Hüseyn Oqtay oğlu Tağıyev (8 avqust 1991; Bakı, Azərbaycan SSR — 5 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu.
Hüseyn Tağıyev 1991-ci il avqustun 8-də Bakı şəhərində anadan olub. Əslən İrəvan şəhərindən idi. 2019-cu ildə Ayşən Tağıyeva ilə ailə həyatı qurdu. 28.03.2020-ci il doğumlu Nazlı adında qızları yadigar qaldı.
Hüseyn Tağıyev 2009-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin «N» saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.
2015—2018-ci illərdə isə Azərbaycan Silahlı Qüvvələrinin «N» saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib. 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə iştirak edib.
2018-ci ildə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu müqaviləsinin müddəti bitsə də, 2020-ci ildə yenidən müqavilə bağlayaraq Azərbaycan Silahlı Qüvvələrinin Qusar rayonunda yerləşən «N» saylı hərbi hissəsinin kəşfiyyat bölüyünün sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.
Hüseyn Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin uğrunda gedən döyüşlərdə iştirak edib. Hüseyn Tağıyev oktyabrın 5-də Füzuli döyüşləri zamanı həlak olub. Əvvəlcə Qaradağ rayonu ərazisində Ümumşəhər qəbiristanlığında, sonra isə II Şəhidlər Xiyabanında dəfn edilib.
Для отправки комментария необходимо войти на сайт.