Faiq Qasımov (tam adı: Faiq Qaçay oğlu Qasımov; 10 fevral 1974; Qubadlı, Azərbaycan — 27 sentyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.
Faiq Qasımov 1974-cü il fevralın 10-da Qubadlı rayonunun Qayalı kəndində anadan olub.[1] 1981-1991-ci illərdə Qayalı kənd orta məktəbində təhsil alıb. Uşaq yaşlarından Əliyar Əliyevin məşqçiliyi altında idmanın güləş növü ilə məşğul olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanan Faiq hərbi xidmət müddətində Qarabağ müharibəsində iştirak etmiş, Laçında və Qubadlıda topçu kimi Milli Qəhrəman Əliyar Əliyevin taborunda vuruşmuşdur. O, xidmətinə görə Qarabağ müharibəsi Veteranı adına layiq görülmüşdü. Hərbi xidməti bitirəndən sonra 1993-cü ildə Bakı Ali Birləşmiş Komandanlıq məktəbinə daxil olmuşdur. 1995-ci ildə həmin məktəbi bitirmişdir və həmin il tağım komandiri kimi Naxçıvan Muxtar Respublikasında fəaliyyətinə başlamışdır. 2009-cu ilədək Naxçıvan Muxtar Respublikasında cəbhə bölgəsində müxtəlif vəzifələrdə xidmət etmişdir. 2009—2012-ci ildə Balakəndə xidmətini davam etdirmişdir. Sonra öz istəyi və təkidi ilə Füzuliyə təyinatı verilmiş və burada xidmət etmişdir. Faiq Qasımov 2016-cı ilin aprel ayının 1-dən 5-ə qədər davam edən Dördgünlük müharibədə vuruşmuşdur və bu döyüşdə iştirakına görə «Azərbaycan Bayrağı» ordeni ilə təltif edilmişdir. Faiq Qasımov «Hərbi xidmətdə fərqlənməyə görə», «Qüsursuz xidmətə görə», «Azərbaycan Silahlı Qüvvələri Veteranı», Azərbaycan Silahlı Qüvvələrinin yubiley medalları ilə təltif edilmişdir.
Polkovnik-leytenant Faiq Qasımov 27 sentyabr 2020-ci ildən başlayan Vətən Müharibəsində iştirak etmiş, səddin yarılması uğrunda gedən döyüşlərdə vuruşmuş və səddi yaran ilk hərbçilərimizdən biri olmuşdur. O, 27 sentyabr 2020-ci ildə Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olmuşdur. 20 oktyabr 2020-ci ildə II Fəxri Xiyabanda dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Faiq Qasımova ölümündən sonra «Vətən Müharibəsi Qəhrəmanı» adı verildi.
vikipediya
Для отправки комментария необходимо войти на сайт.