Akademik Ramiz Mehdiyevi haqsız təqiblər o qədər çaş-baş salıb ki, ictimaiyyət üçün açıqlamasında Məhəmməd peyğəmbərin hədisini sitat gətirib. Sitatı bitirən kimi Vladimir İliç gözünün qabağında peyda olub və yekə daz başını yırğalaya-yırğalaya deyib:
— Yoldaş Mehdiyev! Ah, yoldaş Mehdiyev! Sən mənim əsərlərimdən dissertasiya yazıb adam olmusan, indi müsəlman peyğəmbərindən sitat gətirirsən. Ayıb olsun!
Akademik o qədər həyəcanlanıb ki, üstüörtülü desək, əyni-başı islanıb.
— Yoldaş Lenin! Əziz Vladimir İliç! Sən bilmirsən ki, biz necə ölkədə yaşayırıq. Bir toydan ötrü az qalıblar məni çarmıxa çəksinlər.
— Yoldaş Mehdiyev! Bolşevik mətin olmalıdır! Dini mövhumata uymaq bizə yaraşmaz. Sən gərək Marksdan, Engelsdən, məndən sitat gətirəydin. Məsləhət görürəm ki, mənim “Marksizm və empriokritisizm” əsərimdən bir neçə səhifə ilə inqilabçı və mütərəqqi Azərbaycan xalqına müraciət edəsən.
— Vladimir İliç! Bizdə karantindir. Marksizm də qadağandır, empriokritisizim də. Özü də məhərrəmlikdir. Qorxulu vaxtdır. Hamı baş yarır…
— Yoldaş Mehdiyev! Yaddan çıxarmayın! “Materilaizm və empiriokritisizm”. Əlavə ədəbiyyat kimi “Biz Rabkrini necə yenidən təşkil etməliyik” məqaləmi məsləhət görürəm…
— Hökmən, Vladimir İliç. Axırıma çıxmasalar, şaqqalamasalar, çarmıxa çəkməsələr, payaya sancmasalar…
Mirzə Əlil
24.08. 2020, Samara
Для отправки комментария необходимо войти на сайт.