QURBAN MƏMMƏDOV DEYİR BİR TƏRƏFİ NAXÇIVANLIDIR, ANCAQ DEMİR DALI YA QABAĞI…

Стандартный

Qurban Məmmədov

Möhtərəm axund Hacı Məhəmmədvəli Səlyani həmişə mənə deyərdi ki, Mirzə, bu dünyanın axırı gec-tez çatacaq. Mən də başımı yelləyirdim ki, guya inanıram. Ancaq əslində inanmırdım. Ancaq iki-üç gündür inanıram və möhtərəm axunda rəhmət oxuyuram.

Müsəlman qardaşlar, müsəlman bacılar! Dünyanın axırı çatıb! Naxçıvanlı naxçıvanlının ətini yeyir! Qiyamətdir!

Qurban Məmmədov Londondan Kəmaləddin Heydərova ultimatum irəli sürəndə mən sarsıldım, ağzımı qaşıqla açıb dilimin altına dərman qoymasaydılar, ölmüşdüm.

Kəmaləddin Heydərov! General, general-polkovnik, yəni generalın kvadratı, kubu, bəstəkar, Üzeyir bəyin yadigarı, Azərbaycanın Bethoveni, Verdisi…

Bir dəfə Kəmaləddin bəy dərin təvazö hissi ilə bədahətən deyib:

Böyük Üzeyrimizin yadigarı mən özüməm…

Qurban Məmmədov deyir ki, Kəmaləddin, sənə bir sutka vaxt verirəm, dediyimi eləməsən, şəhadətini oxu.

Vaveyla!

Gömrük dahisinin, ölkədə fövqəladə halları yaradanın həyatı təhlükə altındadır!

İlahi, sən Azərbaycana nə boyda qəzəb eləmisən ki, naxçıvanlı naxçıvanlının üstünə yeriyir?

Mən əminəm ki, əgər Kəmaləddin Heydərov Qurban Məmmədovun yayımına baxırmşsa, general şalvarını azca da olsa, isladıb. Genaral olmağına baxmayın, Kəmaləddin Heydərov bəstəkardır, qəlbi incədir, xox gələndə incə qəlbli insanlar bir qayda olaraq şalvarlarını isladırlar…

Mən əlahəzrət prezidenti Kəmaləddin Heydərovun müdafiəsinə çağırıram! Kəmaləddin Heydərov Azərbaycanın milli sərvətidir! Çünki milli sərvətləri altına yığıb göz-bəbəyi kimi qoruyur.

Qiyamətdir!

Allah bu Qurban Məmmədova insaf versin! Yaxşı ki, dedi onun ancaq bir tərəfi naxçıvanlıdır!

Axund Məhəmmədvəli, hardasan!

Ancaq Qurban Məmmədov demədi ki, hansı tərəfi naxçıvanlıdır: dalımı, qabağımı… Yəqin sonra bunu da deyəcək…

Öz-özümə deyirəm ki, bu Qurban Məmmədov bəlkə hərbə-zorba gəlir? Molla Nəsrəddin kimi…

Bir dəfə Molla Nəsrəddin eşşəyini ağaca bağlayıb su başına çıxmışdı. Cavanlar söz qoyub eşşəyin çulunu gizlətdilər ki, görsünlər molla neyləyəcək. Molla su başından qayıb gördü eşşəyin çulu gedib. Qışqırıq qopartdı ki, tez çulu gətirib verin, yoxsa mən bilirəm neylərəm…

Cavanlar qorxuya düşüb çulu çıxarıb verdilər. Mollaın sakitləşdiyini görüb soruşdular:

— Molla, sən allah, de görək çulu verməsəydik, neyləyəcəkdim?

Molla gülüb deyir:

— Neyləyəcəkdim? Köhnə bir palazım var, onu kəsib çul qayıracaqdım…

İndi Qurban Məmmədov da belə… Lotudur, vallah. Ancaq adamı qorxudur…Vallah, özümə görə qorxmuram. Mən kiməm və nəyəm ki. Mən Kəmaləddin Heydərov üçün narahatam. Üzeyir bəyin yadigarı, gömrük dühası, fövqəladə hallar qayıran, milli sərvətləri altına yığıb göz-bəbəyi kimi qoruyan…

Mirzə ƏLİL

09. 09. 2020, Samara

Обсуждение закрыто.