ERMƏNİ ƏSİRİN ŞƏKLİNİ YAYANLAR ERMƏNİSTANA VERİLSİNLƏR!

Стандартный

Əsir erməni zabiti Qurgen Alaverdyanın görüntülərini yaymış hərbi qulluqçular ordudan kənar edilmiş, onların işi hərbi prokurorluğa verilmişdir.

Çox gözəl! Əla!

Ancaq mən qorxuram ki, bu keçmiş hərbi qulluqçular layiqli cəza almayalar. Çünki bizim prokurorların, hakimlərin ürəyi çox yumşaqdır. Götürək Tofiq Yaqublunun işini. Günahsız bir vətəndaşı vintaçanla deşik-deşik etmiş və bəlkə hələ zorlamış bu residivistə cəmi 4 il üç ay iş verilib. Papağını fırla, bir də gördün Tofiq Yaqublu yenə Bakının küçələrində vətəndaşlara ilişir, əliundə də yekə bir vintaçan.

İndi bu keçmiş hərbi qulluqçular da. Bunların cəzası gərək çox ağır ola, çünki çox ağır cinayət törədiblər, smartfon saxlayıblar. Azərbaycan vətəndaşı saxlayar bahalı maşın, təyyarə, qızıl mədəni, Londonda ev, Əmilliklərdə mülk və sair. Smartfon saxlamaq cinayətdir.

Mirzə Əlil bu fikirdədir ki, bu insanların layiqli cəza alması üçün onları Ermənistana vermək lazımdır. Bəli! Çünki ermənilərdə qəddarlıq çoxdur. Əslində qəddarlıqdan başqa bir şeyləri də yoxdur. Biz bu hərbi qulluqçuları ermənilərə versək, elə cəzalandırarlar ki, daha bir də əsir tutmaq, tutduqları əsirin şəklini çəkmək heç ağıllarına da gəlməz.

Sözümü qurtarıb deyirəm:

Yaşasın ali baş komandanın ali baş müşaviri Məhərrəm Əliyev!

Yaşasın ali baş müşavirin ali baş müavini Yaşar Əliyev!

Mirzə ƏLİL

11.09. 2020, Samara

Обсуждение закрыто.