Tag Archives: Azərbaycan

DADAŞBALA, HEY! CƏFƏRQULU, HEY! FATMANİSƏ, HEY!

Стандартный

Bu yaxınlaracan çox qəmgin olurdum ki, mən camaat arasında məşhur deyiləm, yəni küçəyə çıxanda məni tanımırlar. Uzaqdan görüb demirlər ki, Mirzə Əlil gəlir, Mirzə Əlil gedir, salam vermirlər, üzümə gülmürlər. Boynuma alım ki, canımda bir az şöhrətpərəstlik azarı var. Həm də fikirləşirəm ki, xalq tanıyar, sayar, sonra bu çatar prezidentin qulağına, bir də gördün əməkdar artist adı verib… Ancaq bu yaxınlarda Samaranın vağzalına adam ötürməyə gedəndən istəmirəm ki, məni bir adam tamısın. Ən çox da indi məni öz soydaşlarımızın tanımağından qorxuram….

Vağzala yaxınlaşdım, nə yaxınlaşdım! Elə bildim ki, Samarada yox, Azərbaycanın kolxoz bazarlarının birindəyəm. Soydaşlarımız bir qışqırırdılar, bir hay-küy salırdılar ki, qulağını tut qaç. Vağzalın yarısı bəlkə elə bizim soydaşlarımızdı və hamısı da bir-birini uzaqdan-uzağa haylayırdı: Əhməd, hey! Qarabala, hey! Qəmbərqulu, hey! Dadaşbala, hey! Ürəyimdə dedim ki indi birdən qışqıralar: Mirzə Əlil, hey! Vallah, bu iş baş versəydi, gərək elə bu vağzaldaca Mirzə Əlil ölüb yerə girəydi. Allaha çox şükür ki, tanıyan olmadı. Ancaq mənim ötürdüyüm adamı min yerdən huyladılar, yüz yürdən qamarladılar, əlli yerdən sıxışdırdılar və yazıq bir günə düşdü ki, qatara yarımcan mindi…

Bu heç, qışqırıb-bağırmağı tərgidə bilmirik. Ancaq məni bir şey də darıxdırır: bu milllət niyə belə tökülüb çöllərə? Bu millət axı Paris, London, Madrid, Peterburq muzeylərinə baxmağa getmir, Rusiya şəhərlərinə və kəndlərinə pul qazanmağa gedir. Və niyə bu pulu xalqımız pulun yerdən fəvvarə vurub çıxdığı Azərbaycanın özündə qazanmır?

Elə vağzalda bir zərdablı soydaşımızla danışdım. Samaraya qonaq gəlib. Özü də müəllimdir. Deyirəm Azərbaycanda vəziyyət necədir, deyir ki, əladır. Prezidenti soruşuram, deyir yer üzündə belə prezident yoxdur, allah başqa ölkələrə də belə prezident qismət eləsin. Manatın vəziyyətini xəbər aldım, deyir manatdan yaxşı dünyada pul ola bilməz, manata ürəyin nə istəyir verirlər: vəzifə, qulluq. İstəyirsən bir şələ manat ver, qonşunu tutdur saldır dama. Manat açan qapının yanında dollar boynunu bükür. Dedim yaxşı, məktəbdə işlər necədir, uşaqlar necədirlər, necə oxuyurlar? Zərdablı müəllim təəccüblə soruşdu ki, nə şagird? Məktəbdə şagird hardaydı? Camaat hamı Rusiyada, Türkiyədə. Qocalardan başqa kəndlərdə kim qalıb ki…

İndi özünüz fikirləşin: əgər ölkə də yaxşıdırsa, prezident də yaxşıdırsa, manat da yaxşıdırsa, niyə camaat bu yurddan çıxıb üz tutur qərib ölkələrə?

Ancaq bu yandan da fikirləşirsən ki, elə getsələr yaxşıdır. Azərbaycanda hər gün öndərimizin yeni heykəlləri qoyulur, muzeyləri yaradılır. İndi hələ həngamə bir monument də ucaldılacaq. Heydər Əliyevin hakimiyyətə gəlməyi kimi ümumbəşər hadisənin şərəfinə . Bu monumentdən gərək hər küçədə, hər tində ucaldıla. Və Azərbaycan indi çevrilməyibsə, bu-gün-sabah monumentlər, abidələr, heykəllər, muzeylər ölkəsinə çevriləcəık. Belə ölkədə də əhalinin yaşamağı məsləhət deyil. Niyə burnufırtıqlı uşaqlar bu gözəl monumentlərin həndəvərində qaçdı-tutdu oynaysınlar? Dünyada nə çox ölkə, belə uşaqlardan ötrü ölürlər, gedib yaşasınlar da. İşləməkdən qədddi əyilmiş, sinələri batmış arvadlarımız, vallah, bu gözəl ölkəyə yaraşmırlar. Onların yeri Sibirdir, Kaqalımdır, Kamçatkadır. Azərbaycanda bu gözəl-göyçək abidələri silib-təmizləməyə, ətraflarını süpürməyə beş-on min adam qalsa, bəsdir. Yaxşı işləri görməyə isə ingilislər var, almanlar var. Mən şəxsən özümü Azərbaycana yaraşdırmıram. O cür prezidenti olan ölkənin vətəndaşları da gərək seçmə ola, layiqli ola.

