Mənə dünən kim zəng vursan yaxşıdır? Millətimizin yeni televiziya ulduzu Ramiz Mikailov! Elə həyəcan keçirdim ki, dilim tutuldu, bu nadir insana dərin hörmətimi əməlli-başlı ifadə edə bilmədim. Cənab Mikayılov özü mənə xeyli xoş söz deyib keçdi mətləbə.
— Mirzə, mən sənin məqalələrini və felyetonlarını birinci rus dili olmaqla xarici dillərə tərcümə elətdirmək istəyirəm, gərək sən razılığını verəsən. Hərçənd sənin razılığın olmadan bu iş başlanıb. Bir neçə tərcüməçi sənin əsərlərini rus dilinə çevirir. Sonra ingilis, Çin, erməni tərcüməçiləri tutacam.
— Cənab Mikayılov, yəni mən bu işə layiqəm?
— Layiqsən, Mirzə. Sənin yazdıqlarını xalq oxuyub gülür, bizim də vəzifəmiz xalqı güldürmək, kefini açmaqdır. Mən özüm gündə ekran qarşısında dombalaq aşıram ki, gözəl milləimizin ürəyi və başqa yerləri açılsın. Qoy başqa millətlər də görsünlər ki, biz necə şən xalqıq. Ermənilər düzən Qarabağı tutsalar da, kefimizdən qalan deyilik.
— Cənab Mikayılov, axı bu tərcümə işinə çoxlu pul lazımdır. Sənin pulun varmı?
— Mirzə, mənim pulum yoxdur, pullu adamlarım var ki, türkün məsəli, durublar dalımda. Elkaponi müəllim xərcini çəkər, çünki Elkaponi müəllim sənin felyetonlarının fanatıdır.
— Cənab Mikayılov, birdən Elkaponi müəllim pul vermədi, onda necə?
— Qorxma, Mirzə, mən pulu özüm də qazana bilərəm sənin xətrinə. Mən bu işə görə lap noçnoy baboşka olmağa hazıram…
Bu yerdə mənim şoğərib telefonum söndü. Çox köhnəlib, gərək dörd-beş sifarişli felyeton yazam ki, təzə telefon ala biləm… Hə, bu şoğərib telefon söndü, cənab Mikailovla söhbətimiz qaldı yarımçıq. Və mən başa düşmədim ki, cənab Mikailov pulu necə qazanmaq istəyir. Bəlkə deyirmiş “noçnaya babuşka?” Yəni gecələr uşağa, ya xəstəyə baxan. Bəlkə deyirmiş “noçnaya baboçka?” Ancaq “noçnaya baboçka” nə ilə məşğul olur, bilmirəm. Bəlkə xəstəxanadan morqa ölü daşıyır? Burda bir tanış var, deyir ki, “noçnaya baboçka” gecələr yolda durur. Çox hirsləndim, dedim ay kişi, özünü ələ al, cənab Mikayılov millət lideridir, gedib yolda niyə durmalıdır… Vallah, özüm də çaş-başam. Ancaq bu insanda ədəbiyyata, felyeton janrına olan sevgiyə heyran qalmışam…
İndi gözləyirəm ki, mənim əsərlərim xarici dillərdə nə vaxt çıxacaq. Bəlkə bir az pul da verdilər. Çinlilərdən pul əvəzinə çay almağa da razıyam. Nə gizlədim, çayım qurtarır…
Telefonu düzəldən kimi özüm cənab Mikailova zəng vuracağam ki, işin nə yerdə olduğunu öyrənim…
Mirzə ƏLİL
26.04. 2020, Samara
Для отправки комментария необходимо войти на сайт.