Category Archives: MƏQALƏLƏR

ЛЕВ ТОЛСТОЙ: «У МАГОМЕТАН НЕТ БОГА, КРОМЕ БОГА…»

Стандартный

С ВНУКАМИ, 1909, МАЙ

13 МАРТА 1909

«Л. Н. рассказал, что получил письмо от одной матери, пишет: отец — магометанин, она православная, два сына: один учится, другой — офицер. Они оба хотят перейти в магометанство2.

Софья Андреевна: Из-за многоженства: допускают много жен.

Л. Н.: Что же, много жен. У нас мало ли?

Софья Андреевна еще что-то заметила.

Л. Н.: У них правило — одноженство. Если человек может жить с одной женой, то лучше; многоженство — урегулирование.

После Л. Н. говорил, что ему, задумавшемуся над этим письмом, многое выяснилось:

— Магомет постоянно приводит Евангелие. Христа не признает богом и себя не выдает за бога. У магометан нет бога, кроме бога, и Магомет пророк его. Нет никаких догматов, никаких таинств. Что лучше: православие или магометанство? Для меня ясно, что магометанство лучше. — Помолчав короткое время, Л. Н. повторил: — Магометанство, без сравнения, лучше православия. Магометанство мне очень помогло».

Реклама

BU ŞƏKLƏ DİQQƏTLƏ BAXIN: KİMƏ OXŞADIRSINIZ?

Стандартный

Nurəddin Xoca.jpg

 

Bu şəklə diqqətlə baxın. Tanıyanlar bilir ki, bu kişi kimdir, nəçidir. Tanımayanlar onu aşbaza, dönərçiyə, qızıl alverçisinə, tamadaya, heyvan bazarında dəllala bənzədə bilərlər.

Mən şəxsən əlli il bundan qabaq Salyanın heyvan bazarında bu şəkildəki adama əkiz qardaş kimi oxşayan dəllal görmüşəm.

Salyanın mərhum bir qoçusuna da oxşayır. Xüsusən üzüyündən və boynundakı zəncirdən…

(Zəncir bir tərəfdə, divanə bir tərəfdə…”)

Elə bilirəm ki, tiryəkçiyə də oxşadanlar tapılar…

Ancaq bu adam tamada deyil, dönərçi deyil. Teref.az saytının baş redaktoru Nurəddin İsmayılov – Nurəddin Xocadır.

Mən şəklə baxıb adamlar haqqında fikir yürütməyin tərəfdarı deyiləm. Ancaq Nurəddin Xoca, deyəsən, bu işin aludəsidir. Mənim İnternetdəki şəkillərimə baxıb, bu nəticəyə gəlib ki, mənim başım xarabdır.

Özü iddia edir ki, bu nəticəyə ondan əvvəl iki başqa mətbuat orqanında gəliblər, o da buna “mətbu marağı”nı görüb öz saytında yerləşdirib.

Birdən-birə mənə, mənim şəkillərimə, mənim ruhi vəziyyətimə belə kütləvi maraq? Kütləvi-informasiya marağı?

Dünənəcən Xoca-zad tanımırdım. Dünəndən tanımışam, heç şad deyiləm.

İnternetdə oxuyuram ki, Qarabağ müharibəsində komandir olub. Vallah, hərbçilərimizə mənim böyük hörmətim var. Ancaq mən bu Xocaya necə hörmət edim? Məni saytında “dəli” adlandırır, özü də üzümə dirənib deyir ki, buna “mətbu marağı” var.

Yaxşı zabit, döyüşçü tanımadığı bir insanı ləkələyən yazını kiminsə kampaniyasına qoşulub çap edərdimi?

Zənnimcə, eləməzdi.

Üzr-zad da istəmir. Deyir “mənlik burda nə var?”

Yox. Xocanın yaxşı komandsir olmağına məndə dərin şübhə var.

1993-cü ildə, mühariə gedəndə “Əsgər marşı” adlı şeir yazmışdım.

Bəlkə gecə, bəlkə səhər —
Bəlkə əcəl tələsir.
Bəlkə onu vurub sərər,
Yoldaşının gülləsi.
Bəlkə çatmaz Tanrı dada,
Bəlkə əsir tutular.
Bəlkə satar komandiri,
Bəlkə nazir satılar…

Mən demirəm ki, Xoca əsgərlərini satıb. Ancaq belə bir ehtimal oluna bilər. Axı mən də azərbaycanlıyam, milli ədəbiyyat qarşısında az-çox-xidmətim də var, sən məni niyə dəli adlandırırsan? Elkopenidən nə qədər almısan? Ya elə havayı başqalarının ləyaqətinə toxunmaq sənin üçün hobbidir?

Mən Nurəddin Xoca ilə qısaca yazışdım, “sən” deyir, danışdığı kimi yazır, видимо, считает, что так – круто…

Mən istəyirdim ki, bu məsələ az-çox abırlı şəkildə yoluna qoyulsun. Ancaq bu Xoca məni dağa-daşa saldı.

Daha məndən inciməsin.

X.X.

       

 

HİCABI DA DANIRAM…

 

Hörmətli Nurəddin İsmayılov!

Təklifinizi qəbul edib saytınızda əsasən mənə həsr olunmuş bir yazıyla bağlı fikirlərimi yazıram.

Siz elektron poçtla qısa yazışmada mənə deyirsiniz ki, yazı sizin deyil, əvvəlcə Dia. Az-da, sonra Araz.az-da gedib, “mətbu marağını” əzərə alıb siz də öz saytınıza qoymusunuz.

Yeri gəlmişkən, deyim ki, mən yaşda sizdən böyüyəm, 65 yaşım var, əlli ildir yazıram, indiyəcən mənə Azərbaycanda “mətbu marağı” yox idi, niyə iki günün içində mətbu marağı yarandı, özü də kütləvi? Bu marağı mən yarada bilməzdim, şübhəm yoxdur ki, o, Elkaponinin (Fizuli Məmmədov) buyruğu ilə yaranıb.

Məqalə müəllifi yazır ki, Xeyrulla Xəyal haqqında məlumatı Samarada bir “etibarlı mənbədən” alıb. Etibarlı mənbənin adı yoxdur? Etibarlı mənbə adını niyə gizlədir? Məndən qorxur? 65 yaşlı çəlimsiz bir qocadan?

