Tag Archives: doktor Şarova

FİL! DƏVƏ!…NİZAMİ OSMANUŞAĞI BÖYÜK SÖZLƏR DANIŞIR…

Стандартный

Əlibayramlı pedaqoji məktəbində oxuyanda mənə rus dilindən Ədalət müəllim dərs deyib. Biz on beş yaşındaydıq, bəlkə ona görə Ədalət müəllimə ən azı qırx yaş verirdik, sonra bildim ki, gənc imiş, heç 30 yaşı da yox imiş. Qaraqabaq, zəhmli və xeyli sinik adam idi. Qrupda əksəriyyət savadsız idi, Ədalət müəllim qızlığına, oğlanlığına baxmadan tələbəni qaldırıb ələ salmağı sevirdi…

Hərdən Ədalət müəllim lətifə də danışırdı, yəni əxlaqi nəticəsi tələbəni alçaltmağa xidmət edən lətifə. Lətifələr heç gülməli deyildi, ancaq onları çox qaraqabaq və hətta qorxulu adam danışdığından bizə gülməli gəlirdi. Lətifələrin bir neçəsi yadımdadır. Birini danışım:

Bir padşahın gicbəsər, adam biabır edən bir oğlu olur. Bir dəfə bu padşaha başqa padşah qonaq gəlir. Əvvəl gicbəsəri bir otağa salıb gizlətmək istəyirlər, yalvarıb-yaxarır, məclisdə oturmağına razılıq verirlər. Ancaq şərt qoyurlar ki, danışmasın, danışsa da, böyük sözlər danışsın. .. Məclis başlanır. Hamı yeyib-içməkdə, söhbətdə. Bir müddət ağzına su alıb oturan padşah oğlu birdən ucadan deyir: “Fil!”. Hamı, xüsusən qonaqlar, məəttəl qalır. Ziyafət davam edir. Xeyli keçəndən sonra padşah oğlu yenə ucadan deyir: “Dəvə!” Yenə hamı çaş-baş qalır…

Məclis bitəndən sonra padşah oğluna deyir ki, sən məni biabır elədin, nə fil, nə dəvə… Oğlu deyir ki, ata, axı sən özün tapşırmışdın ki, böyük sözlər danışım…

İnternetdə sosial şəbəkələrdəki azərbaycanlı akkauntlarını görəndə bu lətifə yadıma düşür. Mənim həmvətənlərim ucdantutma mütəfəkkir olublar, Platon, Sokrat, Kant yalandır. Hamısı böyük sözlər danışır.

2007-ci ildə Şirvan Kərimovun səyi və şəxsi vəsaiti ilə əfsanəv salyanlı həkim doktor Şarovanın qəbrini tapdıq və üstünü düzəltdik. Sadə açılış mərasimi də keçirdik. Salyanlılardan cəmi iki nəfər gəldi: mənim keçmiş müəllim yoldaşım Məmmədağa Əhədli və tanımadığım təcili yardım həkimi Nizami Osmanov. Bildim ki, Məmmədağa müəllim dəvət edib, tanışdırlar.

Mən doktor Nizamini həmişə minnətdarlıqla xatırlayırdım, sonra FB-da mənə dostluq da göndərdi. Tezliklə başa düşdüm ki, Nizami həkim ixtisasını dəyişib, indi ancaq böyük sözlər danışıb İnternetdə yerləşdirməklə məşğuldur. Özü də bu böyük sözləri böyük səhvlərlə yazır. Bir dəfə şəxsi poçtuna yazdım ki, postundakı kobud bir səhvi düzəltsin. Mənə yazdı ki, sən özün məndən çox səhv edirsən…

O vaxtlardan Nizami həkimi (Nizami Osmanuşağı) izləmədim. Bir neçə il keçib. İndi səhifəsinə baxıram, görürəm böyük sözlərini doxdur indi qırmızı xalça üstünə toxuyur, xalçanın üstündə səkkiz qırmızı ürək var, bir-birinə bağlanmış bu ürəkləri iki əl tutub… Üstdə də Nizami doxdurun böyük sözləri.

