Tag Archives: Həmid Bəy Şaxtaxtinski

12 MART — GÖRKƏMLİ DÖVLƏT XADİMİ HƏMİD BƏY ŞAXTAXTİNSKİNİN DOĞUM GÜNÜ

Стандартный

Hamid_bey_Shahtakhtinski

Şahtaxtinski Həmid bəy Xəlil ağa oğlu — Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadimlərindən biri, parlamentin üzvü, maarifçi. 12 mart 1880-cı ildə Naxçıvan qəzasının Şaxtaxtı kəndində anadan olub.

Həmid bəy Şahtaxtinski Naxçıvanda mollaxanada, üçüncüdərəcəli şəhər məktəbində oxumuşdur. İrəvan müəllimlər seminariyasını (1899) bitirmişdir. Pedaqoji fəaliyyətə həmin seminariyada Azərbaycan və rus dilləri müəllimi kimi başlamışdır. İrəvandakı Müsəlman Xeyriyyə Cəmiyyətinin üzvü olmuşdur. Odessada Novorossiysk Universitetinin hüquq fakültəsini bitirmiş (1912), tələbəlik illərində buradakı «Azərbaycanlı həmyerlilər təşkilatı»nın başçılarından olmuşdur. 1912-ci ildə Gəncəyə gələrək, şəhərin ictimai-siyasi həyatında yaxından iştirak etmişdir. 1914-cü ildə Yelizavetpol quberniyasının xalq məktəbləri inspektoru təyin edilmişdir. İki ilə yaxın Yelizavetpol dairə məhkəməsində andçı-müvəkkilin köməkçisi vəzifəsində işləmiş, sonra Bakıya köçərək, dairə məhkəməsində eyni vəzifədə çalışmışdır.

Fevral inqilabından (1917) sonra siyasi fəaliyyətə başlamışdır. 1917-ci ildən «İttihad» partiyasının üzvü idi. 1917-ci il avqustun 29-dan Cənubi Qafqaz Təhsil İdarəsi üzrə komissar idi. Azərbaycan Milli Şurasının üzvü olmuş, Azərbaycan Xalq Cümhuriyyətinin 2, 3 və 4-cü hökumət kabinə lərin də maarif nazirinin müavini, 5-ci hökumət kabinəsində maarif və dini etiqad naziri (1920-ci il martın 5-də istefa vermişdir), Azərbaycan Parlamentinin üzvü olmuşdur.

Şahtaxtinski Azərbaycanın şəhər və kəndlərində ana dilində məktəb və seminariyaların açılmasına böyuk əmək sərf etmişdir. Bakı Dövlət Universitetinin təşkilində xidməti olmuş, orada müəllim, prorektor (1919-25), həmçinin Bakı Xalq Maarifi şöbəsi nəzdindəki ikiillik müəllimlər institutunda və Azərbaycan Dövlət Tibb İnstitutunda (1930-1940) işləmişdir (1929-cu ildən professor). Tiflisdəki Zaqafqaziya Universitetinin tibb fakültəsini bitirmişdir (1928).

Azərbaycanın ümumtəhsil məktəbləri üçün dərsliklərin, Azərbaycan dilində elmi terminologiyanın tərtibi üzrə komissiyaların sədri olmuş, yeni Azərbaycan əlifbasının yaradılmasında iştirak etmişdir.

Şahtaxtinski repressiyaya məruz qalmış, 1941-ci ildə həbs və sürgün edilmiş, 1944-cü il fevralın 3-də Arxangelsk vilayətində sürgündə həlak olmuşdur.

Реклама