“Etibarlı mənbə” məqalə müəllifinə bildirib ki, Xeyrulla Xəyal böhtanla, insanlara qara yaxmaqla məşğuldur. Bəs niyə demir ki, kimə böhtan atmışam və kimə qara yaxmışam? Mən 12 ildən çox (2004-2016) “Ocaq qəzetinin redaktoru olmuşam, qəzetin 138 nömrəsi çıxıb, hamısı da qalır. Yəni kimin haqqında nə yazdığım heç kimdən gizli deyil. Buna nə “etibarlı mənbə”? Mən burda polkovnik paltarı geyib sadə qəlbli rus arvadlarını “yeyən” azrəbaycanlı praporşikdən yazmışam, bu, böhtan deyil, inzibati orqanlar da bilirlər. Bəlkə mən adını deyim?

Mən arvadını güllələyib sonra şərləyən, pulla özünü qurtaran, sonra Azərbaycan təşkitaı qeyddən keçirib hörmətli məclislərə bizdən qabaq özünü soxan insandan yazmışam. Bu da böhtan deyil, sənədlər var. Adını niyə gizlədirlər? Qəzetdə hamı öz adıyladır. “Etibarlı mənbə” elə o adamlardır, mən onları yaxşı tanıyıram.

İndi Mirkazım Seyidovdan bir neçə kəlmə. Bu adamla Yaşa Paşayevin İnternetdəki biabırçı söyüşməsindən sonra mən İnternet səhifəmdə felyeton yazmışam. Yaşa Paşayev məqalədə göylərə qaldırılan bu adamı zorlamaqla hədələyir, Mirkazım Kazımov da akademik Fazil Qurbanovu onun “krışası”, “vor v zakone” adlandırır. Mən bəlkə də təsadüfən gördüyüm bu videoaya məhəl qoymazdım, ancaq bir ay qabaq heç vaxt üzünü görmədiyim Yaşa Paşayev İnternetdə məni oğurlatdırıb öldürməklə hədələmişdi. İndi İjevsk şəhər polis idarəsi onu axtarır.

Siz bu adamları ləyaqətli sayırsınız? Bunlar Azərbaycan milləti üçün fəlakətdir. Bunları tanıyan ruslar bizə hörmət edə bilərmi?

İndi Fizuli Məmmədov barədə. Mən heç kimin biznesi ilə və nə qədər pul qazanmağıyla heç vaxt maraqlanmımaşam. Ancaq hər hansı azərbaycanlı yerindən durub bütün diaspora başçılıq etmək iddiasına düşən kimi mən öz fikrimi bildirirəm. Çünki bilirəm, ki, bu cənab təşkilatı qeyddən keçirən kimi başlayacaq özünü dövlət başçısı kimi aparmağa, hamının adından bəyanat verməyə, bu gün Krımı alqışlayacaq, sabah Suriyanı və Krımla Suriya arasında Qarabağı qaytarmaqdan danışacaq…

Mən Qarabağ veteranlarından piar kimi istifadəni eşşəklik sayıram. Azərbaycan dövləti buna yol verməməlidir. Azərbaycan dövləti onsuzda büdcədən qidalanan “jurnalistlərə” ev verir, sayı 2 000-çatmış yazıçılar birliyinin vecsi üzvlərinə ev verir, niyə veteranlar Elkaponi kimi insanlara möhtac olmalıdırlar?

Siz istərdiniz ki, Elkaponi millətə rəhbərlik eləsin? Ümumiyyətlə, mən 40 ilə yaxındır ki, Rusiyada yaşayıram, heç bir rəhbərə ehtiyacım yoxdur, burda mənim azərbaycanlı rəhbərim Üzeyir Hacıbəyovdur, Bülbüldür, Cəlil Məmmədquluzadədir…

Sizə guya “mətbu marağı” ilə gəlib çıxan mətnin əsil müəllifini mən yaxşı tanıyıram: bu, Anar Həsənovdur. Mən gəncliyimdə müəllim olmuşam, xətti və üslubu ayrıd edə bilirəm, bir neçə gün bundan qabaq Anar Həsənov mənim haqqımda FB-da təhqirli post yazmışdı, bu “məqalə” onun davamıdır. Qoy yazsın, nəyə layiq olduğunu göstərir. Haqqında yazdığım yalançı polkovnik rus arvadlarını yeyirdi, Anar Həsənov da özünü “jurnalist” qələmə verib yemək yeri tapıb…

Sizə və sizinki kimi marginal mətbuat orqanlarına məndən ən fəal “donos” göndərən Elmar Rəsulovdur, indiyəcən yer üzündə yaşamış insanların ən rəzili. Ona abırlı adam əl verməz, o sizin üçün “etibarlı mənbədir”. Həyatının on ildən çoxunu məndən müxtəlif orqanlara, oi cümlədən prezident adminstrasiyasına, MTN-ə “material” göndərməklə məşğuldur.

Siz “etibarlı mənbə”ni neynirsiniz? Bütün yazdıqlarım İnternetdə var. Mənim iki bloqumda, hamısı da öz adımla.

Kül sizin başınıza!

Yenə “mətbu marağı” barədə. Keçən il Bakıda Şekspirin sonetləri mənim tərcüməmdə çıxıb – paralel mətnlərlə. Niyə Azərbaycandakı yüzlərlə mətbuat orqanından biri bu barədə bircə sətir də yazmadı?

Keçən il “Ədəbiyyat” qəzetində Bodlerin şeirləri mənim orijinaldan tərcüməmlə çıxıb. Niyə mətbu marağı olmayıb?

Bir neçə il əvvəl “Ocaq” səhifəsində Starçevskinin lüğəti haqqında ilk məlumatı mən vermişəm, 19-cu əsrin sonlarında çıxmış o lüğətdə bizim dilimiz “Azərbaycan dili” adlanır, kitab da məndə olub, sonra onu yaxşı bir azərbaycanlı linqvistə hədiyyə elədim. Mənim o məlumatım bloqdan 1400 dəfə paylaşılıb. Niyə sizə gəlib çıxmayıb?

Mən rus, ingilis, fransız dillərindən  30 min misradan çox şeir tərcümə eləmişəm – niyə buna “mətbu marağı” yoxdur?

Yenə o yazıya qayıdım. Müəllif mənim şəkillərimə baxıb məni psixoloji xəstə adlandırır. Bəlkə mətbu marağını bu yaradıb?

Ayıb deyil?

Bəli, mən özümü azad adam sayıram. Mən fikir, düşüncə əsarətinin düşməniyəm.

Sizə “etibarlı mənbə”nizin  demədiklərini də deyirəm:

  1. Nizamini fars şairi sayıram.
  2. “Sarı gəlini” erməni melodiyası sayıram.
  3. Əminəm ki, Stepanakert heç vaxt Azərbaycanın tərkibinə qayıtmayacaq və bütün səylər qıraqdakı ərazinin qaytarılmasına yönəlməlidir.
  4. Ən şok etiraf: hicabı da danıram!