Ancaq ola bilsin ki, iki yüz il, üç yüz il sonra Azırbaycana ayrı bir prezident gələr, o da camaatdan olar, camaata oxşayar. Hə, onda əhali də orda yaşaya bilər. Ola bilsin ki, həmin prezident gedib çıxar lap uca bir yerə, məsələn, BMT-nin xitabət kürsüsünə və ordan başlar yazıq, dağınıq azərbaycanlıları öz ölkələrinə çağırmağa: Məmmədhəsən, hey! Fatmanisə, hey! Qəmbərqulu, hey!

Çox təəssüf, Mirə Əlil o vaxtacan yaşamayacaq ki, onun da batmış adı çəkilsin.

Təki sizin adınız çəkilsin, ay mənim didərgin, avara soydaşlarım!

 

                                                                        Mirzə Əlil

                                                                   21.07.08, Samara

 

 

 

 

VƏTƏNDƏ YÜK OLURUQ, VƏTƏNƏ YÜK KİMİ QAYIDIRIQ…

Стандартный

    

 

TƏSƏVVÜR VƏ TƏƏSSÜR

“Düzü, birinci dəfəydi ki, morqda olurdum. İndiyəcən kinolarda gördüyüm idi – elə bilirdim elə buranın morqlarında da meyitlər buzxanalrda, ya da heç olmasa ayrı-ayrı masalarım üstündə saxlanırlar. Girib dəhşətə gəldim: meyitlər dar bir yerdə vasaların üstündə üst-üstə yığılmışdılar. Özünkünü tapmaq istəyən gərək o birilərini çəçib qaldıra…”

Elxan Guliyev bunu az qala pıçıltıyla deyir, astadan danışmağı mövzunun hüznlü olmağından deyil. Bəlkə də müəllim oğlu olduğuna görə qardaşı Rövşən kimi, Elxan da səsini heç vaxt qaldırmır, emosiyalarını rənglərinin dəyişməyi, gözlərinin oynamagı göstərir. Mingəçevirdən sovet dövründə gəliblər, hər ikisi ali məktəb qurtarıb. Mühəndis işləyən vaxtları da olub. İndi tikintiylə məşğuldurlar, yəni çörək qazanırlar – hər ikisinin dörd baş ailəsi var, Elxanın ilki Leyla tibb universitetinin pullu bölməsində oxuyur. Mərhumu heç biri tanımır, Soltanov Anarin ölməyini tanıdıqları başqa bir mingəçevirlidən eşidiblər. Eşidən kimi də “Samara vilayəti azərbaycanlılarının Liqası”na xəbər veriblər, sədr Ş.Kərimov Liqa fəallarını səfərbər edib. Az vaxtda yığılan pul nəinki morqun xərclərini ödəməyə çatır, Liqanın xahişiylə Samara-Bakı avtobusu vaxtından iki gün qabaq yola düşür, bunun üçün çatışmayan sərnişinlərin də yol xərci ödənilir, qalan pul – iyirmi min rus rublu -Mingəçevirə, Anarın valideynlərinə göndərilir. Demək lazımdır ki, bütün bu zəhmət və xərci çəkənlərin arasında Anarı şəxsən tanıyanlar demək olar ki, yox idi…

Fevralın on yeddisində Samara-Bakı avtobusu sərnişinlər minməmiş on beş-iyirmi dəqiqəliyə avtovoğzalın xəlvət yerinə çəkilr… İyirmi dərəcəlik şaxtalardan gövdəsində qat salmış buzu ən geci bir gündən sonra tamam əridib axıdacaq Cənuba doğru baş götürüb gedən avtobusun yük yerində iyirmi səkkiz yaşı elə bu gnlərdə tamam olmuş mingəçerli balasının getdiyini səırnişinlərdən heç kim bilməyəcək…

