
Dostoyevski «Qumarbaz” romanını yazmağa başlayanda stenoqrafiya bürosuna stenoqrafçı sifariş edir. Büro iyirmi yaşlı Anna Snitkinanı göndərir. Dostoyevski onun peşə hazırlığını, sürətini yoxlayıb qəbul edir. Bir neçə gündən sonra deyir: “Bilirsiniz, bu dəfə stenoqrafçının kişi yox, qız olmağına niyə sevindim? Ümid edirəm ki, kişilər kimi əyyaşlıq edib işi buraxmayacaqsınız…”
Təzə təhsil naziri Emin Əmrullayevin ailə çəkişilərinə baxdıqca, danışığını eşitdikcə sevincə yaxın bir hiss keçirirsən. Axı nazir vəzifəsinə Siyavuş Novruzov, Aqil Abbas, Fəzail Ağamalı kimi ekzotik bir heyvan da təyin edilə bilərdi. Əmrullayev isə insan övladına bənzəyir,insan diliylə danışır. Ancaq bu təyinatın ölkənin həyatında nəyisə ciddi dəyişəcəini gözləmək olarmı?
Mənə elə gəlir ki, yox.
İnternetə təzə nazirin 2013-cü ildəki bir çıxışını qoyublar. Vətənpərvərlikdən vətəndaşlığa doğru keçdiyi yoldan danışır. Auditoriyanı güldürməyə çalışır, yəqin ki, özündə güclü yumor hissinin və hansı miqdardasa Jvanetsi talantının olduğuna inanır. Təəssüf edir ki, Azərbaycan peykinin orbitə buraxıldı vaxtlar onun xaricdə oxuduğu illərə düşməyib. Yoxsa yaxınlaşardı, məsələn, Gürcüstandan olan tələbəyə, fəxrlə soruşardı: “Sizin peykiniz var?”
Yox, gürcülərin peyki yox idi. Ancaq Azərbaycan peyki orbitə çıxan vaxtlar gürcülər Saakaşvilinin rəhbərliyi ilə korrupsiyanın kökünü kəsmişdilər. Azərbaycan peykini isə azərbaycanlılar yox, amerikalılar inşa ediblər. Və peykimiz yuxarıdan diqqətlə baxsaydı, görərdi ki, Azərbaycanın hər guşəsində oğurluq gedir, insan haqları pozulur, məhqəmə qərarları pulla, vasitəçiliklə çıxarılır, fəal gənclər türməyə atılırlar, insanlar müalicə üçün İrana üz tuturlar…
Burda fəxr eləməli nə var?
Siz neftin, qazın pulu ilə istədiyiniz aparatı sifariş verib inşa etdirə bilərsiniz. Məsələn, İlon Maska. Ancaq özünüzdə İlon Mask yaranmayacaq, çünki biznes azadlığı, intellektual potensialın tətbiq azadlığı, biznes təşəbbüsünün azadlığı yoxdur.
Və Allah bilir ki, peykin layihələşdirilməsindən tutmuş orbitə çıxmasınacan nə qədər pul yeyilib…
Təhsil sisteminin inkişafı, tərəqqisi, əlbəttə, yaxşıdır. Uşaqlarımızın abad məktəblərdə, yüksək texnoloji təchizatı olan siniflərdə oxuması, yüksək təhsilli müəllimlərin olmağı yaxşıdır. Bəs sonra? Deyək ki, uşaq orta təhsilini başa vurdu, Bakıda ya xarici bir ölkədə hüquq təhsili alıb qayıtdı Azərbaycana. Lap aşağıdan lap yuxarıyacan korrupsiyaya yoluxmuş Azərbaycan polisində, Azərbaycan məhkəmə sistemində prinsipial, qanun normalarını müqəddəs bilən insan işləyə bilərmi?
Yox, işləyə bilməz. Yəni onun dərin savadının ziyanı yoxdur. Ancaq Azərbaycan məhkəməsinə, Azərbaycan polisinə girdiyi gündən gənc hüquqşünas öz prinsiplərini gərək adını çəkmək ayıb olan bir yerə soxa. Çünki Azərbaycan məhkəməsi üçün iki dəfə iki dörd deyil, adamı olan, pulu olan neçə desə, o qədərdir.
Niyə Azərbaycan polisi saxlanılan bütün müxalifətçilərin cibindən narkotik çıxarır, hamısını güc müqaviməti göstərmkdə ittiham edir? Niyə Azərbaycan hakimləri beş-on manat cəriməsi olan hərəkətə görə on il iş kəsirlər?
Belə olan halda biz savadlı hüquqşünasları neynirik?