Sonda məsləhət görərdim ki, hamıya, yaşından və sosial statusundan asılı olmayaraq, “siz” deyəsiniz. Azərbaycanlılar özlərinin və bir-birlərinin ləyaqətlərini qorumasalar və bu ləyaqəti ən vaciub dəyər saymasalar, hökumət də insanlarla gədə-güdə kimi davranacaq.

P.S. “Ocaq” qəzetinin nəşri 2016-cı ilin avqustundan dayandırılıb. İnternetdəki «Очаг» adlı səhifə  mənə məxsusdur, ordakı bütün yazılar mənimdir.

Xeyrulla Xəyal

20.09. 2019, Samara

HƏDİYYƏNİ MÜAMİLƏYƏ BƏNZƏDƏN HƏDİS

Стандартный

MƏHƏMMƏD FÜZULİ 1494-1556

Füzulinin nəzmə çəkdiyi (Caminin fars versiyası əsasında) 40 hədisin biri hədiyyə mövzusundadır. Mən hədiyyəyə həsrr edilmiş hədisləri İnternetdə axtardım (rus dilində olanları), onların hamısında hədiyyə təriflənir və hansı halda hansı hədiyyə vermək barədə tövsiyyələr edilir.

Ancaq Füzulinin nəzmə çəkdiyi hədisdə hədiyyəyə ilk baxışdan çox gözlənilməz münasibət var. Yəni Füzulidə hədiyyənin əslində hamıya məlum olan neqativ tərəfi açılır.

Birinci beytdə hədiyyənin yaxşı tərəfləri gpstərilir:

Dustlardan həmişə xoş görünür,

Bir-birin hədyə ilə etmək yad.

Bunu hamımız bilirik: hədiyyə vermək və almaq xoşdur. Ancaq hədiyyənin başğarısına çevrildiyini də bilirik. İkinci beyt bu barədədir:

Hədyə irsalı bir müamilədir,

Ki, məhəbbət olur onunla ziyad.

Füzuli şeirlərini çoxdan oxumayanlar üçün izah edirəm: hədiyyə alan adam elə bil ki, sələmçidən pul götürür, yəni müamiləyə girir. Bu müamilə də iki insan arasında olan məhəbəti məhv edir. Yəni indi hədiyyə alan elə bil faizlə də yüklənir və məcburdur ki, daha bahalı hədiyyə ilə borcdan çıxsın…

Əlbəttə, Peyğəmbərə aid edilən hədislərin hamısının hökmən onun dilindən deyildiyiyi şübhəlidir, hədislər Peyğəmbərin vəfatından iki əsr sonra yazılıb. Hədiyyə haqqında olan hədisin də peyğəmbərə aid olduğunu iddia etmək çətindir. Ancaq ciddi psixoloji, sosial və məişət problemini bu cür dəqiq mə inanılmaz dərəcədə yığcam verən hədis əsil şedevrdir.

X.X.

 

REPUTASİYALAR VƏ EPİTAFİYALAR

Стандартный

 

 

1981-ci il dekabrın 19-da Ədəbiyyat institunun müəllimi Yuri Tomaşevski III kurs tələbələriylə seminar keçirdiyi kiçik auditoriyaya girib salamlaşır və əlindəki “Litaraturnaya qəzeti”ni” qeyzlə masanın üstünə atıb deyir: “Lap abır-həyanı itiriblər!” Literaturkanın birinci səhifəsində Brejnevin portreti və onun beşinci qızıl ulduzla təltif olunduğu barədə fərman var – bu gün Baş katibin yetmiş beş yaşı tamam olur. “Aleksandr İsayeviç burda olanda yenə bir az özlərini yığışdırırdılar, onun təkcə ölkədə olmağı xeyli adamı məcbur edirdi ki, özlərini ləyaqətlə aparsınlar…”- deyə Tomaşevski qəzeti qaldırıb yenə masanın üstünə atır. O öz-özüylə danışır, içərisində azərbaycanlılar da olan üçüncü kurs tələbələri, dərsə çox vaxt gəlməyən bir neçə nəfər moskvalı istisna olmaqla, siyasətdən kənardılar. Azərbaycanlılar, əslinə qalsa, elə ədəbiyyatdan da kənardılar – ancaq bu, ayrı söhbətdir… Tomaşevskinin kimi konkret qınadığını demək çətindi – Brejnevə ulduz verənləri? Yazıçı qəzeti olan Literaturkanı? Bütün yazıçıları? Aleksandr İsayeviçsə, əlbəttə, Soljenitsın idi – Brejnevçiliyin siyasi və estetik antipodu. Onun yanında, əlbəttə, özünü yığışdırarsan… Qonaq kimi gəldiyim seminarın onsuz da iflic olmuş işindən yayınıb bir vaxt Bakıda gördüyüm bir səhnəni xatırladım. 1980-ci ilin günəşli yanvar günlərinin birində o vaxt uğurlu sayılan bir xeyli yazıçı İttifaqın qabağında yığışıb qeybət qırır. Birdən hamı susub özünü yığışdırır və indiyəcən şəkillərdən və televizordan tanıdığım Anarın adamlara baxmadan, verilən salamları demək olar ki, cavabsız qoyaraq keçib getdiyini görürəm…

Və tərslikdən elə həmin saniyə yadıma təxminən bir il əvvəl etibarlı bir adamdan eşitdiklərim düşür. Peşəkar ədəbiyyatçı olan həmin adam deyirdi ki, güya Heydər Əliyevin bütün ciddi nitq və məruzələrinin “üslubunu Anar düzəldir”. Əlbəttə, peşəkar üslubşünaslar mərhum Əliyevin çıxışlarındakı bədiiliklərin kimə məxsus olduğunu çox da çətinlik çəkmədən müəyyənləşdirə bilərlər. Bəlkə də Anarın o çıxışlara aidliyi rəzil uydurmadır, hərçənd bunu mənə danışan adam əslində “üslubçuluğa” Anarın brilyant istedadının daha bir gözqamaşdırıcı tərəfi kimi baxırdı. Ancaq Anar istedadının yalnız brilynatlığını qəbul edən, “üslubçuluğu”, “katibliyi” isə, əgər bunlar olubsa, ləkə — brilyant üçün —  sayanlar da var…

Hə, deyək ki, bu, rəzil uydurmadır… Ancaq bir vacib şey var. Buna oxşar bir şey Soljenitsın barəsində uydurula bilərdimi? Brejnev məruzələrinin üslubunu Aleksandr İsayeviç yaradır… Bu, heç lətifə də sayılmazdı, ruslar belə şeylərə “boz madyanın sayıqlaması” deyirlər…