Deputat deyirdi, koronovirus dövlətimiz qarşısında çarəsiz qalıb.
İndi deyəsən tərsinədi. ..”

Bu, əlbəttə, böyük sözdür, belə böyük sözləri başından çıxarmaq üçün gərək aşağı hissənlə gücənəsən, belə gücənmələr bəzən qrıjaya da səbəb olur, ancaq Nizami doxdura nə qrıja? Özü-özünü söküb tikəcək…

Bu böyük sözlərin altında 55(!) layk var. Salyanın bütün liberalları, müxalifətçiləri, demokratları öz vəcdlərini və heyranlıqlarını bu həngamə fikrin altında ifadə ediblər. Onların arasında “Fəxrəddin Dolk” adlı bir nəfər də var. Yəqin xaricidir. Nizami doxdurun böyük sözlərinin şöhrəti gec-tez Azərbaycan sərhəddini adlamalıydı…

Nizami doxdurun qızıl xalçaya toxuduğu böyük sözlər bəzən ikimənalı olur, başa düşmək üçün gərək oxucu da qurşaqdan aşağını gərginləşdirib gücənə. Qrıja alsa, zərər yoxdur, gedər Nizami doxdurun qəbuluna…

Başqa bir salyanlı mütəfəkkir Valeh Hümmətoğlu da böyük sözlər hasil edir, bəsilərini elə ağ müstəviyə sərgiləyir, bəzən Nizami doxdur kimi qızıl xalçaya toxuyur.

Seçkini saxtalaşdıran xalqın çörəyi daşdan çıxar, başı qapaz altı olar, özünüdə adam yerinə qoymazlar”.

Mütəfəkkir Hümmətoğlunun orfoqrafiyasını saxlamışam, belə böyük yazıya barmaq eləyənin əli quruyar!

Ancaq yaxşı başa düşmədim. Son vaxtlar başımım işində qüsurlar yaranır. Salyana yolum düşmür ki, başımı göstərəm. Bilmirəm Nizami doxdur başa baxır ya yox…

Valeh Hümmətoğlunun şəkilləri Tretyakov qalereyasından maraqlıdır. “İvan Qroznu oğlunu öldürür” əsəri də bu şəkillərin yanında sıfırdır. Hümmətoğlu şəkil çəkdirəndə yumruğunu çənəsinin altına qoyur ya da əlini qaşının ucuna. Elə bilirsən ki, oturub Zurab Tseretelini gözləyir ki, gəlsin bunun heykəlini yapsın…

Hümmətoğlu korrupsiyanın və korrupsiionerlərin düşmənidir. Çünki korupsiyanın nə olduğunu yaxşı bilir. Çünki mərhum atası, avtovağzal rəisi  Hümmət Əliyev Salyanın ən nümunəvi korrupsionerlərindən biri olub, Salyan avtovağzalı yaranandan yeyib…

Məmmədağa Əhədli şahiddir, bir dəfə üç müəllim oturmuşduq avtovağzalın qabağındakı skamyada, danışırdıq. Hümmət rəis bizə uzaqdan baxdı, oturuşumuz xoşuna gəlmədi, yaxınlaşıb bizi zorla durğuzdu: “Gedin, qardaşlar, burda oturmayın…”

Yuxarıdakı böyük sözlərə görə Valeh Hümmətoğlu 25 layk alıb…

Təsəvvür edin ki, ağıllarını qismən itirmiş, marazma yuvarlanmış adamlar Salyanda gəlirlər hakimiyyətə. Təsəvvür etdiniz?