Bizdə səhiyyə ən çox korrupsiya olan yerlərdən biridir. Məhz xəstəxanalarımızda Azərbaycanda ən böyük problemin əxlaq problemi olduöu aşkara çıxır. Yəni bizdə əxlaq böhranı ən ağır böhrandır və bütün başqa sahələrdə olan böhranların çoxunun mənbəyi elə burdadır. Savadlı həkimlər yetirmək olar, tibb universitetinin səviyyəsini də qaldırmaq olar. Ancaq səhiyyə sistemində olan korrupsiya azalmırsa, əksinə, artırsa, tibb təhsilindəki dəyişikliklərin kimə nə xeyri var? Təhsil sistemini dəyşməkdənsə, səhiyyə sstemini tamam dəyişmək, sığorta tətbiq etmək, xaricilərin gəlib sərbəst və rəqabətli şəraitdə işləməsinə imkan yaratmaq lazımdır.
Səhiyyə sistemini, aptekləri, böyük xəstəxanalrı “ailənin” nəzarətindən çıxarıb ictimai nəzarətə tabe etmək lazımdır.
Ölkədə və ölkə kənarında yüksək ixtisaslı peşə sahibləri, menecerlər hazırlamaq olar. Ancaq iqtisadiyyatın bütün əsas sahələri ailənin və ailəyə yaxaın adamların inhisarındadırsa, o mütəxəssislərin Azərbaycanda nə perspektivi var?
Azərbaycanda dövlət nəzarətindən ya dövlət adamlarının nəzarətindən və təzyiqindən azad biznes yaratmaq mümkün deyilsə, yaxşı təhsilin mənası varmı?
Bir nəfər çox şeyi dəyişə bilər, ancaq gərək o adamda bütün idarəçiliyi dəyişmək səlahiyyəti ola. Yəni bizim ölkəni Avropa təfəkkürlü, vətənpərvər rəhbər dəyişə bilər. Bir nazir, nə qədər yaxşı olsa da, çox az şeyi dəyişə bilər. Çünki onun arxalana biləcəyi heç bir qurum yixdur. Güclü ictimai təşkilatların yaranmağına rejim imkan vermir, bələdiyyələr saxta seçiliblər, məhkəmələr korrupsiya ocağıdır. Müəllimlərin əksəriyyəti yalanı ana südü ilə əmiblər və öz şagirdlərinə də əmdirirlər. Müəllimlərin əksəriyyəti canla-başla seçkilərin saxtalaşdırılma prosesində əsas rolu oynayırlar…
Mən keçmiş məktəb müəllimiyəm. Həm yaşıma görə, həm də ayrı ölkədə yaşadığıma görə Azərbaycan məktəbində müəllimlik mənim üçün aktual deyil. Ancaq heç bir leqal maneə olmasa da, mən Azərbaycan məktəbinə müəllim getmərəm. Çünki indi ədəbiyyat müəllimi işləyən adamın nəfəsi gərək yalanla gedib-gələ, ədəbiyyat müəllimi gərək özü də bilmədiyi fars dilində yazmış və bir misrasını da orijinaldan oxuya bilmədiyi Nizamini “dahi Azərbaycan şairi” kimi qələmə verə. Ədəbiyyat müəllimi gərək bütün şüurlu həyatı boyu əqidəsini şöhrətə, pula, ada, ordenə satmış, Azərbaycan tarixini, Azərbaycanın görkəmli şəxslərini kommunust partiyasının sifarişiylə alçaltmış Səməd Vurğunun və onun kimilərin bədiilikdən də uzaq olan şeirləriylə şagirdləri uzun müddətə ya həmişəlik korlaya. Azərbaycanın ədəbiyyat dərsliklərində yalan doğrunu üstələyir, onların dili arxaikdir və Azərbaycan məktəblərini bitirən insanı sonradan əsil ədəbiyyata yaxın salmaq çox çətin olur ya heç mümkün olmur. Azərbaycanda humanitar fənlərin tədrisində ciddi inqilab olmalıdır, tarix, ədəbiyyat ilk növbədə yalandan, uydurmalardan təmizlənməlidir. Ancaq rejim buna yol verməz. Nizami, Səməd Vurğun, Rəsul Rza və bir sıra başqaları həm də Heydər Əliyev dövrünün maarif və mədəniyyət rəmzləridir. Beləliklə, bu rəmzlərə qarşı çıxanlar Əliyev dövrünə, əliyevçiliyə qarşı çıxmış olur. Və buna görə də Səməd Vurğun Azərbaycan həyatının əbədi ideloji dayağıdır. Və buna görə də ən qabaqcıl və cəsur təhsil naziri də humanitar təhsil sahəsində heç bir ciddi dəyişiklik edə bilməz. Üstəlik sizin ən qabaqcıl və cəsur adam olmağınıza da şübhəm var.
