Tag Archives: hacılar

YAĞMALANDIQ, XANIM, YAĞMALANDIQ…

Стандартный

        

 

Bah, Rusiyanın yeni prezidenti azərbaycanlılarsız seçilsə, onun legitimliyi şübhəli olar ki!

Fevralın iyirmi üçühdə, indi Vətən müdafiəçisi (futbol müdafiəçisiylə qarışdırmayın) günü” “Yedinaya Rossiya” partiyasının Mərkəzi Siyasi şurasının (!) bir üzvü ilə Samara azərbaycanlılarının görüşü oldu. “Samara vilayəti azərbaycanlıları Liqa”sının ofisində Üzvün təşəbbüsü ilə keçirilən görüşdə məqsəd azərbaycanlıları Medvedevə səs verməyə çağırmaqdı. “Medvedevdən yaxşısı yoxdur,” — deyən  Üzv nədənsə gözlərini Putinin divardan asılmış portretindən çəkmirdi.

Az qala qırx il əvvəl, hələ Brejnevin çənəsi yerində olan vaxtlar mənimlə oxuyan bir oğlan Əlibayramlıdaki mağazaların birində uca və həyəcanlı səslə piştaxta dalında durmuş heybətli  kişidən soruşdu: ”Əmi, yaxşı köynəyiniz var?”  Əlində iti ucları metal örtüklü ağac metrlə o yan-bu yana gedən ucaboy, yekəburun kişi birdən dayanıb mənim modabaz yoldaşıma elə acıqla baxdı ki, elə bil metrlə vurub başını yaracaqdı. “Heç pisi də yoxdur!”

O vaxtlar sadə xalq üçün köynək seçimi yox idi, hərə tapdığından geyirdi.

Medvedevi çoxdan Prezident seçmiş Kreml ondan yaxşısını istəyənlərin başlarını indi raritetə çevrilmiş ağac metrlə vurub yarmır, ancaq ölçülərini götürür.

Soydaşlarımızın lap hamısı seçkiyə gedib Medvedevin əleyhinə səs versələr də, Medvedev seçiləcək. Rusiyada tam hüquqlu bir seçici var və o da seçimini edib. Məqsəd Samarada mümkün qədər yüksək nəticə almaqdır – təzə prezidentin vilayət rəhbərliyinə münasibəti xeyli dərəcədə bundan asılı olacaq.

Ancaq söhbətimin mövzusu Rusiya seçkiləri deyil.

Üzvlə görüşə elə azərbaycanlılar gəlmişdi ki, onlar cəmiyyətin qapısinı heç 20 yanvarda ya 26 fevralda keçirdiyimiz matəm mərasimlərində də açmırlar.

İkinci hacılıq ziyarətindən təzə qaytmış soydaşımız elə nəhləyə-nəhləyə gəldi ki, elə bil iranlı ayatullanın cümə nitqinə gecikəcəkdi…

“Bunun ardınca, xanım, görəılim kimlər yetdi…”

İki dəfə hacı da “Vahid Rusiyanın üzvüdür”, bəlkə də Tehrandan ona risalə gəlib ki, iki dəfə hacılar rus partiyasına girə bilərlər…

Fevralın iyirmi altısında Xocalı qırğınıyla bağlı mərasimə iki dəfə hacı gəlmədi.

Mərasimdə Üzvlə görüşə yığılanların çoxu yoxdu…

Gələnlər, hər il olduğu kimi, mərhum Çingiz Mustafayevin yazısına baxdılar. Hər il baxılsa da, “yumru-yumru ağlayan, yanıq cigərcigini tağlayan” olur.

Xanım, bəs sonra?

“Əgər çobanla varacaq olursam, Qalın Oğuz bəgləri bənim başıma qaqinc qaxarlar”.

Deyirəm bəlkə məsələnin həllinə xalqla birgə çalışmağı Azərbaycan prezidenti də özü üçün əskiklik sayır və elə buna görə xalqı sarıyıb…

Yəni ağaca…

Bəs xalq?

“Qaraca çoban zərb elədi, qaba ağacı yerilə-yurdilə qopardı, arqasına aldı…”

Niyə bəs xalq zərb eləmir?

“Qara-qara dənizlərin gəmisi ağac…”

Bizim sarındığımız ağac heç əsl ağac da deyil, hipnozdur, ilğımdır, xülyadır. Dartınmağımız kifayətdir ki, azadlıq yoluna, qeyrət yoluna düşək.

“Qanda gəzirdin, nerədəydin…” Bunu bəlkə bir on-on beş il sonra Çingiz bəyin yazısına baxan gənclər atalarından soruşalar.

“Partiya iclaslarında…”

Bunu deməyə onların dili gələcəkmi?

Ya heç beş-on il sonranın gəncləri o yazını da görməyəcək. Çingiz bəyin adı və amalıyla bağlı telerşırkət yağmalandığı kimi, o yazi da yandırılıb külə çevrilə bilər…

“Nə ağlarsan, nə bozlarsan? Bağrımla ürəgim nə tağlarsan?”

Dərd çoxdur, xanım, dərd çoxdur…

                                                                       27.02.2008 0:14:37, SAMARA 

Реклама