Və bilirsiniz bu layklar necə alınır? Nizami doxdur 55 layk almaq üçün 155 layk qoyur. İşinin adı nədir? Mübarizə aparmağa qeyrəti yox, Kantı ya Veberi oxumağa qeyrəti yox. Səhərdən axşamacan neyləyəcək. Üstəlik axşamdan səhərə qədər də vaxt var – həmişə yatmaq olmur ki…

Təxminən on ya on beş il bundan qabaq yayda kənddəydim. Məni Salyana çağırdılar. Birinin həyətində bir az oturduq, evdə ailə gərginliyi olduğundan çıxdıq şəhərə. Daha iki nəfərə də rast gəldik. Mənim yeməyimin vaxtı çatırdı – bu vaxtlar məməm dəqiqəsiylə mənim yeməyimi verirdi. Burda qalmışdım ac. Daha pis o idi ki, istidən yanırdım, başdan ayağa tər idim, ayaqqabıarımı çıxarıb ayaqlarımı sərin suya salmaq istəyirdim. Ancaq harda? Ətrafımda naqqallıq edənlərin heç biri demirdi ki, gədək evə, bir stəkan çay içək. Acıqla onlardan rədd olub qayıtdım kəndə…

İndi bir dostu evə çağırıb bir stəkan çay içirməyə qüdrəti çatmayan insanlar İnternetdə hamam suyu ilə dost tuturlar, layk qoyub layk qoydururlar, özlərini bəşər dahisi sayırlar, öz şəkillərinə vurulurlar…

Bunlar demokrat deyillər, bunlar liberal deyillər, bunlar mütərəqqi adam deyillər. Hanı bunların arvadları? Onlar da yazırlarımı? Danışırlarmı? Layk qoyurlarımı? Layk qoydururlarmı? Ya bu kişilər ünsuiyyətə yalnız özgə arvadlarını layiq və münasib bilirlər?

Bunlardan beş nəfərinin küçəyə çıxıb piket keçirməyə qüdrəti yoxdur. Gələn icra başçısı şəhəri sökür, özü bildiyi kimi tikir, yeyir, dağıdır, bunlar da aynabənddən, pərdə arasından baxıb donquldanır, kompüter dalına keçib böyük sözlr yazmağa gücənirlər…

Salyan, vaxtilə qəza mərkəzi olmuş bu şəhər bu gündədirsə, gör başqa rayonlarımız nə gündədir. Azərbaycan milləti əsrlər geriliyindədir. Dövlətin olmağıyla millət yaranmır. Dövlət özü də bir-birylə növbələşən təsadüflərin nəticəsində yaranıb…

Məndə bu insanlar, boynuma alıram, acıma hissi yox, ikrah doğurur. Elə hesab edirəm ki, Nizami doğdurun yeri dəlixanadır. Əslində gərək bu adam, əgər dorudan da içində millət, xalq yanğısı varsa, dura Salyanın kəndlərini gəzə, ehtiyacı olanı pulsuz müayinə edə, uşaqlara baxa, havayı iynə vura… Heç olmasa, İnternetdə həkim guşəsi açıb pulsuz məsləhət verə, səhiyyə maarifi ilə məşğul ola…

Yoxsa səhərdən axşamacan: Fil! Dəvə!

Mirzə ƏLİL (X.X)

08. 06. 2020, Samara

ЛЕГЕНДАРНАЯ ДОКТОР ШАРОВА НЕ ЗАБЫТА…

Стандартный

DOKTOR ŞAROVA

Salyanın əfsanəvi oftalmoloqu, Azərbaycan SSR-nin əməkdar həkimi, əslən samaralı Klavdiya Fleqontovna Şarovanın Salyan şəhər qəbiristanında məzarı. 2007-ci ildə bərpasını və qəbirüstü abidənin hazırlanmasını Samara sakini Şirvan Kərimov öz şəxsi vəsaiti ilə həyata keçirib.

Могила легендарного сальянского офтальмолога, заслуженного врача Азербайджанской ССР, уроженки Самары Клавдии Флегонтовны Шаровой в Сальяне. Восстановление могилы и установление памятника в 2007 году за счет личных средств осуществил проживающий в Самаре уроженец Зангелана Ширван Керимов.

 

Снимок сделан 22 мая 2020 года Юсифом Сулейманлы, компьютерным инженером из Баку.

14 APREL — GÖRKƏMLİ ALİM VƏ CƏRRAH RƏŞİD TALIŞİNSKİNİN XATİRƏ GÜNÜ

Стандартный

Rəşid_Talışinski

Rəşid Rüstəm oğlu Talışinski — tibb elmləri doktoru, professor, məşhur Azərbaycan alimidir.