AZƏRBAYCAN ƏSKƏRİ, BOŞ QALIBDI SƏNGƏRİ

Kitabxanada işlədiyim vaxtlar nahara yaxındakı pəhriz yeməkxanasına gedirdim. Tez-tez yaşı səksən həddində olan polkovniklə bir masa arxasında olurdum. Kişi bütün müharibəni keçmişdi, çaylar aşmışdı, zirvələr almışdı. Bir neçə dəfə söhbət anında ağladı – qızından danışanda. “Gərək mən öləydim, o yox. Mənim vaxtımdı,”- deyirdi. Qızı mühəndismiş, sovet təsrrüfatı dağılanda ailəni saxlamaqçın çadır satıcısı olur. Doxsanıncı illərin əvvəllərində rus şəhərlərində nəinki bütün meydanları və yol qıraqlarını, hətta yolların özünü də tutmuş çadırlarda satıcı olmaq yaxın ölümü gözünün qabağına almaq demək idi. Qışı iyirmi-otuz dərəcə şaxtada, yazı və payızı az qala dizəcən suyun içində dayanan on minlərlə, yüz minlərlə adamdan çox azı nisbi iqtisadi artım və nisbi rifah dövrünə sağlam bədənlə çıxdı, polkovnikin qızı kimi çoxlarını isə çadır həyatı iki-üç ilin içində sarsıtdı…

O vaxt minlərlə çadır Samaranı, bütün başqa rus şəhərləri kimi, qaçqın və köçgün məskəninə oxşadırdı və elə əslində çadırdakılar iyirminci əsrin axırında dünyanın ən varlı ölkələrinin birində gerçəkiyə çevrilmiş aclıqdan xilas yolu axtaran qaçqınlar idi… Xeyli hissəsi piyada zonası olan Leninqradskaya küçəsini çadırlar bir göz qırpımında tutdular, elə bil kütləvi desant atımı olmuşdu… Bir on beş ildən sonra şəhər hökuməti yalnız ağır mövqe döyüşlərindən sonra küçəni qaytara bildi, indi Leninqradskayanın yarısı dünyanın ən qəribə daşlarıyla döşənmiş, fəvvarələrlə, güllüklərlə, mücərrəd bütlərlə bəzənmiş “Samara Arbatı”na çevrilmişdir. Bərpa-quruculuq işlərinin indi-indi gəlib çatdığı yerdə “Arbat”ı kəsən Molodoqvardeyskayada hələ çadırlar qalmaqdadır. Mingəçevirli Anar bir neçə il burda işləyib, ancaq çadır satıçısı yox. Onun işi səhər çadırları qurmaq, axşamlar yığmaq imiş.

“Yox, çox qazanmazdı. Məsələn, mən bu çadıra görə Anara altmış rubl verirdim. Bir gündə qurardı beş-altı çadır, bəlkə on çadır, dəqiq deyə bilmərəm… Yük də daşıyırdı…”

Namiq Alıyev qazaxlıdır, fəxrlə deyir ki, Səməd Vurğunun kəndçisidir. İki ordunun əskəri olub. Sovet ordusunda xidmətdən bir neçə il sonra milli ordura çağırılb. Öz dediyinə görə, üç il səngərdə keçirib. Müharibədən sonra qara ciyərində əməliyyat olub. Ancaq əlillik verməyiblər. İşsizlik üzündən iki mininci ildə arvadını və iki qızını götürüb gəlib Samaraya, qardaşlarının yanına. O vaxtdan burda şalvar satır. Çənəsinəcən çəkib zəncirlədiyi idman paltarında Məhəmməd Əlinin cavanlığına oxşayır, beləsi gərək yurdunda torpaq əkə, ya da sərhəddə durub yağının ürəyinə vahimə sala… “Orda işim olsaydı, niyə gəlirdim. Müharibədən qabaq çaxır zavodunda işləmişdim, indi nə üzümlük var, nə çaxır zavodu… Anar  burdan iki addım aralı olurdu, tağlı həyətdə. Mənim kəndçim var, İsa, onunla dost idilər, qalırdı elə İsanın ailəsiylə bir yerdə, kirələdikləri evdə boş otaq vardı. Bir vaxt kartof satırdılar, deyəsən sərf eləmədi. Sonra İsa tutuldu, qarət üstündə. İndi Kryajda türmədədir. Anar bir ara ağır xəstələndi. İsanın arvadı, baldızı evlərinə yazdılar, pul yığdılar, göndərdilər onu Mingəçevirə. Hardasa yanvarın əvvəlində gördük Anar yenə qayıdıb gəlib. Danışdı ki, atasını aldadıb qaçıb. Kişi onu vağzalda tutubmuş, Anar gözünü oğurlayıb gedir Sumqayıta, orda minir qatara…”

Mən Namiqlə omun çadırının qabağında danışırdım. Fevralın axırında havalar qəfil qızmışdı və indi çadırların ətrafında əriyən buzlaqların suyu çadırlarda mal gözaltı edənlərin topuğuna qalxırdı.  İki həftə əvvəl, Anarın “siqaret almağa gedirəm” deyb evdən çıxdığı vaxt şaxta iyirmi dərəcədən çox olmalıydı.