Biz şəxsi reputasiyaların milli varlıq və milli şüur üçün vacibliyi barədə çox az düşünürük. Dünyanı nasizm fəlakətinə uğratmış almanların sivil xalqlar ailəsinə qaytaran yalnız onların yeddi nəsil qabağa da boyunlarına məsuliyyət götürməy, açıq tövbə  peşmanlıq etirafları yox, həm də və daha artğq dərəcədə ümumdünya hörməti və etibarı qazanmış milli reputasiyaların əsrlərin dərinliklərindən baş qaldırıb yeni nəslə zamin durmasıdır. Tolstoyu, Dostoyevskini, Çexovu, Puşkini, Axmatovanı, Tsvetayevanı tanıyanlar, əlbəttə, ruslardan və ruslarla danışanda hökmən ədəb-ərkan gözləyirlər. Bu adamlar rus milli özünütanımasının özəyi olduqları kimi, həm də mənəvi oriyentir və dayaqdırlar. Millət də bütövlükdə, ayrı-ayrı adamlar kimi, büdrəyə bilir. Qalxmağa usə ümummilli reputasiyalar kimi söykənclər lazımdır. Linkolnun dediyi kimi, bioqrafiya üçün  fəxrli olan yıxılmamaq deyil, fəxrli olan – hər yıxılanda necə qalxmaqdır…

“On dördüncü əsr yıxılır, durur, Tutur o dahinin ətəklərindən…” Bunu Xəlil Rza Nəsimi haqqında deyib. Əlbəttə, hər millətin öz on dördüncü əsri var, tanrı bizi milli məhdudluq bəlasından saxlasın, biz yaxşı bilirik, məsələn, İtaliyada elə o vaxtlar necə əjdahalar olub. Ancaq Nəsimiyə verilən tərifdə şişirtmə yoxdur, onun reputasiyası əsr üçün doğrudan da şərəfdir. Və Nəsimi bizim milli şüur üçün çoxdandır ki, təkcə  bir şer, beş şer və hətta bütün yaradıcılıq yox, həm də və bəlkə də başlıca olaraq reputasiyadır. Başlıca ona görə ki, indi millətimiz üçün mənəviyyat, əxlaq məsələsi estetika məsələlərindən vacibdir.

Nəsimi heykəli üçün, əgər onun əsl portretləri qalsaydı, ad da artıq olardı. Tanımayanlar üçün – hə, adı yazıla bilər. Başqa heç nə. Peputasiya rəmzi olan Nəsimi adı heykələ həkk oluna biləcək hər şerdən tutumludur. “Görkəmli”, “böyük” sözləri Nəsimi adının yanında cılız görünür.

“Güman edirəm ki, Xəlil Rzanın parlaq həyatı…” Sitatı kəsirəm – cümlə uzundur, hərçənd nekroloqdan ya ədəbiyyatşünaslıq məqaləsindən götürülməyib. Xəlil Rzanın yaradıcılığına həsr olunmuş bütöv bir abzas onun Salyandakı heykəlinə həkk olunub. Müəllifi Heydər Əliyevdir.

İndi deyəcəksiniz ki, yəqin üslub müəllifi Anardır. Bunu mən demirəm…

Ümumiyyətlə, Xəlil Rzanın Salıyandaki heykəli abidə deyil, siyasi performansdır. Büstün altında türklərə həsr olunan şer yazılıb: ”Çadırımız göy qübbəsi…””Bayrağımız al günəşdir…” Tanrı günahımdan keçsin, bu, kitçdir. Mərhum şairimiz kitçi və epatajı sevirdi…

Heykəlin arxasına da şer həkk olunub – ümumiyyətlə reputasiyaya təhlükə həmişə və hər səmtdən var, xüsusən arxadan, gərək arxanı qoruyasan… “Azadlıq Allahı – tək, Əyləşib öz yerində, Yerin-Göyün nuru var, Peyğəmbər gözlərində…”

Yəqin siz də başa düşmədiniz – Azadlıq Allahdır yoxsa peyğəmbər? Və həm də yəqin yer-göy Allah (ya da peyğəmbər) gözündən işıqlanar, əksinə yox… Əlbəttə, məktəbdən otuz ildir ayrı düşdüyümə görə bəlkə də mən şeri qanmıram, həm də şer onun bədii məziyyətlərinə görə yox, sovet vaxtı deyildiyi kimi, ideya-məzmununa görə heykələ vurulub. “Gedir Polad çiynində Kəpəz-Qoşqar boyda yük Dədə Heydər – Ata Türk”…

Cənablar, bizim … yox, siyasətlə işimiz yoxdur… estetik vəziyyətimiz çox acınacaqlıdır. Necə deyərlər, ölmüşük, yerdən götürənimiz yoxdur… “Allah əyləşib öz yerində…”

Professor Xalıq Koroğlu bir vaxt kəmsavad alimlərimizin Avropa İntibahını Azərbaycan zəmininə keçirmək cəhdlərini vulqar və qeyri-elmi sayırdı və burda məsələ təkcə sənətkarlık miqyasında, tarixi, tipoloji fərqlərdə deyildi. İntibah təkcə sənət yox, həm də şəxsiyyət azadlığı standartlarıdır. “Padşaha məktub yazıb özünü onun qapısındakı it adlandıran şair necə İntibah adamı sayıla bilər?”- deyə Xalıq Hüseynoviç təəccüblənirdi…

Xəlil Rza çılğın adamdı, çılğınlıq isə bütün mənəvi qüvvələrin və milli intellektin səfərbərliyini tələb edən mübarizədə heç də gərəkli keyfiyyət deyil. Çılğınlıq vurnuxma mənbəyidir, siyasi meylli ədib vurnuxanda da… Onun heykəlində salyanlı xuliqanların cıza biləcəyi qraffiti də bu “şerlər”dən abırlı görünərdi…

İndiyəcən çiynində qara çanta Xaqani küçəsiylə ətrafına baxmadan gedən cavan Anar gözümün qabağındadır… Mən onda lap cavandım və dayaq, oriyentir axtarırdım. Anarın kitablarını əslində gec oxumağa başlamışam, ondan əvvəl Tolstoyu, Dostoyevskini və az qala bütün Balzaki oxumuşdum. Anar mənim üçün yazıçılıqdan çox xadim kimi vacib idi, bu barədə bir vaxt onun özünə yazmışdm və o da mənə, zavod fəhləsinə, uzun cavab yazmış, kitablarını hədiyyə göndərmişdi. Mən bu kitabları əzizləyib saxlayıram…

Anarın evolyisiyası nə vaxt başlanıb? Bəlkə Birinci katibin nitqlərinə “gözəllik verəndə”? Və üslubçuluq” söhbəti yalandırsa, onda necə?

