Tag Archives: gəraylı

«KOROĞLU»: «QƏM-QÜSSƏ BAŞIMDAN AŞIB…»

Стандартный

Qəm-qüssəm başımdan aşıb,
Mən tək dərdə dalan yoxdu.
Qürbət eldə bağrım bişib,
Necə yada salan yoxdu.

 
Necə baxım ev-eşiyə,
Yaralı könlüm üşüyə.
Toz bürümüş boş beşiyə,
Şirin layla çalan yoxdu.

 
Çənlibeldə qar görünür,
Güllər mənə xar görünür,
Günüm ahu-zar görünür,
Bir qaydıma qalan yoxdu.

 
Tutun məclisdə yasımı,
Geymişəm qəm libasımı,
Bu fələkdən qisasımı,
Nə zamandı alan yoxdu.

 
Çənlibeli güllər bəzər,
Güllər saralsa kim üzər?
Hər quş balasıynan gəzər,
Niyə sənin balan yoxdu?

 
Koroğlusan hay salarsan,
Paşalardan bac alarsan,
Neçə şəhərlər talarsan,
Sən tək şəhri talan yoxdu.

 
Nə dərd olsa məni tapar,
Sonsuzluq bir yanım çapar,
Yarılğan uçar, toz qopar,
Görəsən ki, qalan yoxdu.

 
Nigarı dərdə gətirən,
Cəsədin qəbrə yetirən,
Koroğlu namın götürən
Yurdunda son olan yoxdu.

 

«KOROĞLUNUN TÜRKMAN SƏFƏRİ”

Реклама

7MART 1926 — AŞIQ ƏLƏSGƏRİN VƏFATI

Стандартный

Ashig_Alesger

Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Atası Alməmməd kəndin hörmətli şəxslərindən sayılırdı.

Uşaqları böyüdükcə Alməmməd kişinin qayğıları da çoxalırdı. Buna görə də böyük övladı Ələsgəri 14 yaşında Kərbəlayı Qurban adlı bir varlıya nökər verir. Ələsgər 4 il Kərbəlayı Qurbanın həyətində nökərçilik edir.

Uşaqlıq və yeniyetməlik illərini Ağkilsədə keçirən Aşıq Ələsgər xüsusi təhsil ala bilməmişdi. O, sənətin sirlərini el sənətkarlarının və ağsaqqallarının yanında öyrənmişdi.

O, ilk şerlərini də yeniyetməlik çağlarında aşıqların təsiri ilə söyləmişdir.Atası onu qızılvəngli Aşıq Alının yanına aparmış, Ələsgər Alının şəyirdi olmuşdur.

Şəyirdlik dövrünü başa vurduqdan sonra Ələsgər əvvəlcə Göyçədə aşıqlıq etmiş, ağır toy məclisləri aparmışdır. Tezliklə onun şöhrəti qonşu mahallara yayılmış, Ələsgər gözəl bir sənətkar kimi İrəvana, Naxçıvana, Qazaxa, Qarabağa, Cavanşir ellərinə, Gəncəyə, Kəlbəcərə çağrılmış, hər yerdə özünün gözəl səsi, bənzərsiz ifası ilə məclisdəkiləri heyran qoymuşdur.

İlk məhəbbəti daşa dəyəndən sonra uzun müddət Səhnəbanını unuda bilməyən Ələsgər 40 yaşına qədər subay qalmış, sonra Kəlbəcərin Yanşaq kəndindən Anaxanım adlı bir qızla evlənmişdir. Aşığı görənlərin dediyinə görə, o, zəhməti sevən bir adam imiş. Yaz-yay aylarında əkinçiliklə, qışda isə aşıqlıqla məşğul olarmış. Lap qoca yaşlarında əkin əkər, yer şumlayar, taxıl və ot biçininə gedər, xırman işləri görərmiş. Onun əlindən dülgərlik, araba bağlamaq, dəyirman sazlamaq, ev tikmək işləri də gəlirmiş. Ömrünün çoxunu xalqın içərisində, toy, şadlıq məclislərində keçirən Aşıq Ələsgər təkcə Azərbaycanda yox, Türkiyədə, İranda və Dağıstanda da ustad bir sənətkar kimi tanınmışdır. 1918-1919-cu illərdə daşnakların türklərə törətdiyi qırğın nəticəsində Göyçə mahalının var-yoxu talanmış, əhali öz dədə-baba yurdunu tərk edib başqa yerlərə köçməyə məcbur olmuşdur. İki ilə qədər Yanşaqdayaşayan aşıq-şair sonra Tərtərə köçmüş, bir neçə ay da orada qalmışdır. Nəhayət, 1921-ci ildə o, Ağkilsəyə qayıtmış, ömrünün son illərini doğma kəndində yaşamışdır..

Aşıq Ələsgər 1926-cı il mart ayının 7-də doğulduğu kənddə vəfat etmiş, Ağkilsə qəbiristanlığında dəfn olmuşdur.

vikipediya

             GƏRAYLI

Qədəm qoyub asta-asta,
Sən bu diyara, xoş gəldin!
Süzdürüb ala gözləri.
Qaşları qara, xoş gəldin!

Oğrun durub, qıya baxdın,
Mücganın sinəmə çaxdın,
Cismimi yandırıb yaxdın,
Alışdım nara, xoş gəldin!

Qaynayıb, peymanım dolub,
Saralıb gül rəngim solub,
Həsrətin çəkməkdən olub,
Sinəm sədpara, xoş gəldin!

Dostun vəfasını gördüm,
Seçib, sevib, könül verdim,
Təzələndi köhnə dərdim,
Dərdimə çara, xoş gəldin!

Sinəmdi eşqin dəftəri,
Sənsən dilimin əzbəri,
Yazıq Aşıq Ələsgəri,
Çəkməyə dara, xoş gəldin!