Anar Vaqif oğlu Əliyev (28 avqust 1980; Boyaqlı, Kəlbəcər rayonu, Azərbaycan SSR — 21 oktyabr 2020; Tuğ, Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən Müharibəsi Qəhrəmanı.
2018-ci ilin may ayında Şərur rayonunun Günnüt kəndində baş tutan Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun əks-hücum əməliyyatı nəticəsində Günnüt kəndi işğaldan azad olunmuşdur. Anar Əliyev bu əməliyyatda yaxından iştirak etmiş və fərqlənmişdir.
Anar Əliyev 28 avqust 1980-ci ildə Kəlbəcər rayonunun Boyaqlı kəndində müəllim ailəsində dünyaya göz açmışdır. Atası Vaqif Əliyev və anası Səkinə Bayramova Xarici Dillər İnstitutunu bitirmişdirlər, müəllimdirlər.
Anar valideynlərinin iş yeri ilə əlaqədar keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ağdərə rayonunun Həsənqaya sovetliyinin Göyarx kəndinə köçmüş və burada yerləşən rus dilli Levonarx kənd məktəbində 1988-ci ilə qədər təhsil almışdır. 1988-ci ildə Qarabağ müharibəsi başlamışdır. Bu zaman Anar Əliyevin ailəsi hücumlardan başlayan deportasiyalar nəticəsində Tərtər rayonunun Bəyimsarov kəndinə köçmüşdür. Anar Əliyev təhsilini Azərbaycan dilində davam etdirmiş və 1993-cü ilə qədər burda oxumuşdur. 1993-cü ildə Şəmkir rayonunun Çaykənd kənd tam orta məktəbində təhsilini davam etdirmiş, 1995-ci ilə, 9-cu sinifə qədər bu məktəbdə təhsil almışdır.
1995-ci ildə 9-cu sinifdə oxuyarkən Cəmşid Naxçıvanski adına hərbi liseyə, 1997-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə qəbul olmuşdur. 2001-ci ildə ali hərbi məktəbi «qoşun kəşfiyyatı» ixtisası ilə bitirmişdir. Həmin il Müdafiə Nazirliyinin əmrinə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində zabit ixtisas kursunun dinləyicisi vəzifəsinə təyin olunmuşdur.
Anar Əliyev 2012-ci ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasına qəbul olmuşdur. 2014-cü ildə Hərbi Akademiyanı bitirərək Müdafiə Nazirliyinin əmrinə əsasən Naxçıvan Muxtar Respublikasının Hərbi Komandanlığına sərəncama göndərilmişdir.
Anar Əliyev 12 aprel 2007-ci ildən 26 yanvar 2008-ci ilədək «N» saylı hərbi hissənin taborunun bölük komandiri, 26 yanvar 2008-ci ildən 15 iyun 2009-cu ilədək xüsusi təyinatlı dəstə komandirinin müavini vəzifəsini icra etmiş, 15 iyun 2009-cu ildə xüsusi təyinatlı dəstə komandiri vəzifəsinə qədər yüksəlmişdir.
2014-cü ildə ikiillik Hərbi Akademiyanı bitirən Anar Əliyev Müdafiə Nazirliyinin əmrinə əsasən Naxçıvan Muxtar Respublikasının Hərbi Komandanlığına sərəncama göndərilmişdir.
Müdafiə Nazirliyinin iyun 2015-ci il tarixli əmrinə əsasən Anar Əliyevə müstəsna xidmətlərinə görə vaxtından əvvəl «polkovnik-leytenant» rütbəsi verilmişdir.
Anar Əliyev sonuncu dəfə Füzuli-Xocavənd istiqamətində vuruşmuşdur. Komandirliyini etdiyi briqadanın da iştirak etdiyi son əməliyyatlar nəticəsində, 21 oktyabr tarixində Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri işğaldan tam azad edilmişdir. Həmçinin, Anar Əliyev bu kəndlər azad edildikdən sonra Xocavənd istiqamətindəki döyüşlərdə də vuruşmuşdur. O, 21 oktyabr 2020-ci ildə rayonun Tuğ kəndi və Şuşaya gedən yoldakı böyük önəmə sahib olan strateji yüksəkliklər istiqamətində gedən döyüşlər zamanı itirdiyi mövqeni geri qaytarmağa cəhd edən qarşı tərəfin atdığı atəşlər nəticəsində hlak olmuşdur.
Döyüş yoldaşlarının dediklərinə görə, o, qəfildən gözündən vurulmuşdu. Ona ilk tibbi yardım edən leytenant Adil Əfəndiyev olur. Əsasnaməyə görə, zabiti feldşer və ya sanitar çıxarmalı olsa da, israrla Adil Əfəndiyev qabağa atılır. Anar Əliyevin gözünə iynə vurur. Lakin, yaxınlıqda olan qarşı tərəfin açdığı güllə Adil Əfəndiyevin ürəyinə dəyir, həmçinin, qarşı tərəfin atdığı əl qumbarası onların yaxınlığında partlayır. Komandirin son sözü və son əmri «üstümü örtün» olmuşdur. Çünki, o, çox qan itirmişdi və üşüyürdü, həmçinin, bədəni soyuyurdu. Açılan intensiv atəş və atılan əl qumbarasından ağır yaralanan polkovnik-leytenant Anar Əliyev və leytenant Adil Əfəndiyev şəhid olurlar.
23 oktyabr tarixində onun nəşi mühasirədən çıxarılaraq Füzulidə yerləşən diaqnostika mərkəzinə gətirilmişdir. 24 oktyabr tarixində diaqnostika mərkəzindən boya-başa çatdığı Tərtər rayonunun Bəyimsarov kəndinə son vida mərasimi üçün gətirilmişdir. Son vida mərasimindən 1 gün sonra, 25 oktyabr 2020-ci ildə II Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.
vikipediya (ixtisarla)
Для отправки комментария необходимо войти на сайт.