Biz indi Anar-hakimiyyət münasibətlərinin təbiəti üzərində düşünsək, görərik ki, əslində nə olubsa da, bir şey olmayıb: qarşıdurma. Anarla siyasi rejim arasındakı nisbi və müvəqqəti ziddiyyətlər estetik təbiətlidir, zövq məsələsidir, bu da öz növbəsində nəsil ovqatlarıyla bağlıdır. Yaşa dolan Anar cəmiyyəətdə yeganə layiqli ünsiyyət və dialoq partnyorunu iqtidarda görür. Hippilik bitir, saqqal qırxılır, azmış oğul Ata ağuşuna qayıdır. İncil süjetinə parodiya – yetmişinci illərin ortalarında “azmış” oğulların hamısı bağışlandı: dövlət mükafatları, vəzifələr, mənzillər…

Anar–iqtidar mifik ixtilafından “o, sovet gerçəkliyinə əyri güzgülərdə baxır” məzəmməti qaldı.

Anarın sayəsində Seyfulla Əsədullayev də Azərbaycan ədəbiyyatı tarixinə düşdü… Ruslar belə halda deyirlər: kak bloxa na sobake…

Lap vurun məni öldürün, Anarın indiyəcən sədr kabinetində oturmağı mənə ağır gəlir. Ona məhkəmənin qərarıyla bu iş kəsilsəydi, başa düşmək olardı. Könüllü…

Deyir ki, güya getsə, ittifaq dağılar. Həm də deyir ki, 1100 nəfərdən yalnız yüzü əsl yazıçıdır. Bəs onda təmir kimin üçün edilir – min yüz nəfəırçin ya yüz nəfərçin?

Yaradılan konsert zalına kim gedəcək? Min yüz ya yüz? Nə çalınacaq? Motsart, Üzeyir bəy ya Vəziroğlunun sözlərinə yazılmış mahnılar?

Deyir ki, çoxlu yaradıcılıq planları var, sədrlik macal  vermir. Anar müəllim, bəs niyə tüpürmürsünüz sədrliyə?

Yazıçılar İttifaqı, mən bilən, elə sovet vaxtı olduğu kimi, siyasi hakimiyyətin üzvi hissəsidir, iqtidarın özü kimi bürokratlaşmış ideoloji orqandır və ittifaq sədrinin kabinetində oturan adam hakimiyyətin elədikləri üçün məsuliyyətə tam şərikdir. Türməyə salınan, qol-qabırğası sındırılan, bıçaqlanan jurnalistlərə görə də.

Hakimiyyət hərisliyini Anar, əlbəttə, “ədəbiyyatın gələcəyi”, “ədəbiyyatın mənafeyi” kimi pafoslu ibarələrlə pərdələyir. Elə bil ayrı planetdən gələnlərin başı tovlanılır və durub inanacağıq ki, Nəsimi, Füzuli, Molla Pənah(Vaqif yazmıram, o qədər Vaqif əmələ gəlib ki…), “Dədə Qorqudu”, “Koroğlu”nu yaradanlar İttifaqdan çıxıblar. Əksinə, İttifaq Cavid kimi əjdahaları gedər-gəlməzə göndərib və başqa ölkələrin cinayətkar təşkilatlarından fərqli olaraq, heç tövbə-zad da eləməyib…

Azərbaycan mədəniyyəti qarşısında fövqəladə xidmətləri olan Anar, şübhəsiz ki, indi itirilmiş reputasiyadır. Özü üçün yox, öz reputasiyasına Anarın necə baxması adekvatlıq məsələsidir.

Anar reputasiyası bizim hamımız üçün itirilib. Çünki polis dəyənəyiylə feodal hüquqsuszluğu və şəxsiyyətsizliyi şəraitinə dəhmərlənib aparılan xalqın həm etibarlı oriyentirlərə, həm də sınanmış dayaqlara ehtiyacı var.

Yadınızdadırsa, məsələ dolaşanda və heysiyyətə təhqir təhlükəsi yarananda Mirzə Səfər(Mirzə Səfər də milli reputasiyadır!) döyüşə atılmasa da, bir şeyi bacarırdı: o, papağını götürüb gedirdi…

Yubiley müsahibələrində Anar deyir ki, özünü qoca saymır. Onu qoca sayan kimdir ki? Allah uzun ömür versin və günlərin birində papağını götürüb adını çarəısizlikdən “xalqa xidmət” qoyduğu padşah ğulluğundan gedə bilsin…

18-19mart 2008, Samara

 

YAĞMALANDIQ, XANIM, YAĞMALANDIQ…

Стандартный

        

 

Bah, Rusiyanın yeni prezidenti azərbaycanlılarsız seçilsə, onun legitimliyi şübhəli olar ki!

Fevralın iyirmi üçühdə, indi Vətən müdafiəçisi (futbol müdafiəçisiylə qarışdırmayın) günü” “Yedinaya Rossiya” partiyasının Mərkəzi Siyasi şurasının (!) bir üzvü ilə Samara azərbaycanlılarının görüşü oldu. “Samara vilayəti azərbaycanlıları Liqa”sının ofisində Üzvün təşəbbüsü ilə keçirilən görüşdə məqsəd azərbaycanlıları Medvedevə səs verməyə çağırmaqdı. “Medvedevdən yaxşısı yoxdur,” — deyən  Üzv nədənsə gözlərini Putinin divardan asılmış portretindən çəkmirdi.

Az qala qırx il əvvəl, hələ Brejnevin çənəsi yerində olan vaxtlar mənimlə oxuyan bir oğlan Əlibayramlıdaki mağazaların birində uca və həyəcanlı səslə piştaxta dalında durmuş heybətli  kişidən soruşdu: ”Əmi, yaxşı köynəyiniz var?”  Əlində iti ucları metal örtüklü ağac metrlə o yan-bu yana gedən ucaboy, yekəburun kişi birdən dayanıb mənim modabaz yoldaşıma elə acıqla baxdı ki, elə bil metrlə vurub başını yaracaqdı. “Heç pisi də yoxdur!”

O vaxtlar sadə xalq üçün köynək seçimi yox idi, hərə tapdığından geyirdi.

Medvedevi çoxdan Prezident seçmiş Kreml ondan yaxşısını istəyənlərin başlarını indi raritetə çevrilmiş ağac metrlə vurub yarmır, ancaq ölçülərini götürür.