“Axşam qayıtmayıb, sabahı gün saat dördə yaxın gəlib çıxıb. Gözlərinin altında qançırlar varmış, qan qusurmuş. Deyib ki, axşam evdən çıxan kimi milislər saxlamaq istəyib, qaçanda tutub döyüblər və aparıblar şöbəyə…”

Sonra Şirvan Kərimov yüksək vəzifəli milis tanışları vasitəsiylə Samara rayonu milis şöbəsindən etibarlı məlumat alacaq: Anarın ora gətirildiyi barədə qeyd kitabında yazı yoxdur. Bəlkə qan qusduğunu görəndə buraxıblar ki,  xatası uzaq olsun? O ki qaldı yazıya, milisə gətirilənlərin qeydi bəzən ciddi yubanmalarla aparılır…

“İsa türmədə olsa da, Anar yenə o evdə qalırdı. İsanın yoldaşı həmin gün uşaqlarıyla türməyə, əriylə üç günlük görüşə güdəcəkmiş. Anar həkim çağırtdırmağa razı olmur, dava-dərman alırlar, Elnarə gedir Kryaja. Üç gündən sonra qayıdanda qapını içəridən açmırlar…”

Elnarə xanımı görə bilmədim, Namiq dedi ki, şəhərin ucqarına, bacısının yanına köçüb, deyib ki, qonşulara qapını açdırıb içəri girən kimi dəhlizdə Anarın meyidini görəndən sonra o evdə qala bilməz…

“Vaxtını necə keçirəcək, işini görən kimi qaçırdı yaxındakı Troitsk bazarına, orda meyxana var, içirdi orda… Düzdür, xəstəlik keçirəndən sonra deyirdi ki, içmir, ancaq bilirdim ki, vurur…”

 

              ÇİN MÜDRİKLİYİ

“Bilmirəm niyə dalaşıb, deyəsən kefliymiş…”

Dalaşmağı, özü də mayorla dalaşmağı kefliliklə bağlamaq Çin müdrikliyi istəmir, ancaq bərpa-yenidənqurma işlərinin sərhəddindəki taxta hasara söykənən iş stolunun arxasında dayanan soydaşımızın üzündə əsl çinli ciddiliyi var və on ildən bəri gördüyü işlə də Samarada onunla qardaşından başqa yalnız çinlilər məşğul olurlar. Yardımlı törəməsi, ali təhsilli tikinti mühəndisi Aydın açar düzəldir. Anarı uzaqdan-uzağa tanıyırmış. “Hadisə baş verəndə mən işə çıxmırdım, xəstəydim… On gün yatmışam…”

Aydının rəngi indi də kül kimidir. On ilin şaxtası, rütubəti, hisi-pası onun canındadır, ancaq tikintiyə qayıtmaq fikri yoxdur, deyir ki, nəhayət, kiçik bir dükan qoymağa icazə alıblar…

“Qanun-qaydayla yaşayan adamın burda milislə problemi yoxdur. Mən səksən beşdən burdayam, milis mənə dəyib-dolaşmır…” “Anarın milislə nə problemi vardı?” “Mən onunla maraqlanmırdım. Fırlanırdı burda. Bir dəfə mayorla dalaşmışdı…” “Əməli-başlı?” “Hə də, deyəsən vurmuşdu mayoru. Arabayla həyətdən çıxanda dəyib mayora, mayor onu məzəmmət edib, o da… Bu çoxdan olub…” “Bəs tutmadılar Anarı?” “Tutmadılar. Deyəsən pul düzəldib verdilər. Bəlkə evdən də göndərmişdilər…” “Deyirsiniz lap əməlli-başlı mayor idi? Bəlkə…” “Yox ey, mayor idi… Deyəsən yanğınsöndürmə mayoru…”

SİNİFLƏR BOŞALIR, ÖLKƏ BOŞALIR

Mingəçevirli Afiqi iki həftə gözlədim. O, Samara vilayətinin Bezençuk şəhərində məzuniyyətdə idi və gəlib çıxmaq bilmirdi.