R.R.Talışinski 1928-ci il sentyabrın 13-də Bakıda həkim ailəsində anadan olmuşdur. 1953-cü ildə o, Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra Tacikistanda iş fəaliyyətinə başlamışdır. 1953-1956-cı illərdə o, Orconikidzeabad rayon xəstəxanasında cərrah işləmişdir. 1956-1958-ci illərdə isə Semaşko adına Bakı klinik xəstəxanasında (hazırda Klinik Tibbi Mərkəzi) təcili cərrahiyyə şöbəsinin ordinatoru və travmatologiya şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

Yüksək səviyyəli ortoped-travmatoloq, alim kimi Ukraynanın Xarkov şəhərində yetişmişdir. O, 1958-ci ildə Ukrayna Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun travmaaologiya və ortopediya kafedrasının assistenti seçilmişdir. 1962-ci ildə Moskva Mərkəzi Travmotologiya və Ortopediya İnstitutunda «Döş fəqərələrinə transplevral müdaxilənin anatomik-cərrahi əsaslanması» mövzusunda tibb elmləri namizədi dissertasiyasını müdafiə etmişdir. 1963-cü ildə dosent elmi adını almışdır. 1968-ci ildə Moskva Mərkəzi Travmatologiya və Ortopediya İnstitutunda «Geniş sümük və oynaq qüsurlarının homoplastikası» mövzusunda dissertasiya müdafıə etmiş və tibb elmləri doktoru elmi dərəcəsini almışdır.

R.R.Talışinski 1969-cu ildən M.İ.Sitenko adına Xarkov Travmotologiya və Ortopediya İnstitutunun ortopediya və bərpaedici cərrahiyyə şöbəsinin rəhbəri və Xarkov vilayətinin baş travmatoloqu işləmişdir. 1972-ci ildə professor elmi adına layiq görülmüşdür. 1973-cü ildə professor Talışinski vətənə qayıtmış və 1973-cü ildən 1975-ci ilə kimi Azərbaycan ET Ftiziatriya İnstitutunun klinik şöbəsinə rəhbərlik etmişdir.

R.R.Talışinski yüksək səviyyəli mütəxəssis, görkəmli cərrah idi. Onun geniş dünyagörüşü ətrafında olan insanları valeh edirdi. O yeni fikirlər və ideyaların daşıyıçısı idi. R.R.Talışinski çanaq sümüklərində cərrahiyyə əməliyyatlannın əsasını qoyanlardan biri idi. Döş fəqərələrində və çanaq sümüklərində aparılan 2 cərrahi müdaxilə onun adını daşıyır və indiyə kimi geniş istifadə edilir. Professor R.Talışinski dünyada lazer şüalanmasının sümük toxumasına təsiri haqqında ilk elmi əsər yazmışdır. Ortopedlər axill vətərinin uzadılması ilə əlaqədar əməliyyatlar zamanı məhz onun üsuluna üstünlük verirlər. Professor Talışinski əzələ plastikası üsulunun, oma endoprotezinin müəllifi olmuşdur. Onun rəhbərliyi ilə 11 namizədlik və 2 doktorluq dissertasiyası müdafiə olunmuşdur. O, 144 əsərin o cümlədən, «Döş və bel fəqərələrində cərrahi müdaxilələr» (Moskva, 1968), «Sümük şişlərinin müalicəsində homoplastika» (Kiyev, 1973) adh 2 monoqrafiyalarının müəllifi idi. Digər monoqrafiyada isə fəsl müəllifi olmuşdur.

Onun elmi işlərinə M.V.Volkov, Q.A.İlizarov, A.P.Skoblin, V.F.Trubnikov, V.D.Çaklin, İ.A.Movsoviç və digər məşhur alimlər əsərlərində istinad edirlər. O, 10 ixtiraya müəlliflik şahadətnəməsinin sahibidir və «Əməkdar ixtiraçı» medalı ilə təltif edilmişdir. R.R.Talışinski 1975-çi ildən 1988-ci ilədək Azərbaycan Travmatoloqlar və Ortopedlər Elmi Cəmiyyətinin sədri olmuşdur.

