Tag Archives: Gülağa Məmmədov

28 İYUN — GÜLAĞA MƏMMƏDOVUN DOĞUM GÜNÜ

Стандартный
28 İYUN — GÜLAĞA MƏMMƏDOVUN DOĞUM GÜNÜ

Gülağa Məmmədov 1925-ci il iyunun 28-də Lənkəranın Kiçik Bazar adlanan məhəlləsində anadan olub. Bakıda boya-başa çatıb. Çox kasıb ailədə böyüyüb. Atası çəkmətikən, anası evdar qadın olub. Kirayədə yaşayıblar, ailə atasının cüzi qazancı ilə dolanıb.

12 yaşında olarkən, təsadüfən küçələrindən keçən bəstəkar Üzeyir Hacıbəyov məlahətli uşaq səsi eşidərək ayaq saxlayır. Gülağanın səsinə valeh olan bəstəkar həyətə keçir və balaca istedadla tanış olur. Onu Opera Teatrında keçiriləcək müsabiqəyə dəvət edir. Gülağa Məmmədov 1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyünün iştirakçısı olur. Böyük Teatrın səhnəsində Maestro Niyazinin müşayiəti ilə ifa etdiyi Koroğlunun Səni gördüm, aşiq oldumariyası böyük alqışlarla qarşılanır.

Üzeyir Hacıbəyov onun ailəsi, yaşam tərzi haqqında bütün məlumatları da öyrənibmiş. Moskvadan gümüş medal və fəxri fərmanla qayıtdığını eşidəndə isə Gülağanı anasıyla birgə yanına çağırırır və tapşırır ki, ev seçmək üçün xoşlarına gələn ünvanı göstərsinlər. Mirzəağa Əliyev küçəsində yerləşən ikiotaqlı həyət evi onların xoşuna gəlir. Üzeyir hacıbəyovun dəstəyi ilə Gülağa Məmmədovun ailəsinə ikiotaqlı mənzil və aya 250 manat təqaüd ayrılır.

Gülağa Məmmədov şirin, lakonik səsi ilə 600-dən artıq xalq və bəstəkar mahnıları oxuyub. 15-dən çox bədii filmdə, teatr tamaşalarında xarakterik musiqi nömrələri ifa edib. Respublikada fəaliyyət göstərən əksər xalq çalğı alətləri ansambllarıyla, simfonik orkestrləriylə birgə çıxışlar edib. Müslüm Maqomayev adına Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblında, Dövlət Musiqili Komediya Teatrında işləyib. 1952-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin (hazırda Səid Rüstəmov adına) xalq çalğı alətləri ansamblının solisti olub. «Ay qız», «Ana Kür», «Oxu, gözəl», «Şeir deyilmi», «Mənim qızım» kimi mahnıların hər birini özünəməxsus tərzdə ifa edib.

Gülağa Məmmədov 7 iyun 1994-cü ildə 68 yaşında vəfat edib.

.

Реклама