Daily Archives: 19.06.2020

FƏZAİL AĞAMALI İDDİA EDİR Kİ, İLHAM ƏLİYEV AZƏRBAYCANI DAĞIDIR…

Стандартный

Fəzail_Ağamalı

Dünən millət vəkili Fəzail Ağamalının bir məqaləsini oxumuşam, indiyəcən havası başımdan getmir. Nə gizlədim, məqalənin hər sətrindən bir vaxtlar Salyanın xəlvət dalanlarından və ya elə şəhərin lap ortasındakı bağda ağacların altından qalxıb nazlana-nazlana ətrafa yayılan anaşa iyu gəlirdi. Məqalənin lap başlanğıcından mənə elə gəldi ki, bu şoğəribi yazanda Fəazil Ağlamalı dərin kayfda olub və yəqin hər abzası yazanda dayanıb salyanlılar kimi ö-özünə deyirmiş: “Ala, mən uydum ki…”

Özünüz baxın. “Ölkə prezidenti Azərbaycanı yeniləməkdə və demontaj etməkdədir”.

Yeniləməyə etiraz yoxdur. Ancaq necə yəni «demontaj? “Demontaj” söküb-dağıtmaqtır. Yerli-dibli sökmək. İlham Əliyev atası ulu öndərdən qurulu aldığı ölkəni necə söküb-dağıdar? Sonrakı cümlə ilə Fəzail Ağamalı özü sübut edir ki, yazanda narkotik keflənmə vəziyyətində olub. “Ulu öndərimizin sarsılmaz təməllər üzərində qurduğu dövlətimiz…”

Belə çıxır ki, “sarsılmaz təməllər üzərində qurulan dövləti” İlham Əliyev təməli qarışıq dağıdır?

Sonrakı abzas bir cümlədən ibarətdir, ancaq bu cümlədə 76 (yetmiş altı!) söz var! Bu qədər sözü bir cümlədə ancaq rus yazıçısı Lev Tolstoy və amerikan yazıçı Uilyam Folkner işlədib. Ancaq Tolstoyun və Folknerin cümlələrini diqqətlə oxuyanda nə dediklərini başa düşmək mümkündürsə, Fəzail Ağamalının nə dediyini anlamaq qətiyyən mümkün deyil. Azərbaycan dilini məndən yaxşı bilən bir nəfər mənə dedi ki, millət vəkili demək istəyir ki, İlham Əliyev Azərbaycanı demontaj etsə də, yəni dağıtsa da, yaxşı oğlandır…

Sonra narkotik kefliliyi daha da güclənən Fəzail Ağlamalı yazır ki, 2005-ci ildə F. Əliyev, Ə. İnsanov və R. Quliyev İlham Əliyevdən qabaq Azərbaycanı demontaj eləmək istəyirlərmiş, ancaq xalq buna yol verməyib, deyib ki, biz demontaj olmağa hazırıq, ancaq qoy bunu İlham Əliyev eləsin, İlham Əliyev bizim başımıza nə pislik gətirsə, incimərik.

Bu yerdə Fəzail Ağlamalı otlu soqaretdən daha bir neçə qullab vurub keçir “boz kardinala”. Düzü, öz ağlımla bu boz kardinalın kim olduğunu başa düşmədim. Azərbaycana zəng elədim, dedilər yəqin bu, Ramiz Mehdiyevdir. Yenə çaş-baş qaldım. Fikirləşdim ki,  Ramiz Mehdiyev yəqin müsəlmanlıqdan çıxıb, keçib katolik dininə. Roma papası da ona kardinal rütbəsi verib. Əlbəttə, birdən-birə kardinal rütbəsi almaq çətindir. Ancaq Ramiz Mehdiyevin pulu çoxdur, yəqin pul basıb Vatikana. Nə gizlədək, Azərbaycan hökuməti Vatikanı da rüşvətə öyrətdi…

Sonra Fazil Ağlamalı 5-ci kalondan yazır. Buni heç başa düşmədim. Kolon bağırsaq sözünə oxşayır. «5-ci» də yəqin 5-ci nöqtə deməkdir… Yəni Ağlamalı demək istəyir ki, Ramiz Mehdiyev həm katolik olub, eyni zamanda da gey? Bəlkə çoxdan gey imiş?

Lənət şeytana… Arvad-uşaq bu Fəzail Ağlamalının yazdığını oxusa, biabır olarıq…

Nə başınızı ağrıdım, axıracan oxumağa hövsələm çatmadı. Mən belə başa düşdüm ki, Ramiz Mehdiyev həm həm katolikdir, həm geydir, həm korrupsionerdir, həm də separatçıdır, Bakını Azərbaycandan ayırıb ya Vatikana, ya da Las Veqasa birləşdirmək istəyir. Onun əməllərinin qarşısını Dövlət Təhlükəsizliyinin “qara masqalı, ağ niyyətli” əməkdaşları alırlar.

Yeri gəmişkən, məqalənin belə lirik yerlərinə artıq Kəmaləddin Heydərov mahnı yazır. Fəzail Ağamalının daha bir lirik cümləsinə (“Heydər Əliyev ideyalarına sədaqət nümunəsi göstərən, son dərəcə ağıllı, vətənpərvər, bütün ruhu ilə milli, həm də mərhəmətli Mehriban xanım») yazılmış mahnı artıq hazırdır və tezliklə Zeynəb Xanlarova ifa edəcək…

Fəzail Ağlamalı haqqında salyanlılar qəribə sözlər danışırlar. Guya bir dəfə onun şərəfinə verilən ziyafətdə ona siqaret uzadırlar ki, Fəzail bəy, alın, bu, Salyan siqaretidir. Fəzali soruşar ki, Salyan siqaret istehsal edir? Deyiblər ki, hə, balaca fabrik açmışıq, yüksək keyfiyyətli siqaret buraxırıq hörmətli adamlar üçün – hakimlərə, prokurorlara, nazirlərə millət vəkillərinə pay veririk. Fəzail soruşub ki, tütünü özünüz becəriursiniz? Deyibər ki, yox, istəmirik arvad-uşaq əziyyət çəksin, tütünü Kolumbiyadn gətirdirik…

O gündən, deyilənlərə görə, salynalılar aybaay Fəzail Ağlamalının siqaret payını göndərirlər. Yanına da Salyan kürüsü qoyurlar… Deyirlər ki, kürü ilə Salyan siqareti yaxşı yapışır…Şayiə yayılıb ki, millət vəkillərinin yarıdan çoxu o siqaretdən çəkir…

Bunu yazandan sonra Fəzailin məqaləsini bir də oxumaq istədim, fərasətim çatmadı. Güzgü qabağında durub başıma ikiəlli qapaz vurub ağladım…

Ah, vətən…Sən nə gündəsən… Səni kim bu günə qoydu…

Mirzə ƏLİL

19. 06. 2020, Samara

https://qafqazinfo.az/news/detail/hikkesinden-el-cekmeyen-agsaqqal-yasa-dolduqca-daha-da-aqressivlesir-290442

1