Tag Archives: İslam Səfərlinin şeirləri

12 FEVRAL — NƏĞMƏKAR ŞAİR İSLAM SƏFƏRLİNİN DOĞUM GÜNÜ

Стандартный

islam səfərli

İslam Səfərli 12 fevral 1923-cü ildə Naxçıvan MSSR-in  Şəkərabad kəndində doğulub.. Naxçıvandakı 1 saylı məktəbi bitirdikdən sonra könüllü olaraq Böyük Vətən müharibəsində iştirak etmişdir. Müharibə illərində qələmə aldığı «Ordumuza ithaf», «Ədəbi gənclik», «Onüçlər», «Əmin ol ata!», «Qoşa söyüd»,  Həzi Aslanovun  xatirəsinə həsr ediyi «Təzə çiçəklər», «Üçüncü hərb istəmirik» və s. şeirləri onun hafizəsində buraxdığı dərin izlərin təsirindən yaranmışdır. İslam Səfərli tərcüməçilik fəaliyyəti ilə də məşğul olmuşdur. O, A.S. Puşkin, M.M. Svetlov, S. Marşak, M. Kərim, M. Tursunzadə, K. Koladze, Y. Dolmatovski və b. kimi tanınmış sənətkarların əsərlərindən müvəffəqiyyətlə tərcümələr etmişdir.

Şairin «Bakı, sabahın xeyir», «Zərif gülüşlüm», «Bir könül sındırmışam», «Qonaq gəl bizə», «Bakılı qız», «Nə vaxta qaldı», «Ana», «Ay qaşı, gözü qara qız», «Ağ xalatlı həkimlər», «Gəncliyimi gəzirəm», «Aylı gecələr» və s. bu kimi yüzlərlə mahnısı dillər əzbəri olmuş, klassikaya çevrilmiş və indinin özündə də sevilə-sevilə dinlənilir.

Şairin adını əbədiləşdirmək məqsədi ilə Xəzər dənizində üzən gəmilərin birinə «İslam Səfərli» adı verilib, Bakının mərkəzi küçələrindən biri şairin adını daşıyır, Bakıda yaşadığı binaya (Həsən Seyidbəyli, 30) onun barelyefi-xatirə lövhəsi vurulub, Naxçıvanda oxuduğu 1 nömrəli məktəbə onun adı verilib.

Şair 6 noyabr 1974-cü ildə uzun sürən xəstəlikdən sonra vəfat edib.

 

AZƏRBAYCANIM!

Torbağın ətrini sinəmə çəkdim,

Dodağım gül açdı, ürəyim çiçək.

Xəzər sahilində bir çinar əkdim,

Söyüdlər nazlandı gülümsəyərək.

Dəniz mahnısını oxudu sanki,

Ətəyi ləpəli, qırçınlı Bakı…

Kükrədi ilhamım, qaynadı qanım,

Sənə nənəm qurban, Azərbaycanım!

 

Ağ bir şərid kimi uzanıb gedir,

Dumanlı, çiskinli, günəşli yollar,

Bəzisi həyatdan usanıb gedir,

Mənimsə yollarda hekayətim var.

El özü qoruyar axarlı şeiri,

Dağlar quzey qarı şərindən saxlar.

Bağrıma basmasam hər qarış yeri,

Torpaq öz sirrini dərində saxlar.

Aç söylə, qoy bir də alışım, yanım,

Sənə nənəm qurban, Azərbaycanım!

 

Meyvəli bağçalar, bəhərli çöllər,

Ellərə can verib, min şərbət dadır.

Axarlı çaylaqlar, səfalı göllər,

Gümüş şəlalələr  bu torpaqdadır.

Hərdən düşüncələr sarır insanı,

Çayüstü körpülər asma yolumdur.

Bağrıma basmışam Azərbaycanı

Araz bir qolumdur! Kür bir qolum!

Əlvan nağışlısan, doğma məkanım,

Sənə nənəm qurban, Azərbaycanım!

 

Bu necə manadır, bu necə hikmət,

Deyirlər ağlayır bulağın gözü.

Danışır təbiət — şair təbiət,

Qovağın dili var, çinarın sözü.

Mənim də boş yerə sözüm olmayıb,

Qəlbinə dəymədim əsla bir kəsin.

Özgə torpağında gözüm olmayıb,

Ana torpağıma göz dikilməsin!

Əmr et! Keşiyində mətin dayanım,

Sənə nənəm qurban, Azərbaycanım!