Tag Archives: Məhərrəm Əliyev

QURAN SİZİN BELİNİZİ QIRSIN!

Стандартный

Adil Əliyev

Millət vəkili Adil Əliyev, arvadlardan üzr istəyirəm, açıqlama verib.

Bir lirik haşiyə çıxım: mən odlar yurdu Azəribaycanda yaşayanda açıqlama yox idi. Heç kim açıqlama-zad vermirdi. İndi mən bilmirəm bu açıqlamanı necə verirlər, arvadlar necə verirlər, kişilər necə verirlər, ayaq üstə verirlər, ya oturub verirlər, bəlkə divanda uzanırlar…

Çox maraqlıdır. Gərək Aynur Camalqızına məktub yazıb soruşum, o, yaxşı bilər, tez-tz açıqlama verir…

Mənə elə gəlir ki, Adil Əliyev bu açıqlamasını uzanıqlı halda verib. Yəni durmağa və oturmağa halı olmayıb. Yən “hallı” olub. Çnki onun danışdıqlarını ayıq adam danışmaz.

Deyir ki. guya xalq təmsilçisidir. Yəni onu xalq seçib. Deyib ki, polis olanda az yemisən, indi bu mandatı al, boş yerlərini də doldur…

Deyir ki, “mən idmançıyam”.

Sən haranın idmançısısan? Sən Maykl Jordansan? Bəlkə bahalı maşınlar sürdüyünə görə özünü Şumaher sayırsan?

Deyir ki, “mən dövlətini sevən vətəndaşam”.

Yalansa, koronavirusla yoluxasan!

Hansı dövləti? Öz dövlətini? Ya Azərbaycanı? Belə çıxır ki, Milli Məclisdə oturub havayı qarın və alt doldurannlar dövləti hamıdan çox  sevirlər, ancaq dövləti qoruyan, dövlətin uğrunda ölənlər kasıb kəndlərin kasıb balalarıdır. Sənin sevginə kim inanar?

Bunlar bir yana. Azərbaycanın ən böyük hərbçisi marşal Məhərrəm Əliyevin qardaşı Qurandan sitatlar gətirir, Əlidən, Müaviyədən, Peyğımbərdən danışır.

Quran sizin belinizi qırsın, necə ki, siz xalqın belini qırırsinız!

Və bu “açıqlama”da  məqsəd isə Ramiz Mehdiyei ifşa etməkdir.

Naxçıvan mafiyası xalqln müdafiəçisi rolunda!

Kül bizim başımıza!

Mirzə ƏLİL

02. 09. 2020, Samara

QIRMIZI TAKSİLƏRLƏ ŞUŞAYA GEDƏCƏYİK!

Стандартный

1

İlham Əliyev Bakıya 100 yeni “London taksi”si gətirib.

Bəzi cahil və  adamlar deyirlər ki, xalqın bu ağır günündə prezident taksi hayındadır. Paxıl insanlar deyirlər ki. İlham Əliyev o taksiləri öz şəxsi qazancı üçün alıb.

Yalançının lap!

İlham Əliyev o taksiləri Şuşanı işğaldan azad etməyə alıb. Ermənilər hazırlaşırlar Qarabağın paytatını köçürsünlər Şuşaya.Ermənilər  avadanlıqlarını Şuşaya daşıyan kimi İlham Əliyev deputatları, nazirləri, generalları, onların müavinlərini, katiblərini, katibələrini, oynaşlarını taksilərə  mindirib özü də düşüəcək qabağa və sürəcək düz Şuşaya. Ermənilər də bu qırmızı taksilərdə toz qaldıra-qaldıra gələn yeni xürrəmiləri görəndə şalvarlarına işəyib elə qaçacaqlar ki, gətirdikləri avadanlıq da orda qalacaq.

Belə!

Yava-yava danışmayın!

Gərək xalq o taksilərə xələt bağlaya, qızıl-gümüşlə, brilyantla bəzəyə, hər təkərinin altında bir dəvə kəsə.

Düzdür, İlham Əliyev əvvəl İngiltərədən gəmi almaq istəyirmiş ki, Şuşaya gəmi ilə getsin. Hərbi müşavir Məhərrəm Əliyev deyib ki, cənab prezident, mən bilən, Şuşaya su yolu yoxdur, əvvəl gərək kora kanal qazaq. İlham Əliyev isə deyib ki, neynək, lap yaxşı, maşınla gedərik…

Yaxşı yol, ay möhtərəm əlahəzrət prezident!

