MƏHƏRRƏM ƏLİYEVİN ƏSGƏR GETMƏKLİYİ

Стандартный

məhərrəm_əliyev.jpg

Məhərrəm Əliyevin hərbi işlər üzrə prezident köməkçisi təyin edilməyini onun doğma kəndi Maxtada bir az yanlış başa düşüblər, yəni kənd adamları, xüsusən arvadlar yanlış başa düşüblər. Onlar elə biliblər ki, prezident İlham Əliyev onu əsgər çağırıb və bu gün-sabah göndərəcək Qarabağa. Və Maxta arvadları kəndin şadlıq evinə yığışıb bir şivən qoparıblar ki, səsləri gedib Ermənistana gedib çatıb. Ermənilər də fikirləşiblər ki, yəqin Vasif Talıbov dünyasını dəyişişib.

Maxta arvadları isə üz-gözlərini cıraraq ağlaşıblar:

— Məhərrəm müəllimi saldat aparacaqlar, vay!

— Məhərrəm müəllimi uçtel aparacaqlar, vay!

— Məhərrəm müəllimi nadzor aparacaqlar, vay!

— Ay Məhərrəm müəllim, kaş sən elə sovetin vaxtında əsgər gedəydin! O vaxt əsgərliyini çəksəydin, indi İlham Əliyevin sənə gücü çatmazdı!

— Ay qız, Məhərrəm müəllimi saldat göndərən İlham Əliyev deyil, Mehriban xanımdır. Biz naxçıvanlıları onun gözü götürmür!

— Ay Məhərrəm müəllim, sən heç institut da qurtarmamısan, il yarım gedirsən, bacın qurban!

— Ay qız, necə institut qurtarmayıb? Sovetin institutunu qurtarmamışdımı?

— Ay qız, o institut qiyabi idi, yalançı institut idi, kimdi onu sayan?

— Ala gözlü Məhərrəm,
Şirin sözlü Məhərrəm.

Görüm heç yarımasın,

Səni əsgər göndərən…

— Ay qız, ürəyimin başı soyuldu. Dayan, birini də mən deyim.

— Enli kürək Məhərrəm,
Yoğun bilək Məhərrəm.

Bizə Qarabağda yox,

Burda gərək Məhərrəm.

— Ay Məhərrəm müəllim, sən yetmiş yaşında tüfəng atmağı necə öyrənəcəksən? Ay zalım dünya! Ətirli yorğan-döşəyə öyrəşən insan, indi səngərdə nə qayıracaq!

— Ay qız, deyirəm çörək tapmayan qədər kasıb-kusub var ki, özləri Allaha yalvarırlar ki, uşaqları əsgər getsin, hökumətin çörəyini yesin. Niyə bizim Məhərrəm müəllimdən yapışıblar, onun çörəyini iranlılara versın, küçələrdən yığışarlar.

— Özü də halal çörək. Məhərrəm müəllim həmişə halal yeyib…

Beləcə Maxta arvadları bir neçə saat ağlayıb-sızlayıblar. Şama yaxın onları axtarıb Şadlıq sarayında tapan ərləri başa salıblar ki, Məhərrəm müəllim əsgər getmir, onu bütün əsgərlərin böyüyü qoyublar…

Deyilənə görə, arvadlar ordan qalxıb məscidə gediblər, nəzir verib Məhərrəm müəllimin canına dua elətdiriblər…

Biz də Məhərrəm müəllimin əziz canına dua eləyirik, öz başımıza isə kül sovururuq.

O ki qaldı ermənilərə, kirvələr indiyəcən çaş-başdırlar, bilmirlər Maxtada arvadlar niyə ağlayırmış, Vasif  Talıbov dünyasını dəyişib ya ayrı bir şey olub. Geci-tezi ancaq biləcəklər Məhərrəm Əliyevin hərbi müşavir təyin olunmağını. Onda yüz faiz şalvarlarını isladacaqlar.

Gülməkdən…

Mən Mirzə Əlil isə şəxsən belə fikirləşirəm ki, daha Azərbaycanla Ermənistan arasında müharibə olmayacaq. İlham Əliyev özü Ermənistanın rəhbəriylə vuruşacaq. Yəni yumruq davası olacaq. Qoyacaqlar bir-birlərinin ənginə.  Ona görə Məhərrəm Əliyevi özünə köməkçi götürüb. Çünki Məhərrəm Əliyev hərbiçi olmasa da, polis olub, yumruq davasından başı yaxşı çıxır…

Mirzə ƏLİL

30.11. 2019, Samara

Обсуждение закрыто.