Nesrin Sipahi yəqin ki, Türkiyənin qadın müğənnilərinin ən birincisidir…
Bəzi İnternet mənbələrində Nesrin xanımın dekabrın dördündə doğulduğu göstərilib. Türk Vikipediyasına görə, krımtatar əsilli müğənni 1934-cü il hoyabrın 29-da doğulub. Krımtatarca Vikipediya günü göstərmir. Bir rus mənbəsi Nesrin Sipahinin 1 yanvar 1933-cü ildə anadan olduğunu iddia edir.
Repertuarında Azərbaycan mahnıları da olan əfsanəvi müğənninin Bakıda cəmi bir konserti olub – 1970-ci ildə. Bu konsertin xoşbəxt tamaşaçıları arasında gənc Əbülfəz Elçibəy də olub.
MİRYƏHYA YUSİFLİ
ƏBÜLFƏZ ELÇİBƏY. TARİXİ ROMAN
(PARÇA)
1970-ci ilin iyun ayı təzəcə girmişdi. Şəhərin küçələrində divarlara yapışdırılan bir afişa hamının diqqətini özünə cəlb edirdi. Bu afişada göstərildi ki, bu günlərdə Türkiyənin məşhur müğənnisi Nəzrin Sipahinin konserti gözlənilir. Əbülfəz müəllimin və Türk Aydının sevincinin həddi-hüdudu yox idi. Onlar səbirsizliklə konsertin haçan olacağı haqqında və neçə bilet alacaqlarını düşünürdülər. Həm də onlar düşünürdülər ki, bundan kifayət qədər yararlanmaq olar. Xalqın sənətçiyə, yəni türk sənətçisinə münasibəti, millətin öz dəyərlərinə münasibəti, total antitürk şəraitində necə əsk-səda doğuracağı, xalqın necə reaksiya verməsi və hansı halları doğuracağını öyrənmək olduqca önəmli idi. Eyni zamanda qardaş ölkədən gələn sənətçini dəstəkləmək üçün çoxlu bilet alıb istədikləri adamlara paylamaq lazımdır ki, öz bəhrəsini versin. Bir neçə gündən sonra afişalar yenidən təzələndi. Nəzrin Sipahinin qastrol səfəri 22 iyundan 1 iyula qədər “Yaşıl kinoteatr”da açıq səma altında olacaqdı. Əbülfəz müəllim Mir Sabir kişinin maddi köməyi ilə 30-a qədər bilet almışdı. Bu da kifayət idi ki, konsert salonunda lazım olan abı-hava yaransın. Onlar bir neçə günün içərisində biletləri lazımi adamlara paylamışdılar. Demək olar ki, şəhərin çayxanalarında bu haqda tez-tez türk müğənniləri haqqında söhbət eşitmək olurdu. 22 iyun axşamçağı idi. Artıq yay fəslinin girməsi hiss olunurdu. Hava nisbətən isti idi, hərdən əsən sərin, yüngül külək havaya sərinlik gətirirdi. Konsertə getmək istəyən şəxslər “Yaşıl kinoteatr”a doğru axışırdı. Hələ konsertin başlamasına yarım saatdan artıq vaxt qalırdı. Amma konsert zalı ağzınacan dolmuşdu. Əbülfəz müəllimlə Türk Aydın zalın ağzınacan dolmasından sevinirdilər, deməli, xalqın milli şüuru hələ ölməyib. Onlar qabaqda, 2-ci sırada oturmuşdular. Nəhayət, işıqlar yandı və keçdi. Səhnə projektorlarla işıqlandırıldı. Səhnəyə çıxan konsertin aparıcısı və tərcüməçisi Natalya xanım rusca tamaşaçıları salamlayıb bir neçə kəlmə türk ansamblının üzvləri və müğənni Nəzrin Sipahi haqqında qısaca təqdimat verdi. Sonra Nəzrin Sipahinin oxuyacağı ilk mahnı haqqında qısaca bilgi verdi. Təbii ki, bunların hamısını rusca deyirdi. Nəzrin Sipahi səhnədə göründü. Musiqi dilləndi, həzin türk musiqisi və müğənninin ürəkdən oxuduğu gözəl şarkı zalı bürüdü. Tamaşaçılar onun incə, gözəl səsinə və özünü səhnədə çox sərbəst aparmasına heyran qalmışdılar. Bir azdan mahnı sona çatdı. Alqış səsləri salonu bürüdü. Bir azdan Natalya xanım yenə səhnədə göründü. O, ikinci mahnı haqqında mə- lumat vermək istəyəndə, Nəzrin Sipahi dilləndi: — Natalya xanım, sən get, biz çok güzel anlaşırız, sənə ehtiyac yok! Elə bil ki, zaldakı adamlar buna həsrət imiş, zaldan səslər eşidildi: — “Bizim tərcüməyə ehtiyacımız yoxdur.” Xüsusən də, Əbülfəz müəllimin bilet verdiyi adamlar bu işdə daha fəal idi. Əlacsız qalan Natalya xanım səhnəni tərk etməyə məcbur oldu. Alqış səsləri bir daha yüksəldi. Nəzrin Sipahinin incə, mə- lahətli səsini eşidən tamaşaçılar dərhal alqışları dayandırdılar.
