Tag Archives: Bayram Bayramov

11 DEKABR — GÖZƏL NASİR VƏ MƏRD KİŞİ BAYRAM BAYRAMOVUN DOĞUM GÜNÜ

Стандартный

bayram-bayramov

Bayramov Bayram Salman oğlu — nasir, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan xalq yazıçısı (1984), Azərbaycan Dövlət Mükafatı laureatı (1990), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990). Bayram Bayramov 1918-ci il dekabrın 11-də Yelizavetpol quberniyasının (indiki Ağdam rayonunun) Şixavənd kəndində əkinçi ailəsində anadan olmuşdur. Yeddiillik kənd məktəbini bitirib Ağdam Pedaqoji Texnikumunda təhsilini davam etdirmişdir (1934-1938). Tərtər rayonundakı Qusanlı kənd natamam orta məktəbində müəllim (1938-1940), Müsəlmanlar kəndində natamam orta məktəbin tədris hissə müdiri (1940-1941), Xoruzlu kənd yeddiillik məktəbində məktəb müdiri (1941-1942) işləmişdir. Böyük Vətən müharibəsində Mozdok uğrunda döyüşlərdə iştirak etmiş, ağır yaralanmışdır (1942). Hərbi xəstəxanada sağaldıqdan sonra altı ay Yevlax rayonunun Qoyunbinəsi kənd yeddiillik məktəbində müdirlik etmişdir. 1943-cü ilin aprelində yenidən Sovet Ordusu sıralarında qulluq etmişdir. Tərxis olunub doğma kəndlərinə qayıdarkən burada pedaqoji fəaliyyətini davam etdirmişdir: yeddiillik məktəbin müəllimi (1944-1945) işləmişdir. 1945-1950-ci illərdə ADU-nun fılologiya fakültəsində təhsil almışdır. Sonra N.K.Krupskaya adına kitabxanaçılıq texnikumunda müəllim (1948-1955), radionun ədəbi dram verilişləri redaksiyasında məsul redaktor (1956-1958), «Azərbaycan» jurnalı redaksiyasında ədəbi işçi (1958-1960), Azərbaycan Yazıçılar İttifaqında nəsr üzrə məsləhətçi (1960-1963) işləmişdir. Bir müddət yenə bütün qüvvəsi ilə yaradıcılıqla məşğul olmuşdur. Dövlətnəşrkomda sədr müavini kimi çalışmışdır (1966-1971). Qarabağa Xalq Yardımı Komitəsinin sədri vəzifəsində işləmişdir (1989-cu ildən). Azərbaycan Yazıçılar Birliyi Şurasının üzvü seçilmişdir (1991).

Bədii yaradıcılığa 1950-ci ildə «Azərbaycan gəncləri» qəzetində çıxan «Körpü» adlı ilk hekayəsi ilə başlamışdır. Bakı şəhər Sovetinin (1961, 8-ci çağırış) deputatı və rayon Sovetinin (1959, 7-ci çağırış), Müstəqil Azərbaycan Respukliası Milli Məclisinin deputatı olmuşdur. «Şərəf nişanı» ordeni (1968), «Xalqlar dostluğu» ordeni (1978), «Böyük Vətən müharibəsi» ordeni (1985), «Qırmızı əmək bayrağı» ordeni (1988və medallarla təltif edilmişdir. Əsərləri SSRİ-də, eyni zamanda xarici ölkələrdə tərcümə və nəşr olunmuşdur.

Əsərləri:

Yarpaqlar (roman). Bakı: Uşaqgəncnəşr, 1961, 312 səh.

Sənsiz (povestlər). Bakı: Azərnəşr, 1963, 266 səh.

Onun gözləri (roman). Bakı: Azərnəşr, 1964, 408 səh.

Xəzinə. Bəlalı sevgim (romanlar). Bakı: Azərnəşr, 1965, 438 səh.

Arakəsmələr (roman). Bakı: Azərnəşr, 1966, 569 səh.

Üç gün, üç gecə (povestlər). Bakı: Gənclik, 1967, 472 səh.

Qaşsız üzük (povestlər). Bakı: Azərnəşr, 1977, 404 səh.

Cıdır düzü. Bakı: Yazıçı, 1979, 476 səh.

Şəhərdən gələn qız. Bakı: Yazıçı, 1984, 488 səh.

Karvan yolu (roman). I cild. Bakı: Yazıçı, 1986, 798 səh.

Karvan yolu (roman). II cild. Bakı: Azərnəşr, 1993, 430 səh.

Bayram Bayramovun povesti əsasında «Mən ki gözəl deyidim» filmi çəkilib.

1994-cü il noyabrın 9-da Bakıda vəfat etmiş, II Fəxri Xiyabanda dəfn olunmuşdur.

Vikipediya