Tag Archives: Aşıq Pənah

«SƏNİ MƏNƏ VERMƏZƏR?» QIRIŞMAL, XALQIN GƏLİNİNİ KİM VERƏR SƏNƏ?

Стандартный

SARI GƏLİN.jpg

Hər dəfə “Sarı gəlin” mahnısını eşidəndə, Məşədi İbad demişkən, halım pərişan olur. Deyirəm birdən qeyrətli Azərbaycan oğullarından birini qeyrət boğar, cin vurar beyninə və bu oxuyanı salar təpiyinin altına.

Vallah, hə…

Mən bu mahnını Salyanda heç vaxt eşitməmişəm. Aşıq Pənah rəhmətlik Lenindən, kolxozdan, partiyadan, Kür çayından, kürüdən oxuyardı, ancaq bu “Sarı” gəlin mahnısını yox. Çünki hər salyanlı iki bıçaq gəzdirir, biri cibində, bir çəkməsinin boğazında. Ona görə bu mahnının Salyanda elə bir dəfə oxuyardın, özü də yarısınacan, birinci bəndi bitirməmiş başını bədənindən ayırardılar.

Bu mahnını Bülbül oxumayıb, Xan oxumayıb, Rəşid Behbudov oxuayıb. Dəli deyildilər ki, oxuyalar. Canlarından bezçəmişdilər ki. Bu mahnını oxuyandan sonra onlar Bakının küçələrinə necə çıxardılar?

İndi özünüz fikir verin. Mahnının adı “Sarı” gəlindir. Sarı —  gəlinin rəngidir. Yəni bu gəlin göyçəkdir, ifadəmə görə dönə-dönə üzr istəyirəm. “Gəlin” isə ərli cavan qadındır. Yəni qız uşağı deyil, dul arvad da deyil. Bu sarı göyçək xanımın əri var, əri olmayana “gəlin” deməzlər. İndi bizim oxuyan üzünü tutub bu ailəli qadına, deyir “Səni mənə verməzlər”!

Fikrim çatdı sizə?

Ay haramzada, necə verərlər ya verməzlər? Sən xalqın kəbinli arvadını başdan çıxarmaq istəyirsən, özü də deyirsən “verməzlər”? Verməzlər mədir, şəkililər demişkən, ha indi sənin dilini boğazından çıxarmazlarmı? Ha indi sənin qol-qabırğanı sındırmazlarmı?

Ay haramzada, sən bəs canından bezmisən ki, xalqın gəlininə mahnı oxuyursan? Gəlinə mahnı oxuyar qayınatası, qayıanası, ya qanuni əri. Sən gəlib durmusan xalqın qapısında, xalqın namusuna, qeyrətinə sataşırsan. Ha indi sənin ağzın cırılmalı deyilmi?

Allah, sən özün saxla!

Millət necə xarab olub gedib! İndi bəlkə elə Salyanda da təzə aşıqlar bu abırsız mahnını oxuyurlar. Hanı Salyanın qoşa bıçaqlı qoçuları? Ay qoçu Səmid, hardasan! Qeyrət getdi!

Hərdən öz-ğözümə fikirləşirəm ki, bəlkə bu, ermənilərin fitnəsidir. Yəni bəlkə onlar bizə bu mahnını qəsdən oxudurlar, özü də acığa salırlar ki, səhərdən axşamacan oxuyaq. Bunu edirlər ki, sonra bizə yüksək tribunalardan gülsünlər, desinlər ki, bunlar bir- birlərinin gəlinlərinə mahnı oğuyurlar…

Allah onların cəzasını versin, bizə hər bəla onlardan gəlir…

Mirzə Əlilin də, özünü tərifləmək olmasın, babat səsi var. Düzdür, toya-zada getmirəm, çünki pula ehtiyacım yoxdur, ancaq  Volqanın qırağında xəlvətə çəkilib xalqımızın gözəl mahnılarını zümzümə edirəm. Ancaq “Sarı gəlini” oxumuram. Çünki burda erməni çoxdur. Qorxuram oxuduğum yerdə biri kolun dibindən çıxa, və özünü meymuna oxşadıb deyə: “Kirvə, nə gəlin? Kimin gəlini?”

Şeytana min lənət!

MİRZƏ ƏLİL

28.08. 2019

Samara