazdım ki, postundakı kobud bir səhvi düzəltsin. Mənə yazdı ki, sən özün məndən çox səhv edirsən…

O vaxtlardan Nizami həkimi (Nizami Osmanuşağı) izləmədim. Bir neçə il keçib. İndi səhifəsinə baxıram, görürəm böyük sözlərini doxdur indi qırmızı xalça üstünə toxuyur, xalçanın üstündə səkkiz qırmızı ürək var, bir-birinə bağlanmış bu ürəkləri iki əl tutub… Üstdə də Nizami doxdurun böyük sözləri.

Deputat deyirdi, koronovirus dövlətimiz qarşısında çarəsiz qalıb.
İndi deyəsən tərsinədi. ..”

Bu, əlbəttə, böyük sözdür, belə böyük sözləri başından çıxarmaq üçün gərək aşağı hissənlə gücənəsən, belə gücənmələr bəzən qrıjaya da səbəb olur, ancaq Nizami doxdura nə qrıja? Özü-özünü söküb tikəcək…

Bu böyük sözlərin altında 55(!) layk var. Salyanın bütün liberalları, müxalifətçiləri, demokratları öz vəcdlərini və heyranlıqlarını bu həngamə fikrin altında ifadə ediblər. Onların arasında “Fəxrəddin Dolk” adlı bir nəfər də var. Yəqin xaricidir. Nizami doxdurun böyük sözlərinin şöhrəti gec-tez Azərbaycan sərhəddini adlamalıydı…

Nizami doxdurun qızıl xalçaya toxuduğu böyük sözlər bəzən ikimənalı olur, başa düşmək üçün gərək oxucu da qurşaqdan aşağını gərginləşdirib gücənə. Qrıja alsa, zərər yoxdur, gedər Nizami doxdurun qəbuluna…

Başqa bir salyanlı mütəfəkkir Valeh Hümmətoğlu da böyük sözlər hasil edir, bəsilərini elə ağ müstəviyə sərgiləyir, bəzən Nizami doxdur kimi qızıl xalçaya toxuyur.

Seçkini saxtalaşdıran xalqın çörəyi daşdan çıxar, başı qapaz altı olar, özünüdə adam yerinə qoymazlar”.

Mütəfəkkir Hümmətoğlunun orfoqrafiyasını saxlamışam, belə böyük yazıya barmaq eləyənin əli quruyar!

Ancaq yaxşı başa düşmədim. Son vaxtlar başımım işində qüsurlar yaranır. Salyana yolum düşmür ki, başımı göstərəm. Bilmirəm Nizami doxdur başa baxır ya yox…

Valeh Hümmətoğlunun şəkilləri Tretyakov qalereyasından maraqlıdır. “İvan Qroznu oğlunu öldürür” əsəri də bu şəkillərin yanında sıfırdır. Hümmətoğlu şəkil çəkdirəndə yumruğunu çənəsinin altına qoyur ya da əlini qaşının ucuna. Elə bilirsən ki, oturub Zurab Tseretelini gözləyir ki, gəlsin bunun heykəlini yapsın…

Hümmətoğlu korrupsiyanın və korrupsiionerlərin düşmənidir. Çünki korupsiyanın nə olduğunu yaxşı bilir. Çünki mərhum atası, avtovağzal rəisi  Hümmət Əliyev Salyanın ən nümunəvi korrupsionerlərindən biri olub, Salyan avtovağzalı yaranandan yeyib…

Məmmədağa Əhədli şahiddir, bir dəfə üç müəllim oturmuşduq avtovağzalın qabağındakı skamyada, danışırdıq. Hümmət rəis bizə uzaqdan baxdı, oturuşumuz xoşuna gəlmədi, yaxınlaşıb bizi zorla durğuzdu: “Gedin, qardaşlar, burda oturmayın…”

Yuxarıdakı böyük sözlərə görə Valeh Hümmətoğlu 25 layk alıb…

Təsəvvür edin ki, ağıllarını qismən itirmiş, marazma yuvarlanmış adamlar Salyanda gəlirlər hakimiyyətə. Təsəvvür etdiniz?

Və bilirsiniz bu layklar necə alınır? Nizami doxdur 55 layk almaq üçün 155 layk qoyur. İşinin adı nədir? Mübarizə aparmağa qeyrəti yox, Kantı ya Veberi oxumağa qeyrəti yox. Səhərdən axşamacan neyləyəcək. Üstəlik axşamdan səhərə qədər də vaxt var – həmişə yatmaq olmur ki…

Təxminən on ya on beş il bundan qabaq yayda kənddəydim. Məni Salyana çağırdılar. Birinin həyətində bir az oturduq, evdə ailə gərginliyi olduğundan çıxdıq şəhərə. Daha iki nəfərə də rast gəldik. Mənim yeməyimin vaxtı çatırdı – bu vaxtlar məməm dəqiqəsiylə mənim yeməyimi verirdi. Burda qalmışdım ac. Daha pis o idi ki, istidən yanırdım, başdan ayağa tər idim, ayaqqabıarımı çıxarıb ayaqlarımı sərin suya salmaq istəyirdim. Ancaq harda? Ətrafımda naqqallıq edənlərin heç biri demirdi ki, gədək evə, bir stəkan çay içək. Acıqla onlardan rədd olub qayıtdım kəndə…

İndi bir dostu evə çağırıb bir stəkan çay içirməyə qüdrəti çatmayan insanlar İnternetdə hamam suyu ilə dost tuturlar, layk qoyub layk qoydururlar, özlərini bəşər dahisi sayırlar, öz şəkillərinə vurulurlar…

Bunlar demokrat deyillər, bunlar liberal deyillər, bunlar mütərəqqi adam deyillər. Hanı bunların arvadları? Onlar da yazırlarımı? Danışırlarmı? Layk qoyurlarımı? Layk qoydururlarmı? Ya bu kişilər ünsuiyyətə yalnız özgə arvadlarını layiq və münasib bilirlər?

Bunlardan beş nəfərinin küçəyə çıxıb piket keçirməyə qüdrəti yoxdur. Gələn icra başçısı şəhəri sökür, özü bildiyi kimi tikir, yeyir, dağıdır, bunlar da aynabənddən, pərdə arasından baxıb donquldanır, kompüter dalına keçib böyük sözlr yazmağa gücənirlər…

Salyan, vaxtilə qəza mərkəzi olmuş bu şəhər bu gündədirsə, gör başqa rayonlarımız nə gündədir. Azərbaycan milləti əsrlər geriliyindədir. Dövlətin olmağıyla millət yaranmır. Dövlət özü də bir-birylə növbələşən təsadüflərin nəticəsində yaranıb…

Məndə bu insanlar, boynuma alıram, acıma hissi yox, ikrah doğurur. Elə hesab edirəm ki, Nizami doğdurun yeri dəlixanadır. Əslində gərək bu adam, əgər dorudan da içində millət, xalq yanğısı varsa, dura Salyanın kəndlərini gəzə, ehtiyacı olanı pulsuz müayinə edə, uşaqlara baxa, havayı iynə vura… Heç olmasa, İnternetdə həkim guşəsi açıb pulsuz məsləhət verə, səhiyyə maarifi ilə məşğul ola…

Yoxsa səhərdən axşamacan: Fil! Dəvə!

Mirzə ƏLİL (X.X)

08. 06. 2020, Samara