
Ah, bu pandemiya! Ah, bu karantin! Sərhədləri bağlayıblar, qalmışıq qəfəsdə!
Sərhədlər bağlanmasaydı, mən yerimdə oturardımmı? Vallah, indi yox, bir həftə bundan qabaq tapançamı bağlardım belimə, uçardım Azərbaycana. Daha mənim səbrim tükənib, yaxşı adamlar oturub yerində, bu çaqqal-çuqqal, qarğa-quzğun düşüb Ramiz Mehdiyevin üstünə, kişini leş kimi dimdikləyirlər, cırıb-dağıdırlar.
“Dala durun, maygülülər! Əllər yuxarı!”
Tapançadan bir güllə atılan kimi bu cındırlar qaçıb dağılardılar.
Heyf, sərhəd bağlıdır!
Düzünə qalsa, mənim tapançam da yoxdur.
Açığını desəm, Bakıya getməyə pulum da yoxdur.
Azərbaycan sərhədini aşmağa pasportum da yoxdur.
Qalmışam yana-yana…
Baxıram bu Sərdar Cəlaloğluna, hansı kanaldasa yumruqlarını yelləyir aparıcı qadının gözünün qabağında. Hər yumruq mənim iki başım boydadır. Özü də adi yumruq deyil, naxçıvanlı yumruğudur. Belə yumruğun qabağına tapança ilə çıxmaq ollaz. Gərək tankla çıxasan!
İstyirəm Putinə müraciət edib bir tank istəyəm. Verər, sözümü yerə salmaz. O qədər istifadəsiz tankı var ki. Bəlkə ikisini verər. Qoşaram dallı-qabaqlı, keçərəm sərhədi, sürərəm tankları Sərdar Cəlaloğlunun qapısına, tankın lüləsini, Jvanetski demişkən, uzadaram pəncərəsinə, deyərəm: “Ramiz Mehdiyev haqqında dediklərini təkrar elə!”
Vallah, Sərdar Cəlaloğlu altını bulayar, ətrafına yumruqları boyda kömbələr qoyar…
A zalım oğlu, Ramiz Mehdiyev emissardır? Ölkəni son iyirmi ildə Ramiz Mehdiyev idarə edib? Edibsə, bəs sənin yerlilərin Kəmaləddin Heydərovu, Elçin Quliyevi kim qoyub vəzifəyə? Niyə akademiyanın yarısı naxçıvanlıdır? Milli Məclisə o qədər naxçıvanlını və yerazı kim dürtüb? Bunu da Ramiz Mehdiyev eləyib?
Gah deyirsən Mehdiyev Rusiyanın emissarıdır, gah deyirsən Amerikanın tapşırığı ilə Ramiz Mehdiyev müxalifəti basırdı dama. Rusiyanın ayrı dərdi yoxdur, elə gecə-gündüz Azərbaycanı ziyan vurmaq fikrindədir? Bəs niyə bir milyon azərbaycanlı Rusiyada Azərbaycandakından da sərbəst pul qazanır və milyardlarla dollar pul Rusiyadan Azərbaycana axır?
Əgər hər şey Ramiz Mehdiyevin əlində və ixtiyarında olubsa, sən necə “qəzet sahibi” olmusan? Pul tapmışdın?
Niyə qadınla danışanda yekə yumruqlarını yelləyirsən?
Arvadın ərə tabe olmağını Xudayar bəydən eşitmisən?
Yox, gərək, mən Putindən tank istəyəm. Minib gələcəyəm Bakıya, tankı sürəcəyəm Sərdar Cəlaloğlunun qapısına. Lüləsini tuşlayacağam Sərdarın sərinə, yəni başına. Mərmi başına da dəyməsə. yumruğunun birinə dəyər, çünki yumruğu da başı boydadır…
Ramiz müəllim, darıxma, gəlirəm. Sən o biri nəvələrinə də toy hazırlığı gör. Tankı saxlaram mağarın yanında, bir polis yaxın gələ bilməz…
Poka, poka…
Mirzə ƏLİL
28.08. 2020, Samara
Понравилось это:
Нравится Загрузка...
Для отправки комментария необходимо войти на сайт.