Tag Archives: Molla Nəbi Samara

MOLLA, REQLAMENT!

Стандартный

Bu günlərdə mən samaralı bir həmvətənimizin anasının ölümünün ildönümünə dəvət olunmuşdum. Ailə tədbiri olacağını düşünüb getdim. Tədbir doğrudan da evdə idi. Ancaq iyirmidən çox kişi vardı. Yəqin bu qədər də qadın olardı, bunu təxmini deyirəm, çünki qadınlar ayrı oturmuşdular.

Kişilərin otağındakı süfrənin başında molla Nəbini görəndə, düzdür, bir az narahat oldum, ancaq təəccüblənmədim. Fikirləşdim ki, yəqin ehsan şamından qabaq Yasin oxumağa çağırılıb. Təəssüf ki, belə olmadı. Biz mərasimdə olduğumuz üç saatdan çox vaxt ərzində molla Nəbi fasiləsiz danışdı. O, ehsan yeyiləndə də danışmağından qalmırdı və elə yoğun və uca səslə danışırdı ki, yəqin onu evin yanından keçənlər də eşidirdilər…

Molla Nəbini Samara azərbaycanlılarının çoxu tanıyır. O, bu şəhərdə həyatını tərəvəz bazasının fəhləsi kimi başlayıb. Ancaq necə Danabaş kəndinin camaatı günlərin bir günü gözünü açıb görmüşdü ki, Xudayar olub katda və adına da bəy əlavə edib, samaralılar da bir də gördülər ki, fəhlə Nəbi olub molla Nəbi və hamının başına ağıl qoyur…

Mənim Nəbinin mollalığı ilə işim yoxdur, yəqin ki, Samara azərbaycanlılarına həyatımızda qaçılmaz olan mərasimləri yola vermək üçün bir adam lazımdır. Əlbəttə, mollanın təhsilli, hazırlıqlı olması yaxşıdır. Ancaq hazırlıqlı adamı hardan tapasan? Yəni mənim molla Nəbinin savadsızlığı və hazırsızlığı ilə də işim yoxdur. Ancaq niyə bu adam üç saatdan çox vaxt ərzində mənim başıma ağıl qoyur və yediyim bir tikə çörəyi də mənə haram edir?

Mərasimdə oruran iyirmi yə təxminən bu qədər kişinin əksəriyyəti ali təhsilli idi. Hamısı fəlsəfə dərsi keçib, sovet vaxtı oxuyanlar elmi ateizm, indi oxuyanlar din tarixi öyrəniblər. Və niyə bu qədər təhsilli adam üç saatdan çox vaxt ərzində savadsız bir adamın cəfəngiyatına, özü də aqressiv tonda və formada tələffüz edilən cəfəngiyyatına başıaşağı, dinməzcə, həqiranə qulaq asmalıdırlar? Biz cəfəngiyatın cəfəngiyat olduğunu başa düşmürüksə, bizim diplomlarımızın qiyməti qara qəpik də deyil. Əgər başa düşürüksə ki, danışılan cəfəngiyyatdır və dinmiriksə, deməli, özümüzü və mərasimi hörmətdən salırıq.

Mən güman edirəm ki, molla Nəbi xatirə məclisinə fasiləsiz lətifə danışmaq üçün yox, Yasin oxumaq üçün dəvət olunmuşdu. Ancaq nədənsə onu heç kim dayandırmırdı və hətta bir az astadan danışmasını da xahiş eləmirdilər. Niyə? Niyə biz öz ixtiyarımızı asanlıqla polisə, məmura və mollaya veririk?

Xatirə məclisi – xatirə məclisidir. Mən istərdim ki, dörd il dalbadal anasının vəfatı gününü hörmtlə qeyd edən nəcib oğul mərhum valideyni haqqında bir neçə kəlmə danışsın. Mərhum qadının məclisdə başqa yaxın adamları da vardı və onlar da xatirələrini danışa bilərdilər. Ancaq xatirəsini yad etdiyimiz insan haqqında bir kəlmə də deyilmədi. Çünki molla Nəbi fasiləsiz cəfəngiyat danışırdı.

Molla Nəbi əslində Albert Eynşteynlə professor arasındakı söhbət barədə rəvayəti tanıdığı bir adamın başına gəlmiş əhvalat kimi danışır, biz dinmirik.

Molla Nəbi namazı bədən tərbiyəsinə, yəni mayallaq aşmağa bərabər tutur, biz dinmirik.

Molla Nəbi orucu pəhriz adlandırır, dinmirik – guya Əhmədin, Məmədin, Cəfərin, Qəfərin mədəsinin necə işlədiyi, bağırsaqlarında qazın yığılıb-yığılmadığı Allah üçün vacib ola bilərmiş!

Molla Nəbi bilmir ki, İbrahimin, Musanın vaxtında Quran yox idi…

Molla Nəbi hədisin nə olduğunu bilmir, çünki kimdənsə, haçansa eşitdiyi hər hansı əhvalatı “hədirs” adlandırır, dinmirik.

Molla Nəbi ən sadə ərəb spzlərinin mənasını düzgün başa düşmür, dinmirik.

Bunun eybi yox. Mən başa düşmürəm ki, hansı ixtiyarla, hansı əsasla Molla Nəbi oturanlara nəsihət və məsləhət verir. Molla Nəbi məktəb oxumayıb, heç bir peşəsi yoxdur və ictimai-faydalı əməklə məşğul olmur və olmaq fikrində də deyil. Ancaq çəkinmədən hamının başına ağıl qoyur, öyüd-nəsihət verir. Mərhum professor Adışirinzadnin dəfn mərasimində olanlar molla Nəbinin çox kobud və başıpozuq davranışından narazı qalmışdılar…

Yenə təkrar edirəm ki, Nəbiyə molla kimi müəyyən dini prosedurların tapşırılmasına mənim heç bir etirazım yoxdur. Ancaq savadsız bu insanın ruhani rəhbərliyə iddiası, adamların hörmətindən sui-istifadə edərək dini mərasimləri, xatirə məclislərini şouya çevirməsi yolverilməzdir. Biz istəkli adamlarımızı, vəfatı ürəyimizi dağlamış əzizlərimnizi yad etməyə yığışırıq, yuxarı başa çəkdiyimiz bir insan isə bunu sirkə çevirir.

Bunun qabağını bircə yolla almaq olar: hər dəfə Nəbiyə niyə görə dəvət olunduöunu ciddi başa salmaq. Yəyin Yasin surəsini oxuyur və hamı ilə oturur, söhbətdə də hamı kimi iştirak edir.

Konsert, şou keçirilən yerlər ayrıdır…

X.X.