Mirzə ƏLİL

14.08. 2020, Samara

EŞİDİN VƏ BİLİN: KOMİSSİYANIN ÜZVÜ ADİL ƏLİYEV DEYİL, AYRI ADAMDIR…

Стандартный

adil_əliyev

Nə gizlədim, bizim tayfadaşlala otutub-duranda elə küt insanlara rast gəlirsən ki, möhtərəm İlham Əliyevin halına acıyırsan. Çünki belə küt insanlara prezidentlik eləməyə heç kimin hövsələsi çatmaz. Başqa prezident olsaydı, çoxdan başını götürüb qaçmışdı.

Aqil Abbasın soğan başına and olsun ki, belədir!

Bu günlərdə bir tayfadaşa rast gəldim, maskalı idi, heç yaxşı tanımadım da. O məni tanıdı. Deyir Mirzə, eşitmişəm Adil Əliyei prezident korrupsiyaya qarşı mübarizə üzrə komissiyanın üzvü təyin edib, mənim fikrimcə, bu, koronavirusu xərçənglə müalicə erməkdir…

Bunun axmaq-axmaq danışmağına bax! Az qaldım əl atıb maskasını cıram. Özümü saxladım. Maskalı olsa da, bilinir ki, antimilli ünsürdür, Laçını erməniyə satanlardandır, indi də Əli Kərimliyə aybaay pul göndərir.

A kişi, prezident bilmir ki, kimi hara təyin edir?

Gözəl bilir!

Məhərrəm Əliyev də hərbi müşavir təyin olundnda belələri dobquldanırdılar ki, Məhərrəm Əliyev hara, hərbi hara, onun hərbidən qandığı qrafa yoxdur.

Bunlar ya kütlükdən ya da xainlikdən başa düşmürlər ki, prezident Məhərrəm Əliyevi hərbi müşavirliyə yalandan təyin edib. Əslində Məhərrəm Əliyev prezident idarəsində çay işinə baxır, samovar odlayır, stəkan-nəlbəki silir. Hərbi müşavir isə tamam başqa adamdır. Onun adını üç-dörd nəfər bilir. Məhərrəm Əliyev isə erməniləri laylaya qoymaq, yuxuya vermək üçündür. Qoy fikirləşsinləri ki, Azərbaycan ordusunun müşaviri naxçıvanlı milisionerdir, yəni qoy bizi zəif bilsinlər, lap bizə gülsünlər, biz isə onları yuxuya verə-verə işimizi elə düzüb-qoşaruq ki, lazım gələndə erməniləri mələdək!

Adil Əliyev də elə. Adil Əliyevi korrupsiya komissiyasına prezident yalandan qoyub. Əslində o komissiyanın üzvü başqa adamdır. Bəlkə İlqar Məmmədovdur, bəlkə lap Mehman Hüseynodur. Bu, korrupsionerləri aldatmaq üçündür. Korrupsionerlər fikirləşəcək ki, bu komissiya boş şeydir, Adil Əliyevin özü korrupsoionerdir, biz onun nəyindən qorxaq? Və yenə korrupsiyaya davam edəcəklər. Günlərin bir günü, lazım gələndə, prezident komissiyanın əsil üzvləri ilə onların hamısını tutacaq və deyəcək: “Bəsdir milləti soyduğunuz! Vicdansılar, ədəbsizlər!»

Belə-belə işlər!
Prezidentimizin daxili siyasəti də xarici siyasəti kimi çox incədir. Onu hər adam başa düşməz. Azərbaycan kimi ölkədə isə lap az adam başa düşür, çünki kütlər çoxdur. Mən özüm məəttəl qalmışam ki, niyə prezident acığından indiyəcən baş götürüb getməyib vəzifəsindən!