R.R.Talışinski 1988-ci il aprelin 14-də vəfat etmişdir.

PROFESSOR RƏŞİD TALIŞİNSKİDƏN BİR XATİRƏ

Стандартный
PROFESSOR RƏŞİD TALIŞİNSKİDƏN BİR XATİRƏ

Məşhur Azərbaycan alimi, virtuoz travmotoloq-ortoped Rəşid Talışinski haqqında Vikipediyada Azərbaycan və rus dilində yaxşı məqalələr var, ancaq, təəssüf ki, onların heç birində doktor Şarovanın adı çəkilmir.

Rəşid Talışinski 30-50-ci illərdə Bakıda yaxşı tanınan veneroloq Rüstəm Talışinskinin oğludur. Sabir Talışinski danışırdı ki, hələ Bağırov dövründə respublika rəhbərliyindən olan adamlar xəlvətcə atasının yanında cinsi xəstəliklərdən müalicə olnurmuşlar… Rüstəm Talışinski avtomibil qəzasında həlak olub.

Rəşid kiçik yaşından anasız qalıb. Anasının atası Sovetdən qabaq böyük tacir imiş, ya iyirminci illərin axırında, ya da otuzuncu illərin əvvəlində ailəsini, o cümlədən Rəşidin anasını da götürüb köçüb İrana. Rəşid qalıb atasıyla. Doktor Rüstəm bir müddət sonra Omsk tibb institutunun məzunu, əslən samaralı olan göz həkimi Klavdiya Fleqontovna Şarova ilə evlənir. Doktor Rüstəmin Klavdiyadan üç oğlu olur: İsgəndər, Sabir, Əli (Oleq). Əlbəttə, doktor Şarova Rəşidə də analıq edir.

ДОКТОР ШАРОВА

Klavdiya Fleqontovna ömrünün çoxunu Xıllıda, sonra Salyanda yaşamış, burda göz xəstəxanalarına başçılıq etmiş və Azərbaycanın əməkdar həkimi adına layiq görülmüşdü. Yetmişinci illərin axırlarına yaxın bir neçə dəfə Salyana qonaq gəlmiş Rəşid Talışinskini görmək mənə qismət olub. Professor Rəşid Klavdiya Fleqontovnanı çox sevir, ona nəvazişlə, uşaqqlıqdan adət etdiyi kimi, “Koka” deyirdi. Doktor Şarova Rəşidi öz doğma oğlanlarından ayırmır, onun yüksəlişiylə fəxr edirdi.

                PROFESSOR TALIŞİNSKİDƏN BİR HEKAYƏ

        Rəşid Talışinski Bakıda tibb institutunu qurtarandan sonra üç il Tacikistanda işləmişdi. Salyanda qonaq olanda danışırdı ki, Tacikstana könüllü gedib. “Şəhərdə qalsaydım, nə öyrənəcəkdim? Əllinci illərdə aullarda hər cür xəstəliklə rastlaşmaq mümkün idi. Gənc həkimə də bu lazımdır”, -professor belə deyirdi.

Rəşid Talışinski ünsiyyətdə çox sadəydi, rus təhsilli olmasına, uzun müddət Ukraynada yaşamasına baxmayaraq, azərbaycanca gözəl danışırdı. Məzəli sözlü, hazırcavab adam idi. Professorun bir hekayəsi yaxşı yadımdadır.

“Mən Tacikstanda təzə işləməyə başlayanda gördüm ki, ən çox yayılan xəstəlik babasildir. Qadınlı-kişili hamıda vardı. Bunuhn səbəbini tezliklə öyrəndim. Bildim ki, aullarda “su başına” çıxanda su-zad götürmürlər, özlərini torpaqla sürtürlər. Başladım taciklər rasında aftafanı təbliğ eləməyə. Hamını da olmasa, çox adama aftafa götürməyi öyrətdim…”

X.X.

газета ОЧАГ 2007-07

Стандартный

скр2007-07 очаг7_2007