Soydaşlarımızın lap hamısı seçkiyə gedib Medvedevin əleyhinə səs versələr də, Medvedev seçiləcək. Rusiyada tam hüquqlu bir seçici var və o da seçimini edib. Məqsəd Samarada mümkün qədər yüksək nəticə almaqdır – təzə prezidentin vilayət rəhbərliyinə münasibəti xeyli dərəcədə bundan asılı olacaq.

Ancaq söhbətimin mövzusu Rusiya seçkiləri deyil.

Üzvlə görüşə elə azərbaycanlılar gəlmişdi ki, onlar cəmiyyətin qapısinı heç 20 yanvarda ya 26 fevralda keçirdiyimiz matəm mərasimlərində də açmırlar.

İkinci hacılıq ziyarətindən təzə qaytmış soydaşımız elə nəhləyə-nəhləyə gəldi ki, elə bil iranlı ayatullanın cümə nitqinə gecikəcəkdi…

“Bunun ardınca, xanım, görəılim kimlər yetdi…”

İki dəfə hacı da “Vahid Rusiyanın üzvüdür”, bəlkə də Tehrandan ona risalə gəlib ki, iki dəfə hacılar rus partiyasına girə bilərlər…

Fevralın iyirmi altısında Xocalı qırğınıyla bağlı mərasimə iki dəfə hacı gəlmədi.

Mərasimdə Üzvlə görüşə yığılanların çoxu yoxdu…

Gələnlər, hər il olduğu kimi, mərhum Çingiz Mustafayevin yazısına baxdılar. Hər il baxılsa da, “yumru-yumru ağlayan, yanıq cigərcigini tağlayan” olur.

Xanım, bəs sonra?

“Əgər çobanla varacaq olursam, Qalın Oğuz bəgləri bənim başıma qaqinc qaxarlar”.

Deyirəm bəlkə məsələnin həllinə xalqla birgə çalışmağı Azərbaycan prezidenti də özü üçün əskiklik sayır və elə buna görə xalqı sarıyıb…

Yəni ağaca…

Bəs xalq?

“Qaraca çoban zərb elədi, qaba ağacı yerilə-yurdilə qopardı, arqasına aldı…”

Niyə bəs xalq zərb eləmir?

“Qara-qara dənizlərin gəmisi ağac…”

Bizim sarındığımız ağac heç əsl ağac da deyil, hipnozdur, ilğımdır, xülyadır. Dartınmağımız kifayətdir ki, azadlıq yoluna, qeyrət yoluna düşək.

“Qanda gəzirdin, nerədəydin…” Bunu bəlkə bir on-on beş il sonra Çingiz bəyin yazısına baxan gənclər atalarından soruşalar.

“Partiya iclaslarında…”

Bunu deməyə onların dili gələcəkmi?

Ya heç beş-on il sonranın gəncləri o yazını da görməyəcək. Çingiz bəyin adı və amalıyla bağlı telerşırkət yağmalandığı kimi, o yazi da yandırılıb külə çevrilə bilər…

“Nə ağlarsan, nə bozlarsan? Bağrımla ürəgim nə tağlarsan?”

Dərd çoxdur, xanım, dərd çoxdur…

                                                                       27.02.2008 0:14:37, SAMARA 

VƏTƏNDƏ YÜK OLURUQ, VƏTƏNƏ YÜK KİMİ QAYIDIRIQ…

Стандартный

    

 

TƏSƏVVÜR VƏ TƏƏSSÜR

“Düzü, birinci dəfəydi ki, morqda olurdum. İndiyəcən kinolarda gördüyüm idi – elə bilirdim elə buranın morqlarında da meyitlər buzxanalrda, ya da heç olmasa ayrı-ayrı masalarım üstündə saxlanırlar. Girib dəhşətə gəldim: meyitlər dar bir yerdə vasaların üstündə üst-üstə yığılmışdılar. Özünkünü tapmaq istəyən gərək o birilərini çəçib qaldıra…”

Elxan Guliyev bunu az qala pıçıltıyla deyir, astadan danışmağı mövzunun hüznlü olmağından deyil. Bəlkə də müəllim oğlu olduğuna görə qardaşı Rövşən kimi, Elxan da səsini heç vaxt qaldırmır, emosiyalarını rənglərinin dəyişməyi, gözlərinin oynamagı göstərir. Mingəçevirdən sovet dövründə gəliblər, hər ikisi ali məktəb qurtarıb. Mühəndis işləyən vaxtları da olub. İndi tikintiylə məşğuldurlar, yəni çörək qazanırlar – hər ikisinin dörd baş ailəsi var, Elxanın ilki Leyla tibb universitetinin pullu bölməsində oxuyur. Mərhumu heç biri tanımır, Soltanov Anarin ölməyini tanıdıqları başqa bir mingəçevirlidən eşidiblər. Eşidən kimi də “Samara vilayəti azərbaycanlılarının Liqası”na xəbər veriblər, sədr Ş.Kərimov Liqa fəallarını səfərbər edib. Az vaxtda yığılan pul nəinki morqun xərclərini ödəməyə çatır, Liqanın xahişiylə Samara-Bakı avtobusu vaxtından iki gün qabaq yola düşür, bunun üçün çatışmayan sərnişinlərin də yol xərci ödənilir, qalan pul – iyirmi min rus rublu -Mingəçevirə, Anarın valideynlərinə göndərilir. Demək lazımdır ki, bütün bu zəhmət və xərci çəkənlərin arasında Anarı şəxsən tanıyanlar demək olar ki, yox idi…

Fevralın on yeddisində Samara-Bakı avtobusu sərnişinlər minməmiş on beş-iyirmi dəqiqəliyə avtovoğzalın xəlvət yerinə çəkilr… İyirmi dərəcəlik şaxtalardan gövdəsində qat salmış buzu ən geci bir gündən sonra tamam əridib axıdacaq Cənuba doğru baş götürüb gedən avtobusun yük yerində iyirmi səkkiz yaşı elə bu gnlərdə tamam olmuş mingəçerli balasının getdiyini səırnişinlərdən heç kim bilməyəcək…

