Qurban Mənmmədov danışdığına görə, 1986-cı ildə xəbər yayılıb ki, Sovetskidə, köhnə bir hamamın qapısı ağsında imam zühur edib. Və iki milyon adam guya bu xəbərə inanıb ora ziyarətə gəlib.
Qurban Məmmədov deyir ki, imam zühuruna inanmaq millətin geriliyini göstərir və bütün bəlalarımız təhsilin azlığından, cahillikdən, dindən, Qurandan uzaq olmağımızdır…
Qurban Məmmədov, əlbəttə, əlli dərənin suyunu qarışdırır. Mən şəxsən bilmirəm ki, imam zühur elər ya eləməz. Eləsə, hamam qapısında da elər. Eləsə, dindirib-danışdırarıq, sənədlərini yoxlarıq, görəri imamdır ya aferist…
Bəlkə elə imam çıxacaq? Bu kainatı yaradan üçün bir imam zühuru nədir ki?
Odur ey, Azərbaycan millisi Kipri udub. Dünənəcən kim inanardı? Bu, möcüzə deyilmi?
Ancaq bəzi şeylər var ki, onlara inanmaq olmur. Çünki yoxlaya bilirsən. Vaxtını, yerini, sayını yoxlayırsan, düz gəlmir.
Məsələn, Qurban Məmmədov deyir ki, qırx il vəkil işləyib və ətək-ətək pul qazanıb.
Bu, yalandır. Qurban Məmmədovun Vikipediyadakı bioqrafiyasına baxırsan, görürsən ki, cəmi beş-altı il ağıllı-başlı vəkil işləyə bilərdi. Bakıda cəmi üç il kollegiya üzvü olub. Universiteti bitirəndən sonra Sabirabadda hüquq məsəhətxanasında işləyib.
İndi Sabirabadı tanıyanlar desinlər: 1987-ci ildə Sabirabadda nə vəkillik?
Mən Əlibayramlıda oxumuşam, Sabirabadın qonşuluğunda. Mənimlə sabirabadlılar oxuyublar. Mən bilirəm ki, Sabirabadda sovet vaxtı hüquq-zad olmayıb. Hüquq olmayan yerdə nə vəkillik?
Deyək ki, bir qarpızəkən bir soğanəkəni bıçaqlayır. Bu işə nə vəkil? Bıçaqlayan adam vasitəçi, dəllal tutur ki, prokurorla, məhkəməylə danışsın. Ölüm işidisə, müddəti azaldırrlar, xəsarətdirsə, tamam azad eləyirlər. Zərərçəkən də adam tutur. Çünki zərərçəkəni də prokurior, müstənqiq şantaj edir, deyir “özünü də basarıq gedərsən, davanı elə sən salmısan”.
Bıçaqlanan da xeyli pul xərcləyir.
Burda vasitəçilik edən adam rəsmən vəkil olsa da, özünü vəkil saya bilərmi?
Qurban Məmmədov deyir ki, “mən götürdüyüm işlərin 90 faizini udmuşam”.
A kişi, özünü ələ al! Azərbaycanda haçan məhkəmə prossi olub ki, vəkil onu udsun? Əgər vəkil işlərin 90 faizini udurdusa, Azərbaycan ən demokratik dövlət imiş. Bəs onda niyə suyu bulandırırdın, aranı qarışdırırdın?
Yox, Qurban Məmmədov yalan deyir. Hərçənd məzəli danışır. Düzdür, uzunçuluq eləyir, çox baxmaq olmur. Belə adamlara mənim mərhum müəllimim “Əngalı” deyərdi…
Azərbaycanın ən böyük problemlərindən biri müstəqil məhkəmə sisteminin olmamamğıdır. Sovet vaxtı yox idi. İndi də yoxdur. Kim deyirsə ki, belə proses aparıb, belə udub – yalan deyir.
Qurban Məmmədov, əlbəttə, yalan deyir.
Desin ki, vasitəçilik, dəllalıq eləmişəm, qazanmışam.
Demir. Çünki təbiətində naqislik var. Çox təəssüf ki, belədir. Ona görə təəssüf ki, Qurban Məmmədov heyvərə qardaşı Sərdardan fərqli olaraq istedadlı adamdır, sistemli hüquq bilikləri olması da, “hüquq duyğusu”, instinkti var, yaxşı natiqdir.
Ancaq Qurban Məmmədov eyni zamanda fırıldaqçıdır, üskükoynadandır. Manipulyatordur. Cilddəyişəndir. Çox ehtiyatla, bicliklə, burcuda-burcuda İlham Əliyevə çatdırmağa çalışır ki, “mən sənin adamınam, sən mənim adamımsan, bizim düşmənimiz Ramiz Mehdiyevdir”…
Hə, Qurban Məmmədov mənə həm də Salyan mollalarını xatırladır. Qulaq asdıqca elə bilirəm Salyanda yasda oturmuşam. Belə natiq mollaları çox görmüşəm. Molla Bayram danışa-danışa “Marlboro tüstülədirdi…
Bilmirəm, Qurban Məmmədov çəkirmi? Çəkirsə, nə çəkir…
Mirzə ƏLİL
09.09. 2020, Samara
Для отправки комментария необходимо войти на сайт.