Tag Archives: müsəlman qızlar məktəbi

7 OKTYABR — BAKIDA İLK MÜSƏLMAN QIZLAR MƏKTƏBİ AÇILIB

Изображение
7 OKTYABR — BAKIDA İLK MÜSƏLMAN QIZLAR MƏKTƏBİ AÇILIB

7 oktyabr 1901-ci ildə Bakıda müsəlman qızlar üçün ilk məktəb açılmışdır. Məktəbin təşəbbüsçüsü sənayeçi və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev olmuşdur.

Bakıda qız məktəbi açmaq istəyən Hacı Zeynalabdin Tağıyev əvvəlcə imperator III Aleksandrdan icazə istəsə də mənfi cavab alır. II Nikolay taxta çıxanda Hacı yenə cəhd edir. 1895-ci ildə Nikolayın tacqoyma mərasimində Zaqafqaziya müsəlmanlarını təmsil edən Hacı Zeynalabdin Tağıyev fürsəti fövtə vermir, çarın xanımı Aleksandra Fyodorovnaya çox bahalı hədiyyə bağışlayır və Bakıda onun adına qız məktəbinin açılmasını xahiş edir. Bu dəfə ox hədəfə dəyir. 1896-cı ildə şifahi, 2 il sonra isə rəsmi razılıq alan Tağıyev ilk növbədə məktəb binası üçün müvafiq yer seçilməsinə və inşasına diqqət yetirir. Lakin daxildəki düşmən qüvvələr yenə də bu iman və irfan insanına mane olmağa çalışırlar. Naəlac qalan Hacı qaragüruhçuların hədə-qorxularına son qoymaq üçün Məkkəyə, Mədinəyə, Kərbəlaya, Xorasana, İrana, İstanbula nümayəndələr göndərir. Onlar getdikləri şəhərlərin rəsmi din xadimlərindən imzalanmış və möhürlənmiş sənəd gətirirlər ki, Qurani-Kərimdə qız uşaqlarının təhsil almasında heç bir qadağa yoxdur. Müsəlman qızları müasir məktəblərdə təhsil ala bilərlər. Bununla da o, az da olsa cəhalətin ağzını qapaya bilir.

1897-ci ildən Hacı bu dəfə Rusiya imperator idarələrinin süründürməçiliyi ilə üzləşir. İcazəyə, məktəbin binasının yerinin müəyyən edilməsinə və tikilişinə 4 il vaxt sərf olunur. Müsəlman qızlar məktəbi üçün bina düz İsmailiyyə binasının yanında tikilir. Hacı bu işi memar İ.V.Qoslavskiyə həvalə edir. O, məktəbin ərsəyə gəlməsinə 183 min 533 rubl pul xərcləyir. Məktəbin ərsəyə gəlməsində dövrün böyük ziyalıları da iştirak edir. Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım bu təşəbbüsü çox bəyənir və Hacıya yardım göstərir, məktəbin müəllimlərindən biri, sonra da müdiri olur. Hacının ikinci yoldaşı Sona xanım Tağıyeva, Əlimərdan bəy Topçubaşov və başqa ziyalılar bu işi alqışlayır, məktəbin tez açılması üçün əllərindən gələni edirlər.

1901-ci ildə bütün şəhər əhalisi məktəbin açılışına toplaşır. «Kaspi» qəzeti həmin hadisəni belə təsvir edərək yazır: «Nikolayevski küçəsindəki gözəl imarət bayraqlarla bəzənmişdi. İkinci mərtəbədəki böyük zal gündüz saat 12-də dəvətlilərlə və şəhərin əyan-əşrəflərilə dolmuşdu. Məktəbin yaradılması, tikilməsi barədə danışıqlardan sonra çıxışlar oldu. Məktəbdə oxuyacaq qızların xor dəstəsi bir neçə Azərbaycan mahnısı ifa etdi. Sonra məktəbin ünvanına göndərilən təbrik teleqramları oxundu. Əlimərdan bəy Topçubaşovun oxuduğu təbriki Həsən bəy imzalamışdı. Orada deyilirdi: «Çox yaşa Hacı!».

Bu məktəbi bitirən onlarla azərbaycanlı qız sonradan Azərbaycanın tərəqqisində yaxından iştirak edir, Cümhuriyyət fəallarından olurlar. Rəhilə Hacıbababəyova, Şəhrəbanu Şabanova, Şəfiqə Əfəndizadə, Səkinə Axundzadə, Məryəm Qembitskaya, Naxçıvanda qızlar məktəbi açan Nazlı Tahirova, Bakıda «Qadın Xeyriyyə Cəmiyyəi»ni yaradan Liza Muxtarova, Züleyxa xanım Vəliyeva, Səltənət xanım Vəliyeva və onlarla başqaları.

Əvvəlcə Tağıyevin qızlar məktəbinin yerində Cümə məscidi tikilməli imiş, amma müəyyən səbəblər üzündən bu baş vermir. Beləliklə, məscidin yeri 5 noyabr 1896-cı ildə rəsmi olaraq qızlar məktəbinə verilir.

Binanın layihəsi 1892-1904-cu illərdə Bakının baş memarı olmush I.V. Qoslavskının əməyinin məhsuludur. Bina 1898-1901-ci illərdə tikilib. O zaman belə bir məktəb nəinki Rusiyada, Bakıda, hətta butun İslam aləmində yox imiş. Məhz 5 ildən sonra, 1906-cı ildə Tiflisdə ilk belə müsəlman qızlar üçün məktəb açılır. Tağıyev bu məktəbin tikintisinə 300 min rubldan çox pul xərcləyibmiş.

Tağıyevin qızlar məktəbinin binasında 1918-1920-ci illərdə Azərbaycan Demokratik Cumhuriyyətinin Parlamenti yerləşib.

QIZLAR MƏKTƏBİ

QIZ MƏKTƏBİ 3

QIZ MƏKTƏBİ 2

Реклама