ŞAMAXI AĞSAQQALLARINA MİRZƏ ƏLİLİN MÜRACİƏTİ

Стандартный

1

Təzəlikcə orda-burda danışırlar ki, guya Mirzə Əlil söyüş söyür. Yalançının lap… Mən haçan söymüşəm? Kimi söymüşəm? Ola bilsin kimsə darıxdırıb məni, elə stres keçirmişəm ki, özümü saxlaya bilməmişəm. Yoxsa mən söyüş söyən deyiləm, ayıb sözlərin də tək-tükünü bilirəm, vaxtında öyrənməmişəm, indi də gecdir…

Ancaq hərdən adamın elə söyməyi gəlir ki, az qalırsan elə ictimaiyyət qarşısında yaxşı bir nitq deyəsən…

Bu gün mənə Şamaxı ağsaqqallarının prezidentə müraciəti rast gəldi. Gözəl müraciət yazıblar. Mən belə başa düşürəm ki, ağ saqqallarını batırıblar mürəkkəbə və yazıblar. Şamaxı ağsaqqalları prezidentə və onun vitse-prezident xanımına atalıq və analıq qayğısına görə dərin təşəkkür edirlər. Yazırlar ki, xalq cəbhəsinin vaxtında şəhər, üzdən iraq, poxa dönmüşdü. Məmməd Əminin vaxtında isə həftə səkkiz mən doqquz zəlzələ olurdu. İndi İlham Əliyevin müdrik siyasəti nəticəsində nəinki yer, hətta göy də farağat dayanıb, yağışın özü də Şamaxının başına nizam-intizamla düşür…

Şamaxı ağsaqqalları çox gözəl sözlər yazırlar, ancaq bilinmir ki, yazanların içində, Şeyx Nəsrullah demişkən, bacılardan da olub ya olmayıb… Yəni bəzi qəlbiqara insanlar filikləşə bilərlər ki, Şamaxı ağsaqqallarının kefi kökdür, ağbirçəklərin isə günü qaradır. Yəqin ki, burda biR anlaşılmazlıq var və tezliklə ağbirçəklərin də məktubu dərc olunar.

Ancaq müraciətin sonunu oxuyanda cin vurdu beynimə, zərdablı dostum Dostəcəbin gözəl söyüşləri yadıma düşdü. Ağsaqqallar sonda yazırlar: “…son zamanlarda ölkəmizdə, o cümlədən regionlarda aparılan inkişaf prosesinə kölgə salmağa çalışanlar var”.

Oxuyan kimi dedim o kölgə salanların ana… Necə kölgə salırlar? Prezident çalışır, inkişaf etdirir, bəzi oğ… bəzi nəzakətsiz insanlar isə kölgə salırlar. Maraqlıdır, kölgəni onlar nə ilə salırlar? Yəni bir cür çətirləri var? Dedim alasan o çətirləri, sapını…

Lənət şeytana!

Burda Şamaxı ağsaqqallarına da acığım tutdu. Niyə o kölgə salanların adı yoxdur? Adlarını yazın! Mən onları adbaad söyərəm! Məhərrəmlik gəlməmiş yazın adlarını, mən Əli şiəsiyəm, məhərrəmlikdə ağzımı gərək təmiz saxlayam. Düzdür, şamaxılıların çoxu sünnüdür, İmamın yasını saxlamırlar, ancaq mən o cür ağsaqqalların xətrinə də imanıma xələl gətirə bilmərəm.

Hörmətli Şamaxı ağsaqqalları! Səbirsizliklə gözləyirəm. Ağzım sözlə doludur. Bilin ki, prezidentə kölgə salanlarda salamat yer qalmayacaq!

Bacılara da salam deyin. Müraciət yazanda onları da qoşun özünüzə. Biz gözəl millətik, birçəyə də saqqal kimi hörmət edirik!

Allah sizi cəbhəçilərin, müsavatçıların və başqa antimilli ünsürlərin şərindən uzaq eləsin. Yoxa gözəl şəhərinizi satarlar Türkmənistana. Guya tərəkəmələrin də türkmən tərəfə meyli var. Guya türkməndə işıq pulsuzdur…

Gözdə-qulaqda olun, saqqalı ələ verməyin.

Mirzə ƏLİL

01.06. 2020, Samara

Обсуждение закрыто.