Daily Archives: 09.03.2020

TƏDBİR MAHMUDOV: » SƏN ALMASAN, MƏN ALMASAM… SƏN VERMƏSƏN…»

Стандартный

1

1972-ci ilin avqustun sonunda Salyanda müəllimlərin rayon konfransı keçirilirdi. Tədbirdən sonra mədəniyyət evindən çıxan müəllimlər, xüsusən təzə təyinat almış gənclər hamını təsirləndirmiş bir çıxışdan danışırdılar. Çıxışın məzmununu yadında saxlayan, natiqin nə dediyini əməlli-başlı başa düşən yox idi. Hamını sarsıdan çıxışın əvvəlində, ortasında, axırında səslənən misralar olmuşdu: “Sən yanmasan, mən yanmasan, necə çıxar qaranlıqlar aydınlığa…”. Maraqlıdır ki, konfransdakı müəllimlərin çoxu bu misraları kimin yazdığını başa düşməmişdi, elə bilmişdilər ki, şeirin müəllifi elə xitabət kürsüsündəki natiqdir – yəni cavan müəllim Tədbir Mahmudovdur. Dinləyicilərin bəziləri Tədbir Mahmudovun onları yanmağa dəvətindən yox, natiqin pəltəkliyindən təsirlənmişdilər. Tədbir müəllimi tanıyanlar müəllimi tanıyanlar bilirlər ki, onun pəltəkliyi var…

Və daha maraqlısı odur ki, bəzi müəllimlərə elə gəlmişdi ki, Tadbir müəllim deyir: “Sən almasan, mən almasam…”

Yəqin ki, konfransda iştirak edən rayon rəhbərliyi də elə Nazim Hİkmətin misralarını belə eşitmişdi: “Sən almasan, mən almasam…”

Bir il keçməmiş Neftçala rayonu yaradıldı. Və bir müddət sonra Tədbir Mahmudovu rayon maarif şöbəsinin müdiri təyin elədilər.

“Sən almasan, mən almasam…”

Mən 1981-ci ilə qədər orda müəllim olmuşam, Tədbir müəllimlə də heç bir şəxsi qərəzim yoxdur, ancaq arxayın deyə bilərəm ki, bu adam az vaxtda rayonun ən yırtıcı qurdlarından birinə çevrildi. Məktəblər, o vaxt işləmimş müəllimlər təstiq edərlər, quldurxanaya döndülər, müəllimlərin maaşından ciddi məbləğlər kəsilir və bunun mühüm hissəsi, əlbəttə, Tədbir Mahmudova gedirdi. Rüşvətxorluq, maliyyə pozğunluğu bütün təhsil sistemini bürümüşdü: məktəblərə direktoluq əsil mənada hərracla satılır, böyük rüşvətlə təyinat almış direktor məktəbin ehtiyacına ayrılan pulları yeməklə, müəllimlərin maaşından çıxmaqla “pulunu çıxarırdı”.

Mən bir dəfə Tədbir Mahmudivun kabinetində olmuşam: fövqəladə dərəcədə utanmaz adam idi. Çox bayağı, şit təbəssümüylə dişini ağardır və baxışlarıyla deyirdi ki, hə, mən beləyəm, indi sən mənə neyləyə bilərsən…

Mən indi İnternetdə Tədbir müəllimi axtardım və ona həsr olunmuş tərifli matareialları görüb məyus oldum. Əgər Tədbir kimi adamlar Salyanın, Neftçalanın fəxridirsə, kül Salyanın da, Neftçalanın da başına!

Ümumiyyətlə, sovet dağılana qədər məktəb rəhbərliyində işləmiş adamların hamısı ciddi məsuıiyyət daşıyırlar və indi onların üzərində hüquqi məhkəmə olmasa da, ictimai məhkəmə qurmaq yaxşı olardı. İndi çoxlarının hörmətlə xatırladlığı bu insanlar 11 yaşlı uşaqları dəhşətli bürkülərdə, hətta leysan yağışlarda pambıq tarlalarında aylarla əsir-yesir eləyiblər. Nə qədər qız uşağı sağalmaz xəstəliklərə, o cümlədən qadın xəstəliklərinə tutulub. Müəllimlərin ləyaqəti tapdalanıb. Əlbəttə, direktorlara da əmr verən vardı, ancaq kriminal əmrləri icra edən insanlar da cinayət məsuliyyəti daşımalıdırlar!

Mən qorxuram ki, Neftçalada sabah Tədbir Mahmudovun adını bir küçəyə də verələr. Deməli, böyüklər cəhənnəm, uşaqlar da bu rüşvətxorun, oğrunun, demaqoqun adını daşıyan küçə ilə gedib-gələcəklər, bəziləri bu küçədə də yaşayacaqlar. Bilirəm ki, Salyanda və başqa şəhərlərimizdə hər cür lotu-potunun adını daşıyan küçələr var. Əvvəl lotuya ya da şarlatana fəxri ad verirlər, sonra bu adı calayırlar küçəyə. İngilis Nyuton, Şekspir, Çörçil, Bayron küçəsi ilə gedib-gəlir, salyanlı isə Aşıq Pənah küçəsi ilə…

Tədbir müəllim uzun illərdən bəri mənim heç yadıma düşmürdü. İcra başçısı, həbslər və təyinatla bağlı yadıma düşdü. Məsələ icra başçısında deyil. Məsələ bizim özümüzdədir. Əgər biz rüşvətxor olduğunu hamının bildiyi insanları xeyirdə, şərdə yuxarı başa çəkiriksə, onlara təriflər deyirksə, onları fəxr sayırıqsa, biz niyə ayrı cür rəhbər gözləməliyik? Bizim düz və əyri, oğru ya doğru haqqnda dəqiq təsəvvürlərimiz var ya yoxdur? Biz əxlaqı necə başa düşürük?

