QURBAN MƏMMƏDOV: «SEVGİ SEVƏN MƏRD OLAR…»

Стандартный

qurban_mmmc999dov-2

Azərbaycan ordusunun işğalçılara qarşı mübarizəsi öz bəhrəsini verməkdədir. Bir vaxt yunanlarda Erosun oxu bir insanda başqa bir insana eşq oyadırdı, indi Qarabağda atılan toplar və başqa silah növlərindən açılan atəşlər zamanımızın ən böyük, ən çılğın eşqini oyadıb: Qurban Məmmədov İlham Əliyevi sevib! Qurban Məmmədov İlham Əliyevi sevən kimi  görüb Heydər Əliyevi də sevir, heydərizmi də sevir. Londondakı Azərbaycan diasporu qarşısında Qurban Məmmədov artıq iki məruzə edib: “Marksizim və Heydərizm”, “Leninizm və Heydərizm”. Qurban Məmmədov başqa ölkələrə də gedib heydərizmi təbliğ etmək fikrindədir, ancaq Britaniyanı tərk etməyə qorxur, çünki İlham Əliyev onu İnterpolla axtarışa verib. Bəli, bu eşq faciəli eşqdir, çünki Qurban Məmmədov İlham Əliyevi dəlicəsinə sevir, ancaq İlham Əliyevin ağlı başındadır, necə deyərlər, pulu da lazımı yerlərdə, Qurban Məmmədovu da sevmir. Ancaq Qurban Məmmədov İlham Əliyevin ürəyinə yol tapmaq üçün illərlə gözləməyə, hətta Afriikaya gedib heydərizmi təbliğ etməyə hazırdır. Ancaq bilir ki, İlham Əliyevin əli uzundur, Afrikadakı adamyeyənlərlə də Moskvada diplomatiya akademiyasında bir yerdə oxuyub, hamısı ilə dostdur, kimi istəsə, ya tutub verəcəklər, ya da bişirib yeyəcəklər…

Nə gizlədək, Qurban Məmmədov eşq odu ilə yansa da, adamyeyənlərin tonqalında yanmağa ürək eləmir…

Ancaq ümidini  də itirmir. İndi Mehriban Əliyevanı da sevməyə başlayıb. Gündən-günə məhəbbəti artır. Mehriban xanımın babası Mir Cəlalın “Bir gəncin manifestini” oxuyur. Hətta kitabı xarici dilə tərcümə də eləmək istəyir. Ancaq təəssüf ki, Qurban Məmmədov xarici dilləri bilmir, ancaq daxili dil bilir…

Kor ərəb burda demişdi: “Məhəbbət, ah, məhəbbət…”

Şekspir isə demişdi: dünyada bu eşq əhvalatından qəmli hekayə yoxdur…

Mirzə ƏLİL

03. 10. 2020, Samara

Обсуждение закрыто.