Allah eləməsin gedə. Vallah, qırılarıq…

Mirzə ƏLİL

03. 06. 2020, Samara

MƏHƏRRƏM ƏLİYEVİN ƏSGƏR GETMƏKLİYİ

Стандартный

məhərrəm_əliyev.jpg

Məhərrəm Əliyevin hərbi işlər üzrə prezident köməkçisi təyin edilməyini onun doğma kəndi Maxtada bir az yanlış başa düşüblər, yəni kənd adamları, xüsusən arvadlar yanlış başa düşüblər. Onlar elə biliblər ki, prezident İlham Əliyev onu əsgər çağırıb və bu gün-sabah göndərəcək Qarabağa. Və Maxta arvadları kəndin şadlıq evinə yığışıb bir şivən qoparıblar ki, səsləri gedib Ermənistana gedib çatıb. Ermənilər də fikirləşiblər ki, yəqin Vasif Talıbov dünyasını dəyişişib.

Maxta arvadları isə üz-gözlərini cıraraq ağlaşıblar:

— Məhərrəm müəllimi saldat aparacaqlar, vay!

— Məhərrəm müəllimi uçtel aparacaqlar, vay!

— Məhərrəm müəllimi nadzor aparacaqlar, vay!

— Ay Məhərrəm müəllim, kaş sən elə sovetin vaxtında əsgər gedəydin! O vaxt əsgərliyini çəksəydin, indi İlham Əliyevin sənə gücü çatmazdı!

— Ay qız, Məhərrəm müəllimi saldat göndərən İlham Əliyev deyil, Mehriban xanımdır. Biz naxçıvanlıları onun gözü götürmür!

— Ay Məhərrəm müəllim, sən heç institut da qurtarmamısan, il yarım gedirsən, bacın qurban!

— Ay qız, necə institut qurtarmayıb? Sovetin institutunu qurtarmamışdımı?

— Ay qız, o institut qiyabi idi, yalançı institut idi, kimdi onu sayan?

— Ala gözlü Məhərrəm,
Şirin sözlü Məhərrəm.

Görüm heç yarımasın,

Səni əsgər göndərən…

— Ay qız, ürəyimin başı soyuldu. Dayan, birini də mən deyim.

— Enli kürək Məhərrəm,
Yoğun bilək Məhərrəm.

Bizə Qarabağda yox,

Burda gərək Məhərrəm.

— Ay Məhərrəm müəllim, sən yetmiş yaşında tüfəng atmağı necə öyrənəcəksən? Ay zalım dünya! Ətirli yorğan-döşəyə öyrəşən insan, indi səngərdə nə qayıracaq!

— Ay qız, deyirəm çörək tapmayan qədər kasıb-kusub var ki, özləri Allaha yalvarırlar ki, uşaqları əsgər getsin, hökumətin çörəyini yesin. Niyə bizim Məhərrəm müəllimdən yapışıblar, onun çörəyini iranlılara versın, küçələrdən yığışarlar.

— Özü də halal çörək. Məhərrəm müəllim həmişə halal yeyib…

Beləcə Maxta arvadları bir neçə saat ağlayıb-sızlayıblar. Şama yaxın onları axtarıb Şadlıq sarayında tapan ərləri başa salıblar ki, Məhərrəm müəllim əsgər getmir, onu bütün əsgərlərin böyüyü qoyublar…

Deyilənə görə, arvadlar ordan qalxıb məscidə gediblər, nəzir verib Məhərrəm müəllimin canına dua elətdiriblər…

Biz də Məhərrəm müəllimin əziz canına dua eləyirik, öz başımıza isə kül sovururuq.

O ki qaldı ermənilərə, kirvələr indiyəcən çaş-başdırlar, bilmirlər Maxtada arvadlar niyə ağlayırmış, Vasif  Talıbov dünyasını dəyişib ya ayrı bir şey olub. Geci-tezi ancaq biləcəklər Məhərrəm Əliyevin hərbi müşavir təyin olunmağını. Onda yüz faiz şalvarlarını isladacaqlar.

Gülməkdən…

Mən Mirzə Əlil isə şəxsən belə fikirləşirəm ki, daha Azərbaycanla Ermənistan arasında müharibə olmayacaq. İlham Əliyev özü Ermənistanın rəhbəriylə vuruşacaq. Yəni yumruq davası olacaq. Qoyacaqlar bir-birlərinin ənginə.  Ona görə Məhərrəm Əliyevi özünə köməkçi götürüb. Çünki Məhərrəm Əliyev hərbiçi olmasa da, polis olub, yumruq davasından başı yaxşı çıxır…

Mirzə ƏLİL

30.11. 2019, Samara