Mən İnternetdə Allahverdi Eminovun Tədbir Mahmudov haqqında məqaləsinə rast gəldim. Eminov, səhv etmirəmsə, Qarabağlıdandır. Hansı elmin nümayəndəsidir, başa düşmək mümkün deyil. Ancaq bir dəstə rəzil adamı millətin şərəfi kimi sadalamaqla əqidəsinin yoxluğunu özü boynuna alır.

“Sən yanmasan, mən yanmasam…”

Bunu on yeddi il türmə çəkmiş türk şairi demişdi. Təssüf ki, türk türməsindən çıxandan sonra başını soxmuşdu Stalinin qoltuğuna…

“Sən almasan, mən almasam…”

Tədbir Mahmudovun pəltək dilində Nazim Hikmətin misraları  bu cür səslənirdi…

“Sən verməsən, mən almasam…”

Belə daha həqiqətə uyğundur…

Tədbirin vaxtında müəllimlərin qanınını da sorurdular. Sözün əsil mənasında. Hər il işə qayıdanda sanitar kitabçasını almaq üçün müəllim xeyli qan verməliydi. Dörd yüz qrama qədər…

09. 03. 2020, Samara

Xeyrulla Xəyal, RF Jurnalistlər İttifaqının üzvü

P.S.

Yazını bitirəndən sonra yenə İnternetə göz gəzdirdim, Tədbir Mahmudovun 2017-ci ildə prezidentə müraciətini tapdım. 2017-ci il! Vəliyev yeddi ildir ki, neftçalalıları minib çapır, dərilərini soyur. Əməkdar müəllim adını daşıyan bu qoca prezidentə demir ki, ay rəhmətliyin oğlu, al bizim camaatı bu qurdun caynağından. Tədbir Mahmudov ancaq prezidenti tərifləyir, başa düşürsən ki, yaxınına gedə bilsə, prezidentin dalını, qabağını da yalayar.

Bu adam bizə fəxrdir ya bizim rüsvayçılığımızdır?

X.X.

 

Tədbir Mahmudovdan, Neftçala, Azərbaycan

06 oktyabr 2017

Hörmətli cənab Prezident,

Sentyabrın 24-də Neftçala rayonuna tarixi səfəriniz, burada yeni mühüm obyektlərdə olmağınız, xüsusilə Neftçala Sənaye Məhəlləsinin açılışında iştirakınız bütün sakinlərin ürəyindən oldu. Son illər ölkəmizin hər yerində olduğu kimi, bizim Neftçalada da böyük quruculuq işləri aparılır. Heydər Əliyev Mərkəzi, Bayraq Meydanı kimi çox nəhəng və əzəmətli tikililər göz qabağındadır. İnsanlar görülmüş bu işlərdən razıdırlar. Neftçala Sənaye Məhəlləsinin istifadəyə verilməsi isə yüzlərlə yeni iş yerinin açılması deməkdir.

Möhtərəm cənab Prezident, Sizin rayonumuza hər gəlişinizdən sonra Neftçalada bir çox yeniliklər olur, göz oxşayan gözəlliklər yaradılır. Bu, Sizin tərəfinizdən Neftçalaya bir hədiyyə, ərməğan kimi hamını sevindirir. Bu gün görülən bu xeyirxah və nəcib işlər də şəxsən Sizin təşəbbüskarlığınızın, diqqət və qayğınızın bəhrələridir. Sizin Neftçalaya hər səfərinizdən yeni bir iz qalır, yeni bir əvəzolunmaz hədiyyə görürük. Bu da şübhəsiz ki, sakinlərin ürəyincədir.

Bu yaxınlarda rayonumuza səfərinizdən sonra Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisinə, habelə çoxmənzilli binaların əsaslı təmirinə vəsait ayrılması barədə imzaladığınız sərəncamları bütün neftçalalılar çox böyük sevinc və hərarətlə  qarşıladılar. Bu, böyük və əvəzsiz qayğıdır.

Hörmətli cənab Prezident, neftçalalılara göstərdiyiniz diqqət və qayğıya, imzaladığınız yeni sərəncamlara görə şəxsən öz adımdan, ağsaqqal və ziyalılar adından Sizə minnətdarlığımızı və təşəkkürümüzü bildirir, respublikamızın daha da inkişafı naminə fəaliyyətinizdə möhkəm cansağlığı, uzun ömür arzulayırıq.

Hörmətlə,

Mahmudov Tədbir, Əməkdar Müəllim, əmək veteranı. 

Azərbaycan Respublikası, Neftçala rayonu.