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
Humanitar təhsil üçün məktəb vacib şərtdir, ancaq zəruri şərt deyil. Lev Tolstoy ev təhsili görməmişdi, ali məktəbin də yalnız birinci kursunda oxumuşdu. İosif Brodski məktəbi 8-ci sinifdən tərk etmişdi, Maksim Qork heç məktəb görməmişdi. Dünyadakı texnoloji inqilabların müəlliflərinin də bir çoxunun ali təhsili yoxdur. Yəni bilikləri məktəbsiz də qazanmaq olar. Və məktəb insan həyatının kiçik hissəsini təşkil edir. Əsas məsələ biliklərin realizasiyadır, insanın intellektualının tətbiq imkanlarının olub-olmamağıdır. Azərbaycanda bütün iqtisadiyyat korrupsiya ilə yoluxduğundan və inhisat məngənəsində sıxıldığından fərdi təşəbbüslər, fərdi proyektlər yoxdur və ola biləcəyini gözləmək olmaz. Azərbaycanda haçan hansı sahədə kimsə orijinal və məfəətli biznes proyektləri ilə ad çıxara bilib? Belə şey olubmu? Çətin ki, ola. Çünki Azərbaycanda hazıra nazir həvəsli qurdlar var və onlar iqtisadiyyatdan ancaq şəxsi mənfəət güdürlər, iqtisadi cəhətdən müstəqil zümrənin yaranmasında da onlar özlərinin sərhədsiz, nəzarətsiz hakimiyyətlərinə təhlükə görürlər. Çinin təcrübəsi göstərir ki, ölkənin iqtisadiyyatı avtoritar idarçilik şəraitində yüksək inkişaf edə bilər. Ancaq Çinin başında dövlətçilik prinsiplərini, dövlətin strateji maraqlarını şəxsi maraqlarından, hakimiyyət hərisliyindən üstün tutan adamlar dururlar. Buzim dövləti isə dövlətin bütün resursarını, o cümlədən insan resurslarını öz şəxsi maraqlarına tabe etmiş dar təfəkkürlü, ölkəyə, millətə feodal baxışlı adamlar dururlar. Ona görə də yüksək təhsil görmüş gənclərin ölkədə perspektivi yoxdur. Otuz ilə yaxındır ki, Azərbaycan gncləri dünyanın müxtəlif ölkələrində yaxşı təhsil alırlar. Ancaq nədənsə o gənclər sonradan qanunvericilik orqanlarına seçilmirlər, rayonlara onlar yox, ofisiantlar və ya mal-qara oğruları rəhbər təyin olunurlar…
++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
Düzü, sizin vətənpərvərlikdən ətəndaşlığa doğru uğurlu təkamülünüz barədə hekayənizi yaxşı başa düşmədim. Mənim üçün ümumiyyətlə Azərbaycan vətəndaşlığı xeyli dərəcədə mücərrəd şeydir. Yəni “vətəndaşlıq” Azərbaycanda insanın hüquqi statusunu əks etdirmir, yəni formal cəhətdən vətəndaş olmaqla əsil vətəndaş olmaq arasında böyük fərq var. Əgər prezidenti, ona yaxın insanları, ümumiyyətlə hakimiyyəti tənqid edən hər insanı przident dərhal “antimili ünsür” kimi damğalayırsa, hansı vətəndaşlıqdan söhbət gedə bilər. Vətəndaşlıq yoxdur, təbəəlik, tabeçilik var, loyallıq tələbərini pozan insan düşmən, təxribatçı sayılır. Belə ölkədə insanın normal və həm də dolğun həyatı mümkün deyil. İnsan ya gərək dilini qarnına qoyub başıaşağı hər zülmə dözməli, ya da əqidəsindən, əxlaqi prinsiplərindən əl çəkib ölkəni şirkət kimi idarə edənlərin buyruq qulu olmalıdır. Məsələn siz, hörmətli cənab, Əmrullayev, müstəqil şəkildə deputatlığa gedib seçkilərdə iştirak edə bilərsinizmi? Prezidentliyə iddia edə bilərsinizmi? Bəlkə də edərsiniz, ancaq bir neçə günün içində boynunuza çevriliş ittihamı qoyub basarlar dama. Blirsinizmi yüzlərlə bələdiyyə deputatından yalnız bir nəfər müstəqil seçilib və o qızı da salıblar gözümçıxdıya. Bəlkə o cəsur və vətənpərvər qıza dəstək olasınız? Mənə elə gəlir ki, o qız, sizdən fərüli olaraq, doğrudan ona halal olan vətəndaşlıq statusunua yiyələnmək istəyir. Ona deyirlər ki, Azərbaycanda vətəndaşlıq-zad yoxdur…
Mənə elə gəlir ki, Azərbaycanda hər vəzifədə ən azı ziyan vurmamaq elə xeyir verməyə bərabərdir. Ümid edirəm ki, siz də ziyan vurmazsınız. İstərdim ki, faydalı işləriniz də olsun. Məsələn, talış dili və ədəbiyyatının tədrisi, talış dili və ədəbiyyatı müəllimləri hazırlayan fakultənin açılması. Talışlar Azərbaycan torpağı uğrunda səngərlərdə ölürlər. Biz isə onlara qarşı ədalətsizik. Buna son qoymaq lazımdır.
Sübut edin ki, Azərbaycanda vətəndaş olmaq mümkündür.
Mirzə ƏLİL (X.X.)
29-30.07. 2020, Samara
Понравилось это:
Нравится Загрузка...
Для отправки комментария необходимо войти на сайт.