AZƏRBAYCAN ƏSKƏRİ, BOŞ QALIBDI SƏNGƏRİ

Kitabxanada işlədiyim vaxtlar nahara yaxındakı pəhriz yeməkxanasına gedirdim. Tez-tez yaşı səksən həddində olan polkovniklə bir masa arxasında olurdum. Kişi bütün müharibəni keçmişdi, çaylar aşmışdı, zirvələr almışdı. Bir neçə dəfə söhbət anında ağladı – qızından danışanda. “Gərək mən öləydim, o yox. Mənim vaxtımdı,”- deyirdi. Qızı mühəndismiş, sovet təsrrüfatı dağılanda ailəni saxlamaqçın çadır satıcısı olur. Doxsanıncı illərin əvvəllərində rus şəhərlərində nəinki bütün meydanları və yol qıraqlarını, hətta yolların özünü də tutmuş çadırlarda satıcı olmaq yaxın ölümü gözünün qabağına almaq demək idi. Qışı iyirmi-otuz dərəcə şaxtada, yazı və payızı az qala dizəcən suyun içində dayanan on minlərlə, yüz minlərlə adamdan çox azı nisbi iqtisadi artım və nisbi rifah dövrünə sağlam bədənlə çıxdı, polkovnikin qızı kimi çoxlarını isə çadır həyatı iki-üç ilin içində sarsıtdı…

O vaxt minlərlə çadır Samaranı, bütün başqa rus şəhərləri kimi, qaçqın və köçgün məskəninə oxşadırdı və elə əslində çadırdakılar iyirminci əsrin axırında dünyanın ən varlı ölkələrinin birində gerçəkiyə çevrilmiş aclıqdan xilas yolu axtaran qaçqınlar idi… Xeyli hissəsi piyada zonası olan Leninqradskaya küçəsini çadırlar bir göz qırpımında tutdular, elə bil kütləvi desant atımı olmuşdu… Bir on beş ildən sonra şəhər hökuməti yalnız ağır mövqe döyüşlərindən sonra küçəni qaytara bildi, indi Leninqradskayanın yarısı dünyanın ən qəribə daşlarıyla döşənmiş, fəvvarələrlə, güllüklərlə, mücərrəd bütlərlə bəzənmiş “Samara Arbatı”na çevrilmişdir. Bərpa-quruculuq işlərinin indi-indi gəlib çatdığı yerdə “Arbat”ı kəsən Molodoqvardeyskayada hələ çadırlar qalmaqdadır. Mingəçevirli Anar bir neçə il burda işləyib, ancaq çadır satıçısı yox. Onun işi səhər çadırları qurmaq, axşamlar yığmaq imiş.

“Yox, çox qazanmazdı. Məsələn, mən bu çadıra görə Anara altmış rubl verirdim. Bir gündə qurardı beş-altı çadır, bəlkə on çadır, dəqiq deyə bilmərəm… Yük də daşıyırdı…”

Namiq Alıyev qazaxlıdır, fəxrlə deyir ki, Səməd Vurğunun kəndçisidir. İki ordunun əskəri olub. Sovet ordusunda xidmətdən bir neçə il sonra milli ordura çağırılb. Öz dediyinə görə, üç il səngərdə keçirib. Müharibədən sonra qara ciyərində əməliyyat olub. Ancaq əlillik verməyiblər. İşsizlik üzündən iki mininci ildə arvadını və iki qızını götürüb gəlib Samaraya, qardaşlarının yanına. O vaxtdan burda şalvar satır. Çənəsinəcən çəkib zəncirlədiyi idman paltarında Məhəmməd Əlinin cavanlığına oxşayır, beləsi gərək yurdunda torpaq əkə, ya da sərhəddə durub yağının ürəyinə vahimə sala… “Orda işim olsaydı, niyə gəlirdim. Müharibədən qabaq çaxır zavodunda işləmişdim, indi nə üzümlük var, nə çaxır zavodu… Anar  burdan iki addım aralı olurdu, tağlı həyətdə. Mənim kəndçim var, İsa, onunla dost idilər, qalırdı elə İsanın ailəsiylə bir yerdə, kirələdikləri evdə boş otaq vardı. Bir vaxt kartof satırdılar, deyəsən sərf eləmədi. Sonra İsa tutuldu, qarət üstündə. İndi Kryajda türmədədir. Anar bir ara ağır xəstələndi. İsanın arvadı, baldızı evlərinə yazdılar, pul yığdılar, göndərdilər onu Mingəçevirə. Hardasa yanvarın əvvəlində gördük Anar yenə qayıdıb gəlib. Danışdı ki, atasını aldadıb qaçıb. Kişi onu vağzalda tutubmuş, Anar gözünü oğurlayıb gedir Sumqayıta, orda minir qatara…”

Mən Namiqlə omun çadırının qabağında danışırdım. Fevralın axırında havalar qəfil qızmışdı və indi çadırların ətrafında əriyən buzlaqların suyu çadırlarda mal gözaltı edənlərin topuğuna qalxırdı.  İki həftə əvvəl, Anarın “siqaret almağa gedirəm” deyb evdən çıxdığı vaxt şaxta iyirmi dərəcədən çox olmalıydı.

“Axşam qayıtmayıb, sabahı gün saat dördə yaxın gəlib çıxıb. Gözlərinin altında qançırlar varmış, qan qusurmuş. Deyib ki, axşam evdən çıxan kimi milislər saxlamaq istəyib, qaçanda tutub döyüblər və aparıblar şöbəyə…”

Sonra Şirvan Kərimov yüksək vəzifəli milis tanışları vasitəsiylə Samara rayonu milis şöbəsindən etibarlı məlumat alacaq: Anarın ora gətirildiyi barədə qeyd kitabında yazı yoxdur. Bəlkə qan qusduğunu görəndə buraxıblar ki,  xatası uzaq olsun? O ki qaldı yazıya, milisə gətirilənlərin qeydi bəzən ciddi yubanmalarla aparılır…

“İsa türmədə olsa da, Anar yenə o evdə qalırdı. İsanın yoldaşı həmin gün uşaqlarıyla türməyə, əriylə üç günlük görüşə güdəcəkmiş. Anar həkim çağırtdırmağa razı olmur, dava-dərman alırlar, Elnarə gedir Kryaja. Üç gündən sonra qayıdanda qapını içəridən açmırlar…”

Elnarə xanımı görə bilmədim, Namiq dedi ki, şəhərin ucqarına, bacısının yanına köçüb, deyib ki, qonşulara qapını açdırıb içəri girən kimi dəhlizdə Anarın meyidini görəndən sonra o evdə qala bilməz…

“Vaxtını necə keçirəcək, işini görən kimi qaçırdı yaxındakı Troitsk bazarına, orda meyxana var, içirdi orda… Düzdür, xəstəlik keçirəndən sonra deyirdi ki, içmir, ancaq bilirdim ki, vurur…”

 

              ÇİN MÜDRİKLİYİ

“Bilmirəm niyə dalaşıb, deyəsən kefliymiş…”

