ƏVƏZ ZEYNALLI: Hörmətli tamaşaçılar, bu gün verilişimizin qonağı bəşərin vucdanı, eşqi, ürəyi xalqımızın zehni, düşüncəsi, xoş gələcəyi Cahandar Bayoğludur. Söhbətimizin mövzusu helikopterdir.
CAHANDAR BAYOĞLU: “Helikopter” demə, Əvəz bəy, bu söz mənim türk heysiyyətimə toxunur. Bu sözü türk dünyasının düşməni Soros yaradıb.
ƏVƏZ ZEYNALLI: Elə mənim də türklülüyümə toxunur, hətta, ayıb olmasın, türkün məsəli, bəzi ayrı yerlərimə də dəyir. Helikopter əvəzinə yaxşı bir söz var: Dikuçar! Necədir, Cahandar ağa?
CAHANDAR BAYOĞLU: Gözəl! Sənə bu sözə görə Nobel mükafatı düşür. Mən özüm İsveç kralı ilə şəxsən danışıb o mükafatı sənə verdirəcəm.
ƏVƏZ ZEYNALLI: Sağ ol, Cahandar ağa, mən mükafat üçün işləmirəm, xalqıma xidmət edirəm. Mükafatı da alan kimi paylayacam yetim-yesirə… Bir kron da özümə xərcləyən deyiləm… Deməli, bu şoğəribin adını qoyduq “Dikuçar”.
CAHANDAR AĞA: Əvəz bəy, bəlkə bizi izləyən millətə başa salasan, niyə “Dikuçar”?
ƏVƏZ ZEYNALLI: Çünki bu şoğərib yerdən dik qalxır.
CAHANDAR BAYOĞLU: Onda təklif edirəm ki, “Dikqalxar” deyək, çünki qalxanda dik qalxır, uçanda dik uçmur.
ƏVƏZ ZEYNALLI: Doğru buyurursan, Cahandar ağa. Ancaq “Dikqalxar” sözündə ahəng qanunu pozulur. Bəlkə “Dikenər” deyək? Çünki bu şoğəriblər, xüsusən Rusiyada istehsal olunanlar, çox dik enirlər…
CAHANDAR BAYOĞLU: Gözəl, çox gözəl!..Dikenər, dikenər…
Mirzə ƏLİL
03.12. 2021, Samara
Для отправки комментария необходимо войти на сайт.