Nəsrin Sipahinin bu jestindən sonra Əbülfəz müəllim və Türk Aydın yerlərindən uca səslə — “Çırpınırdı Kara dəniz” – deyə qışqırırdılar. Nəsrin Sipahi onlara yaxın olduğundan səslərini lap aydınca eşidirdi və gülümsəyərək gözlənilmədən elan etdi: — Dəyərli tamaşaçılar, şimdi sizin üçün “Çırpınırdı Kara dəniz” şarkısını oxuyacam. Sözləri Azərbaycanın ünlü şairi Əhməd Cavadın, musiqisi dahi bəstəkar Üzeyir Hacı- bəyovundur. Sözsüz ki, bu mahnı yasaq olduğundan zalda olanların doxsan faizdən çoxusu bilmirdi. Çoxusu bilmirdi ki, Əhməd Cavadın belə bir şeiri var və ona Ü.Hacıbəyov musiqi bəstə- ləyib. Bunu eşidən Əbülfəz müəllim və Türk Aydın qulaqlarına inanmadılar, qarşılarında oturan şəxsdən hansı mahnını oxuyacağını soruşdular. Onun cavabından sonra arxayın oldular ki, düz eşidiblər. Sevinclərindən bilmədilər nə etsinlər və öz təşəkkürlərini dönə-dönə müğənniyə bildirdilər. Üzeyirin yazdığı bu əzəmətli, adamı yerindən oynadan musiqinin sədaları ucaldı. Doğurdan da zal şok vəziyyətində idi. İndiyə kimi eşitmədikləri gözəl bir musiqini eşidirdilər. Nəsrin Sipahinin bu mahnıya daha uyğun səsi onu daha da gözəlləşdirirdi. İlk dəfə Azərbaycanda “Çırpınırdı Qara dəniz” səsləndi. Bir azdan tamaşa- çıları əfsunlayan bu mahnı, bu gözəl mahnı sona çatdı. Alqış səsləri salonu silkələdi. Alqış sədaları altında Flora Kərimova böyük bir gül dəstəsi ilə səhnəyə qalxdı və gül dəstəsini Nəsrinə sundu (təqdim etdi) və onu qucaqladı. O da Floranı bir daha bağrına basaraq kədərli bir səslə zala müraciətlə dedi: “Ben Flora xanımın kədərini paylaşıram, o bu günlərdə kocasını kayb etmiş, böyük bir acıyı yaşayır. Ben ona səbr və dözüm arzulayıram!” Onun gözləri yaz buludu kimi dolmuşdu, sanki bir işarəyə bənd idi. Flora xanım özünü hıcqırıb ağlamaqdan güclə saxlayırdı, istəmirdi ki, belə gözəl konsertə qəm-kədər notlarını qatsın. Özünü toplayıb bir təhər ələ aldı və Nəsrin xanıma öz əşəkkürünü bildirdi. Demək olar ki, zaldakıların hamısı yaxşı bilirdi ki, bu yaxınlarda Flora Kərimovanın həyat yoldaşı İbrahim Tobçubaşov rəhmətə gedib. Nəsrin Sipahinin belə diqqətli olması, onu tamaşaçıların gözündə daha da yüksəltdi. Bu konsert uzun müddət tamaşaçıların yaddaşında qaldı. Hər yerdə — kinoteatrda, institutlarda, çayxanalarda bu haqda qızğın söhbət gedirdi. Xüsusən də, “Çırpınırdı Qara dəniz” mahnısı haqqında. Bu konsert Əbülfəz müəllimin düşündüyündən də böyük effekt və əks-səda verdi.
Для отправки комментария необходимо войти на сайт.