Dalaşmağı, özü də mayorla dalaşmağı kefliliklə bağlamaq Çin müdrikliyi istəmir, ancaq bərpa-yenidənqurma işlərinin sərhəddindəki taxta hasara söykənən iş stolunun arxasında dayanan soydaşımızın üzündə əsl çinli ciddiliyi var və on ildən bəri gördüyü işlə də Samarada onunla qardaşından başqa yalnız çinlilər məşğul olurlar. Yardımlı törəməsi, ali təhsilli tikinti mühəndisi Aydın açar düzəldir. Anarı uzaqdan-uzağa tanıyırmış. “Hadisə baş verəndə mən işə çıxmırdım, xəstəydim… On gün yatmışam…”

Aydının rəngi indi də kül kimidir. On ilin şaxtası, rütubəti, hisi-pası onun canındadır, ancaq tikintiyə qayıtmaq fikri yoxdur, deyir ki, nəhayət, kiçik bir dükan qoymağa icazə alıblar…

“Qanun-qaydayla yaşayan adamın burda milislə problemi yoxdur. Mən səksən beşdən burdayam, milis mənə dəyib-dolaşmır…” “Anarın milislə nə problemi vardı?” “Mən onunla maraqlanmırdım. Fırlanırdı burda. Bir dəfə mayorla dalaşmışdı…” “Əməli-başlı?” “Hə də, deyəsən vurmuşdu mayoru. Arabayla həyətdən çıxanda dəyib mayora, mayor onu məzəmmət edib, o da… Bu çoxdan olub…” “Bəs tutmadılar Anarı?” “Tutmadılar. Deyəsən pul düzəldib verdilər. Bəlkə evdən də göndərmişdilər…” “Deyirsiniz lap əməlli-başlı mayor idi? Bəlkə…” “Yox ey, mayor idi… Deyəsən yanğınsöndürmə mayoru…”

SİNİFLƏR BOŞALIR, ÖLKƏ BOŞALIR

Mingəçevirli Afiqi iki həftə gözlədim. O, Samara vilayətinin Bezençuk şəhərində məzuniyyətdə idi və gəlib çıxmaq bilmirdi.

“Şirkətimiz burdadır, ayrı-ayrı yerlərdə işləyirik, əsasən bank binalarında. Yox, mən sənədlə işləyirəm, bir illik icazə ilə, vaxt çatanda sərhəddi keçib gəlirəm, təzədən iş icazəsi alıram”

Afiq Mingəçevirdə Anarla bir məktəbdə oxuyub, bir neçə sinif  yuxarı, ancaq yaxşı tanıyırmış – Anar babat futbolçu olub.

“Ailələrini yaxından tanımıram, atası Qarabağ kanalında işləyirdi. İki bacısı var. Anar Bakıda peşə məktəbində oxumuşdu, bir il Moskvada dayısının yanında oldu, sonra gəldi Samaraya. Burda heç kimi yoxdu, elə eşitmişdi ki, burda çoxlu mingəçevirli var, ona görə. Mən ailəliyəm, işim də gərgindir, şəhərdə az oluram, ancaq hərdən gedib dəyirdim. İçməyi vardı, danlayırdım. Həmin gün getmişdim ora, məni görüb çətinliklə durdu, ancaq çox otura bilmədi. Gözünün altında qançır vardı. İndi deyirlər qabırğası da çatlayıbmış. Təklif elədim həkim çağıraq, istəmədi. Mən də tələsirdim…” “Anar cüssəli adamdı?” “Yox əşi, çəlimsizdi”. “Bəs deyirlər bir dəfə bir mayoru döyüb?” “Yox əşi, nə döymək, nəsə olmuşdu… Deyəsən ikisi də kefliymiş. Mən həmin mayoru bir dəfə gördüm, yekəpərin biriydi… Anarı axtarırdı…” “Döyməyə?” “Yox, bilmirəm niyə. Düzəlişdilər. Bəlkə də pulla… Anar xəstəlikdən, içməkdən zəifləmişdi. Boyu da metr altımış…” “Hardan belə dəqiq bilirsiniz?” “Bunu morqda dedilər…” “Sizcə, o niyə evdən qaçırdı? Burda nə ev, nə fərli bir iş…” “Bilirsiniz, onun sinif yoldaşlarının hamısı Rusiyadadır. Gəlir Mingəçevirə, bir tanış tapmır, başlayır darıxmağa. Mənim sinif yoldaşlarım da gedib. Demək olar ki, hamısı. Sibirə, bura, Komiyə…” “Komidə kömür çıxarırlar?” “Yox, alverdıdilər”. “Bəs deyirlər Mingəçevirdə çoxlu iş yerləri açılıb, elə deyil?” “Bunu bilmirəm, bildiyim odur ki, millət hamı qaçıb dağılıb…”

PATALOQOANATOMLRI YAXŞI TANIYIRIQ,

                          ÖZÜMÜZDƏ ELƏLƏRİ VAR Kİ…

 

“Kişi deyilsən? Kişisənsə, çıx bayıra, danışaq!”

Culfalı Cəməd Hüseynovun “danışmaq” istədiyi adam morqun pataloqoanatomu idi. Verdiyi kağızda yazılmışdı ki, Anar ikitərəfli sətəlcəmdən ölüb. İndi pəncərə dalında durub mərhumun kimini qəzəb, kimini məyusluq, kimini acizlik hissi sarmış soydaşlarına baxırdı. Elxan Quliyev sonra danışırdı ki, içəridə uşaqların bir neçəsi yumşaqlıqla təkid edəndə pataloqoanatom Anarın bədənində əzintilərin olduğunu etiraf edib…

Meyiti götürüb şəhərin küçələrinə çıxarmaq təklifi dəstəklənmədi. Tərəvəz bazasının mollalıqla məşğul olan bir fəhləsi yasin oxudu. Ya axır vaxtlar qarın yırtığına uğradığına görə, ya ruhani peşəsinə təzə başladığına görə, fəhlə mollanın tələffüzündə elə zarıltılı uzunluq vardı ki, deyirdin daha bu gün morqun həyətindən çıxmayacaqsan…

P.S. İnternetdə Mingəçevirə aid şəkillər axtardım, nə qədər  “quql”ladımsa, fərli bir şey çıxmadı – indi dayanmış zavod sexləri və s. Qatar şəkli mənə maraqıı gəldi – Mingəçevir-Bakı elektrik qatarı. Yaxşı çəkilib, elə bil qatar şahə qalxıb. Bəlkə elə bu qatarla Mingəçevir cavanlarının çoxu doğma şəhərdən gedirlər. Hərə bir arzuyla, bir niyyətlə. Günlərin bir günü reys avtobusunun yük yerində qayıda biləcəyini, əlbəttə ki, onlardan heç biri düşünmür…

fevral-mart 2008, Samara