Tag Archives: ləzgi lətifələri

LAÇIN DƏHLİZİ. «AY BİGƏHMƏD, BİGƏNDÜN?..»

Стандартный

Laçın dəhlizi

Yaxşı bir lətifə var. Mən onu əlli il bundan qabaq xaçmazlı tələbə yoldaşım Əkrəmdən eşitmişəm. Əkrəm ləzgilərin ləhcəsini yaxşı yamsılayırdı, özünün də ləzgi qohumları vardı. Bu lətifə də ləzgi mövzusunda idi. Təəssüf ki, bu gözəl folklor nümunəsini bütöv şəkildə burda yazmaq mümkün deyil, çünki məzmununda ayıb sayılacaq məqam var. Mən özüm bu əlli ildə bu lətifəni heç kimə danışmamışam, ancaq bu şoğərib Laçın dəhlizi onu yadıma saldı və gərək mən onu üstüörtülü və ixtisarlı şəkildə burda oxucuya çatdıram. İndi mən elə bil ki, bu folklor şedevrini ortadan danışıram.

“…Səhəri gün lotular Bəyəhməddən soruşurlar:

— Ay Bigəhməd, bigəndün?

— Vallax, bigənməginə bigəndim, ancaq bir az gəndi…

— Nooldu, Ələhməd bigəndi, Güləhməd bgəndi, Mirəhməd bigəndi, sən bigənmədün?…”

Bu lətifəni mənim yadıma Laçın dəhlizinin eni yadıma saldı: 5 km!

Ay müsəlmanlar və müsəlman olmayanlar! Özünüz deyin, 5 km enində dəhliz olar?

Dünyanın ən iri hərbi və ticarət gəmilərinin keçdiyi Bosfor boğazında maksimal en – 3 700 m, minimal – 700 m.

Yox, mən başa düşmürəm ki, Laçın dəhlizinin eni niyə 5 km olmalıdır və bu endə dəhlizdən ermənilər nə keçirəcəklər?

Yox, bu dəhliz ermənilərlik deyil. Bu dəhlizdən Rusiyanın bütün ordusu, tanklarıyla, təyyarələriylə, gəmiləriylə, sualtı qayıqlarıyla keçə bilər.

Şübhəniz olmasın: ermənilər bu-gün sabah Laçın dəhlizini Ginnes rekordlar kitabına yazıb öz adlarına çıxacaqlar. Vallah, bu, dolma məsələsi deyil, “Sarı gəlin” məsələsi” deyil, çox böyük əngəldir…

Nə deyirsiniz deyin, bu boyda dəhliz olmaz. Bu endə dəhliz bütün ölkədə yelçəkər yaradar. Mənə Salyandakı qohumlarım telefonla deyirlər ki, Mirzə, ruslar bu dəhlizin enini beş kilometr eləyəndən hamımız zökəmə tutulmuşuq…

Vallah, bu boyda deşiyi (türkün məsəli) əski-üskü ilə tutmaq mümkün deyil. Bundan sonra yel əsəcək, yengələr oynayacaq…

Deyirəm bəlkə Lavrov Əliyevə dəhliz sənədini “5 m” kimi qol çəkdirib, sonra, “m”-nın qabağına “k” atıb?

Yazıq Bəyəhməd…

Yazıq millətimiz…

Lənət şeytana, lətifə danışmaq da olmur. Danışacaqsan, arvad-uşaq qınayacaq…

Ancaq sərhədimizdə beş kilometr enində deşik qoyanı heç kim qınamır…

Yox, mən bu dəhlizi bəyənmədim. Çox gendir…Bəyəhməd deyən şey bu dəhlizin yanında toyabayrama getməlidir…

Mirzə ƏLİL

21.11. 2020, Samara