Bu gün bir biləsüvarlı ilə az qalmışdıq vuraq bir-birimizi, yəni mən az qalmışdım onu vuram, o məni vura bilməzdi. Aramızda sosial distansiya olmasaydı yıxıb sürüyəcəkdim. Mənim yanımda prezident İlham Əliyevdən pis danışılanda cin atına minirəm, oluram Rüstəm-Zal. Bu biləsüvarlı sosial distansiyadan mənə salam verən kimi nə desə yaxşıdır? Deyir ki, bəs İlham Əliyev bu on ildə görmürdü ki, Mahir Rüstəmov oğrudur və hətta oğruların başıdır? Bu on ildə görmürdü ki, bu ofisiant biləsüvarlıların başına nə oyun gətirir?
Dedim a kişi, məni məcbur eləmə bu sosial distansiyanı adlayıb cumum üstünə. Möhtərəm Əliyev Bakıdan Mahir Quliyevi Biləsüvarda necə görsün? Sənin ağlın başındadır? Heç Bakıda olmamısan? Bakıdan Biləsüvar görünür? Yox görünmür! Mən özüm neçə dəfə Bakının ən uca yerlərindən boylanmışam, Salyanı görə bilməmişəm, düzdür, arabir ağ iyi, qara iyi gəlib burnuma dəyib, ancaq Salyanın özünü görə bilməmişəm. Biləsüvar Salyandan da o yana. Prezidentimizdən ayı, ulduzu soruş, orda nə varsa, hamısını sənə desin, çünki ay da Bakıdan görünür, ulduzlar da. Ancaq Biləsüvar görünmür. Deyirsən İlham Əliyev getsin otursun rayonda, başçıya nəzarət eləsin? Bəs o biri rayonlar? Prezidentimiz tək, rayonlar çox. Hansına getsin? Nə dedin? Versib xalqın nəzarətinə? A kişi, sən qan-qan deyirsən, xalq kimdir, xalqın nəzarətinə rayon vermək olar? A kişi, deyəsən sən ya müsavatçısan, ya da cəbhəçi. Prezidentimiz də deyib ki, müsavatçılar da, cəbhəçilər də düşməndirlər. Sən məni şərə salmaq istəyirsən, qurban ol bu koronavirusa, sosial distansiya olmasaydı, səni yararsız hala salardım…
Biləsüvarlı rədd olub getdi. Öz-özümə xeyli fikirləşib gördüm ki, yüz faiz haqlıyam. Bakıdan Biləsüvarı, Astaranı, Gəncəni necə görəsən? Düzdür, prezidentimizin, maşallah, boyu uzundur, ancaq rayonlar da uzaqdır. Mən burda Putin tərəfdarı olan bir rusdan soruşdum ki, Rusiyanın bu boyda ərazisini Putin necə görür? Dedi ki, Putinin yaxşı durbini var, dırmaşır Kremlin başına, haraya baxmaq istəsə, tuşlayır durbini ora. Ona görə də bütün işlərdən xəbərdardır…
İndi deyirəm ki, möhtərəm İlham Əliyevə də belə bir durbin lazımdır. Neçəyə olsa, onu almaq lazımdır. Çıxar uca bir yerə, tuşlayar rayonların üstünə, bir-bir baxar, görər kim nə zəbt edib, kim kimi əzir, kim kimi boğur, kim kimin ətini yeyir…
Ancaq məsləhət görərdim ki, Salyan tərəfə çox baxmasın, ordan ağ iyi, qara iyi gələr dolar burnuna, başı dumanlanar…
Mən bilən, İlham müəllimin durbini var, ancaq Lökbatanacan göstərir. Ona görə də müxalifətin mitinqləri Lökbatana təyin ediıir…
Azərbaycan prezidentinə başqa durbin lazımdır, ruslsr demişkən, durbinlər durbini…
Hə, gərək o durbin Qarabağı da göstərməyə. Prezidentin ürəyi xarab olar…
Mirzə Əlil
30.04. 2020. Samara
Для отправки комментария необходимо войти на сайт.