Tag Archives: Həmidə Məmmədquluzadə

19 YANVAR — HƏMİDƏ XANIM CAVANŞİR-MƏMMƏDQULUZADƏNİN DOĞUM GÜNÜ

Стандартный

Həmidə_Məmmədquluzadə

Həmidə Məmmədquluzadə (19 yanvar 1873-ci il, Kəhrizli, Ağcabədi, Rusiya İmperiyası — 6 fevral 1955-ci il, Bakı) — Azərbaycanın ilk maarifçi qadınlarından biri, Cəlil Məmmədquluzadənin həyat yoldaşı, tarixçi Əhməd bəy Cavanşirin qızı, xeyriyyəçi, tərcüməçi, Azərbaycan Yazıçılar İttifaqının üzvü.

Həmidə xanım Cavanşir-Məmmədquluzadə 1873 -cü ildə Şuşa qəzasının Kəhrizli kəndində zəmanəsinin görkəmli maarifçi ziyalısı, tarixçi Əhməd bəyin ocağında dünyaya gəlmiş, Cəlil Məmmədquluzadənin həyat yoldaşı olmuşdur. Nəcib bir insanın ailəsində dünyaya göz açan Həmidə xanımın Azərbaycan mədəniyyətinə və ədəbiyyatına həsr olunan böyük ömür yolu da məhz «ot kökü üstə bitər» məsəli ilə tam uzlaşır. Ailə məktəbində təhsil alan Həmidə xanım hələ yeniyetmə illərində rus dilini səlis qavrayaraq, o dövrün kənd qızları üçün səciyyəvi olmayan yüksək intellektə, geniş dünyagörüşə malik olmuşdu. İlk həyat yoldaşı zadəgan nəslindən olan podpolkovnik İbrahim bəy Davatdarov cəbhədə həlak olandan və atasını itirəndən sonra Həmidə xanım Cavanşir Kəhrizlidə ata mülkünü idarə etmişdi. 1905-ci ildə Tiflisdə tanış olduğu Mirzə Cəlil Məmmədquluzadəyə iki il sonra ərə gedərkən bu izdivac çoxlarına xoş getməmiş, nikah onun əsilzadə nəslinə yaraşdırılmamışdı. Lakin Həmidə xanım bütün maneələrə cəsarətlə sinə gərərək, Mirzə Cəlilə vəfalı və fədakar ömür-gün yoldaşı olmaqla yanaşı, həm də ustad sənətkarın ən yaxın maarifçi silahdaşı, ziyalı həmdəmi, «Molla Nəsrəddin»in isə xeyirxah himayədarı olmuşdu. Bütün varidatını, sərvətini həyat yoldaşının yaradıcılığına böyük ürəklə sərf edən Həmidə xanım Cavanşir-Məmmədquluzadə Mirzə Cəlillə 25 il əsl məhəbbət və qarşılıqlı ehtiramla ömür sürmüşdü. 

Tarix Həmidə xanım Cavanşir-Məmmədquluzadəni böyük xeyriyyəçi və cəfakeş insan kimi yaddaşlara həkk edib. Tək Kəhrizli kəndinin deyil, cümlə Qarabağın ona kömək üçün pənah gətirən insanlarının əlindən tutan, qayğılarını həll edən bu xanım həm də o dövrün yardıma ehtiyacı olan ziyalılarının da problemlərini həll etmişdir. Ciddi xəstəliyi olan Mirzə Ələkbər Sabir məhz Həmidə xanımın məsləhəti ilə Mirzə Cəlil tərəfindən Tiflisə müalicə üçün dəvət alır.

Həmidə xanım 1912-ci ildən Kəhrizlidə öz vəsaiti hesabına məktəb açır və burada dərs deyir. Mirzə Cəlilin vəfatından sonra da ölkənin ictimai-ədəbi həyatında fəal mövqe tutan Həmidə xanım Yazıçılar İttifaqına üzv seçilmiş, ömür-gün yoldaşının əsərlərini tərcümə etməklə yanaşı, bu böyük sənətkarla bağlı kövrək xatirələrini böyük ustalıqla qələmə almışdır. 1955-ci ildə vəfat edən Həmidə xanım Cavanşir-Məmmədquluzadə Fəxri Xiyabanda Mirzə Cəlilin məzarı yanında dəfn olunmuşdur.

 

Реклама