“Şirkətimiz burdadır, ayrı-ayrı yerlərdə işləyirik, əsasən bank binalarında. Yox, mən sənədlə işləyirəm, bir illik icazə ilə, vaxt çatanda sərhəddi keçib gəlirəm, təzədən iş icazəsi alıram”

Afiq Mingəçevirdə Anarla bir məktəbdə oxuyub, bir neçə sinif  yuxarı, ancaq yaxşı tanıyırmış – Anar babat futbolçu olub.

“Ailələrini yaxından tanımıram, atası Qarabağ kanalında işləyirdi. İki bacısı var. Anar Bakıda peşə məktəbində oxumuşdu, bir il Moskvada dayısının yanında oldu, sonra gəldi Samaraya. Burda heç kimi yoxdu, elə eşitmişdi ki, burda çoxlu mingəçevirli var, ona görə. Mən ailəliyəm, işim də gərgindir, şəhərdə az oluram, ancaq hərdən gedib dəyirdim. İçməyi vardı, danlayırdım. Həmin gün getmişdim ora, məni görüb çətinliklə durdu, ancaq çox otura bilmədi. Gözünün altında qançır vardı. İndi deyirlər qabırğası da çatlayıbmış. Təklif elədim həkim çağıraq, istəmədi. Mən də tələsirdim…” “Anar cüssəli adamdı?” “Yox əşi, çəlimsizdi”. “Bəs deyirlər bir dəfə bir mayoru döyüb?” “Yox əşi, nə döymək, nəsə olmuşdu… Deyəsən ikisi də kefliymiş. Mən həmin mayoru bir dəfə gördüm, yekəpərin biriydi… Anarı axtarırdı…” “Döyməyə?” “Yox, bilmirəm niyə. Düzəlişdilər. Bəlkə də pulla… Anar xəstəlikdən, içməkdən zəifləmişdi. Boyu da metr altımış…” “Hardan belə dəqiq bilirsiniz?” “Bunu morqda dedilər…” “Sizcə, o niyə evdən qaçırdı? Burda nə ev, nə fərli bir iş…” “Bilirsiniz, onun sinif yoldaşlarının hamısı Rusiyadadır. Gəlir Mingəçevirə, bir tanış tapmır, başlayır darıxmağa. Mənim sinif yoldaşlarım da gedib. Demək olar ki, hamısı. Sibirə, bura, Komiyə…” “Komidə kömür çıxarırlar?” “Yox, alverdıdilər”. “Bəs deyirlər Mingəçevirdə çoxlu iş yerləri açılıb, elə deyil?” “Bunu bilmirəm, bildiyim odur ki, millət hamı qaçıb dağılıb…”

PATALOQOANATOMLRI YAXŞI TANIYIRIQ,

                          ÖZÜMÜZDƏ ELƏLƏRİ VAR Kİ…

 

“Kişi deyilsən? Kişisənsə, çıx bayıra, danışaq!”

Culfalı Cəməd Hüseynovun “danışmaq” istədiyi adam morqun pataloqoanatomu idi. Verdiyi kağızda yazılmışdı ki, Anar ikitərəfli sətəlcəmdən ölüb. İndi pəncərə dalında durub mərhumun kimini qəzəb, kimini məyusluq, kimini acizlik hissi sarmış soydaşlarına baxırdı. Elxan Quliyev sonra danışırdı ki, içəridə uşaqların bir neçəsi yumşaqlıqla təkid edəndə pataloqoanatom Anarın bədənində əzintilərin olduğunu etiraf edib…

Meyiti götürüb şəhərin küçələrinə çıxarmaq təklifi dəstəklənmədi. Tərəvəz bazasının mollalıqla məşğul olan bir fəhləsi yasin oxudu. Ya axır vaxtlar qarın yırtığına uğradığına görə, ya ruhani peşəsinə təzə başladığına görə, fəhlə mollanın tələffüzündə elə zarıltılı uzunluq vardı ki, deyirdin daha bu gün morqun həyətindən çıxmayacaqsan…

P.S. İnternetdə Mingəçevirə aid şəkillər axtardım, nə qədər  “quql”ladımsa, fərli bir şey çıxmadı – indi dayanmış zavod sexləri və s. Qatar şəkli mənə maraqıı gəldi – Mingəçevir-Bakı elektrik qatarı. Yaxşı çəkilib, elə bil qatar şahə qalxıb. Bəlkə elə bu qatarla Mingəçevir cavanlarının çoxu doğma şəhərdən gedirlər. Hərə bir arzuyla, bir niyyətlə. Günlərin bir günü reys avtobusunun yük yerində qayıda biləcəyini, əlbəttə ki, onlardan heç biri düşünmür…

fevral-mart 2008, Samara