SMDT-NİN BƏLƏDİYYƏ ÜZVÜ VƏFA NAĞIYA TƏZYİQLƏRLƏ BAĞLI BƏYANATI

Стандартный

1

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin
Neftçala rayon Xolqaraqaşlı kənd bələdiyyəsinin üzvü Vəfa Nağıya təzyiqlərlə bağlı
Bəyanatı

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) 23 dekabr 2019-cü il bələdiyyə seçkilərində Neftçala rayon Xolqaraqaşlı kənd bələdiyyəsinə üzv seçilmiş Vəfa Nağıya qarşı son iki ay ərzində müşahidə olunan təzyiqlərdən narahat olduğunu bildirir, bunu seçilmiş bələdiyyə üzvünün müstəqil fəaliyyətinə qarşı siyasi təzyiq hesab edir.
SMDT qeyd edir ki, Vəfa Nağı Neftçala rayon Xolqaraqaşlı kənd bələdiyyəsinə üzv
seçildikdən sonra bu qurumun hesabatlı və şəffaf qaydada çalışması üçün qanun çərçivəsində səylər göstərmiş, bələdiyyə sədrinin qanunauyğun şəkildə iclasları keçirməsini təklif etmiş, habelə bələdiyyə sədri Əlibala Səlimovdan bələdiyyənin maliyyəsinin əsaslarını öyrənməyə çalışmışdır. Bununla bağlı son dəfə iyunun 8-də Vəfa Nağı rəsmi qaydada müraciət edərək, bələdiyyənin büdcəsi və mülkiyyətinə dair məlumatların açıqlanmasını tələb edib. Ancaq bələdiyyə sədri Əlibala Səlimov bu müraciətləri cavablandırmaq əvəzinə Vəfa Nağıya qarşı gözdənsalma kampaniaysına başlayıb, ona və yaxınlarına təzyiq edib.
SMDT narahatlıqla bildirir ki, Xolqaraqaşlı bələdiyyəsinin üzvü Vəfa Nağıya qarşı təzyiq və gözdənsalma kampaniyasını yerli icra strukturları da himayə edib. Məsələn, iyunun 10-da Vəfa Nağının qardaşı Elşən Nağıyev Neftçala rayon polis idarəsinə dəvət olunub və onun 100 manat məbləğində inzibati qaydada cərimə olunduğu bildirilib. Buna səbəb kimi 15 aprel 2020-ci ildə Xolqaraqaşlı kəndində keçirilən etiraz aksiyasında iştirakı göstərilib. Ancaq həmin aksiyada 50-dən artıq kənd sakini iştirak etsə də, cərimə olunan yalnız Vəfa Nağının qardaşı olub.
İyunun 16-da keçirilmiş bələdiyyə iclası Vəfa Nağı ilə bələdiyyə sədri arasında mübahisə ilə keçib və bundan sonra Xolqaraqaşlı kəndində yenidən gözdənsalma hərəkətləri başlayıb. Bir qrup şəxs Vəfa Nağının “Lady Gaga” yazılmış çimərlik şəkillərini kənd ərazisində yayaraq, onunla bağlı kənd sakinlərinin rəyini dəyişməyə və gözdən salmağa çalışıblar. SMDT bu olayı şiddətlə qınayaraq, həm Vəfa Nağı, həm də onun ailə üzvlərinə qarşı mənəvi-psixolji təzyiqləri siyasi motivli hesab edir. Bu cür tədbirlər həmçinin kənd sakinlərinin yerli idarəçilikdə iştirakdan çəkindirməyə, kənd bələdiyyəsinin hesabatlılığı ilə bağlı tələbləri etibarsızlaşdırmağa yönəlib.
SMDT hesab edir ki, Xolqaraqaşlı kənd bələdiyyəsinin üzvü Vəfa Nağıya qarşı olaylar və həmin kənd bələdiyyəsi sədri Əlibala Səlimovun hərəkətləri yerli özünüidarəçiliklə bağlı ölkə Konstitusiyası, “Bələdiyyələrin statusu”, “Bələdiyyələrin maliyyəsinin əsasları”, “Bələdiyyə üzvünün statusu” və “İnformasiya əldə etmək” haqqında qanunların, habelə Azərbaycan Respublikasının qoşulduğu Yerli Özünüidarə üzrə Avropa Xartiyasının tələblərinin pozulmasıdır. SMDT hüquq-mühafizə orqanlarına müraciət edərək, baş verən olaylarla bağlı müvafiq tədbirlər görməyə, Vəfa Nağıya qarşı təzyiqlərin ətraflı araşdırmağa, ona təzyiq göstən şəxslərin müəyyən edilib məsuliyyətə cəlb olunmasını təmin etməyə çağırır.
Əlaqə:
E-poçt: emc.az2001@gmail.com
Telefon: +994503334674
Veb səhifə: http://www.smdtaz.org
Tvitter: SMDT_EMD

Обсуждение закрыто.