
Dostoyevskinin arvadı yazır ki, dahi yazıçı evdən çıxıb bir yerə gedəndə, xüsusən vağzala gəldiyi vaxt ovcunda bir sıxma pul tuturmuş və yaxınlaşıb dilənənlərin hamısına verirmiş.
Azərbaycan prezidenti də dahi olduğu kimi, canıyanan insandır. Hər gün işə bir kisə orden gətirir. Buna orden, ona orden. Siyavuş Novruzovun ordenlərini görmüsünüz? Biz onu hələ qabaqdan görürük. Siyavuşun daldan şəklini kim görüb? Deyirlər ki, götünün üstü də ordenlə doludur… Sırtıq adamdır, istəyir, prezident də keçə bilmir…
Dünən Vaqif Axundova “Şöhrət” ordeni verib. Layiqdir. Gərək ikisini verəydi. Fəxrimdir. Çünki atası kəndçimdir. Salyana, yəni şəhərə köçmüşdülər, ancaq nənəsi elə bizim kənddə olurdu.
Baxıram Vikipediyaya, görürəm yazıblar ki, general guya Astarada doğulub. Qurban Məmmədov demişkən, mən başa düşmədim. Mən başa düşmədim ki. kəndçimiz milisioner Əlibala, yəni Vaqifin atası, 1950-ci ildə arvadıyla Astarada nə qayırırmış. Bu məsələni aydınlaşdırmaq lazımdır. Mən talışları yaxşı tanıyıram, kəndçimizi çıxacaqlar öz adlarına. Geci-tezi var.
Yaxşı, deyək ki, general Astarada doğulub. Onda bəs ona niyə Salyan sənayesinin flaqmanı olan plastik kütlə zavodunu bağışlayıblar, o da taksi şoferi olan qardaşını eləyib zavodun xozeyini. Əgər general astaralıdırsa, ona gərək Astarada çay plantasiyası bağışlayaydılar, limon, portağal bağları bağışlayaydılar. Ya da Azərbaycan-İran sərhəddinin bir hissəsini hədiyyə eləyəydilər ona, deyəydilər bura sənin. Kimi, nəyi istəyirsən, burax, qara alveri elə, ağ alveri elə.
Vallah, plastik kütlə kimi od tutub yanıram!
Bu adam, deyək ki, prezidenti yaxşı qoruyub. İşini yaxşı görənlər o qədərdir ki. Hamısına zavod verilir? Salyanda o qədər gözəl taksi şoferləri vardı ki. Məsələn, Yetim, Qatdalandı…Bur dəfə, yadımdadır, maşını yüzlə sürdüyü yerdə Qatdalandı əllərini sükandan ayırıb qaldırdı yuxarı və bədahətən şeir dedi:
“Tale mənə yar olmasa mən neyləyə billəm…”
Az qalmışdıq aşıb xəşilə dönək, ancaq belə gözəl misradan ötrü ölməyə dəyərdi…
Qatdalandı (Qəhrəman) həm yaxşı şofer, həm də həqiqət şairiydi.
Niyə Qatdalandıya zavod verilmirdi?
Niyə kim preidentə yaxındırsa, xalqa, dövlətə məxsus əmlakı keçirir əlinə?
Vallah, mən Vaqif Axundovun paxılı deyiləm. Qoy pambıq zavodunu da, pivə zavodunu da, Salyanda nə varsa, versinlər Vaqif Axundova, onun qohumlarına. Ancaq bu adam Astarada doğulub, talışlar çıxacaqlar onu öz adlarına, salyanlıların malı batacaq…
Bir də mən generaldan bir az inciyəm. Uşaq vaxtı onu kolazla Kürdən keçirmişəm. Demir ki, Mirzə, gəl sənə bir rütbə verim,yanımda qulluq elə. General istəmirəm, polkovnik bəsimdir. Mən də prezidentin, türkün məsəli, dalında ya qabağında gedərdim. Elə bu paltarda, bu saç-saqqalla qulluğa getsəydim, bir köpəkoğlu hünər eləyib prezidentə yaxın düşməzdi…
Düzdür, yaşım çoxdur, Ancaq Vaqif Axundov məndən də böyükdür…
Yəni xidmətə hazıram. Mənə zavod-zad da lazım deyil. Bazarı ya avtovağzalı versələr, bəsimdir. Bir yaxşı xaloğlum var, Həsənağa (bəli, mən Həsən ağanın qohumuyam, hərçənd özü mni qohumluqdan çıxarıb…), çox zirək insandır, verərəm, işlədər…
Mirzə ƏLİL
16.09. 2020, Samara
Понравилось это:
Нравится Загрузка...
Для отправки комментария необходимо войти на сайт.