VİVE LA FRANCE! YAŞASIN FRANSA!

Стандартный

Fransa prezidenti Makrona, Fransanın özünə, xalqına azərbaycanlıların sosial şəbəkələrdə ünvanladığı təhqirləri görəndə düşünmək olar ki, İrəvandan sonra bayrağımızı Parisdə dikəltmək fikrindəyik.

Makron Məhəmməd peyğəmbəri təhqir etməyib və eləməz də, o, sivil dünyanın adamıdır, nüvə dövlətinin başçısıdır. Makron radikal islamla mübarizədən danışıb. Çünki radilkal islam var və bu bütün dünya üçün təhlükədir.

İŞİD – bu, radikal İslam deyildimi?
Fransa 90-cı illərdən on minlərlə çeçenə sığınacaq verib. İndi Fransanın böyüdüb bəslədiyi, boya-başa çatdırdığı çeçen gənc fransız müəllimin boğazını kəsir.

Amerikanın bəsləyib böyütdüyü çeçen qardaşlar Boston marafonunu partlatdılar.

Azərbaycan hökuməti radilal islamçılarla mübarizə aparmırmı? Tale Bağırzadə deyirdi ki, o, Azərbaycan dövlətini tanımır, konstitusiyanı tanımır, onun rəhbəri Xamaneidir və hicab uğrunda silahlı mübarizəyə çağırırdı.

Dövlət özünü belələrindən müdafiə etməli deyilmi?

Fransa demokratik dövlətdir. Milyonlarla müsəlman Fransada heç bir ayrı-seçkilik görmədən yaşayır. Kasıb müsəlman ailələrindən çıxmış Zidan, Benzema, Mbappe dünya futbolunun əfsanələrinə çevriliblər.

Bir neçə il əvvəl Azadlıq qəzetinin döyülən, barmağı sındırılan, bıçaqlanan müxbirini Fransa Azərbaycan polisinin caynağıdan qurtarıb öz ölkəsinə aparmadımı?

İndi Fransa şəhərlərinin küçələrində bayrağımızı yellədən azərbaycanlılara sığınacağı kim verib? Əminəm ki, onların yarısından çoxunun Fransaya ancaq ziyanı var.

Fransanı təhqir edənlər adlarını məktəbli vaxtı öyrəndikləri fransız alimlərini yadlarına salsınlar. Blez Baskal, Küri, Lui Paster, Amper…

Fransız ədəbiyyatı dünyanın ən möhtəşəm ədəbiyyatlarındandır. Axundovu yazıçı və filosof kimi formalaşdıran Volter olub.

Musiqi həvəskarları dünya şöhrətli fransız bəstəkarlarını yaxşı tanıyırlar.

Fransa ictimaiyyətinin rəğbəti ermənilərin tərəfindədirsə, buna səbrlə yanaşmaq lazımdır. Nəzərə almalıyıq ki, Qarabağ münaqişəsində fəal fikri ifadə edənlər etnik fransızlar yox, etnik ermənilərdir. Bunu nəzərə almaq və fransız ictimaiyyətinə həqiqətimizi, mövqeyimizi sivil yollarla çatdırmağa çalışmalıyıq. Ermənilər Fransada əsrlərlə yaşayırlar. Ədəbiyyatda, kinoda, musiqidə çox güclü erməni şəxsiyyətlər var. Biz isə indi-indi dünya meydanına çıxırıq. Və özümüzdən qabaqda Fransa liderinin itə bənzədilmiş şəklini aparırıqsa, bu bizə ancaq ziyan gətirər, bizi vəhşi kimi tanıdar.

Erdoğanın təhqiri yolverilməzdir və dövlət başçısına yaraşmır. Erdoğan, əksinə, Makronla etibarlı münasibətlər yaratmalı və Azərbaycanın həqiqətinə onu inandırmalıydı. Təəssüf ki, vaxtaşırı Erdoğanın diktator təbiəti özünü göstərir. Unutmamayaq ki, bu adam, yəni Erdoğan, on minlərlə türk vətəndaşını, bəlkə də ən layilli türkləri, mal-heyvan kimi dəhmərlərib türməyə salb və çoxunu məhkəməsiz zindanlarda çürüdür…

İranı da təhqir etməyin! İran Azərbaycan dövlətçiliyinin beşiyidir. Xanlıqların, bəylərbəyiliyin tarixinə baxın, görərsiniz ki, biz dövlətçiliyi İrandan irs almışıq. Əbülfəz Elçibəy İranı, Rusiyanı bazar savaşı səviyyəsində təhqir edə-edə ölkəni fəlakətə çatdırdı.

Yaşasın böyük fransız xalqı!

Yaşasın Azərbaycan əsgəri!

X.X.

27. 10. 2020

Реклама

Обсуждение закрыто.