Günlərin bir Günü Əli Kərimli evdən çıxır ki, mitinqə getsin. Hökumət adamları da həmişə Kərimlinin qapısında farağat dayınırlar ki, qulluğunda olsunlar. Onlar müxalifət liderini görüb qabağını kəsirlər ki, Əli bəy, qulluğunda olaq, hara təşrif buyurursunuz, bəs minin maşına, aparaq. Əli bəy deyir ki, yaxında mitinq var, ora gedirəm, ancaq mən maşına minmirəm, həkim buyurub ki, piyada gəzim. Hökumət adamlarının böyüyü deyir ki, ay Əli bəy, həkim piyada gəzməyi asudə vaxtında buyurub, sən mitinqə gedirsən, gəl min maşına, birdən yubanarsan. Əli bəy yenə deyir ki, yox, piyada gedəcək. Hökumət adamları elə bilirlər ki, Əli Kərim utandığından maşına minmk istəmir. Nəzakətlə qoluna girib ədəblə maşına mindirirlər. Ancaq maşına minən kimi elə bil Əli Kərimlinin başına hava gəlir, başlayır hökumət adamlarına və maşının ora-burasına kəllə atmağa. Bu hökumət adamları hamısı yaxşı təlim gördüklərinə görə kəllə onlara bir şey eləmir, ancaq maşın çox zərif, incə-mincə olduğundan ağır xəsarətlər alır. Şahidlərin dediyinə görə, aldığı zərbələrdən maşın altını bulayıb — benzin, yağ qarışıb bir-birinə…İndi maşının vəziyyəti orta ağırlıqdadır. Yaxşı mütəxəssislər, o cümlədən xaricdən gələnlər maşına baxıblar, tezliklə konsilium olacaq. Hələlik baxıb başlarını bulayırlar. Möhtərəm prezident iki dəfə zəng vurub maşının vəziyyətini soruşub. Baş nazir Əli Əsədov şəxsən maşına baş çəkib və onun zədələrinə baxanda elə kövrəlib ki, şalvarınacan isladıb…
Neçə ildir Əli Kərimli haray çəkir ki, ona xarici pasport vermirlər, xaricə buraxmırlar. Özünüz deyin, belə adamı xaricə necə buraxmaq olar? Deyək ki, Əli Kərimliyə pasport verdilər, o da gedib oturdu Bakı-Paris təyyarəsinə. Birdən təyyarədə başlasa kəllə atmağa, onda necə? Yenə kəlləni yerdə atsa, yaxşıdır. Birdən cinləri göyün üzündə oyansa? Təyyarə kəllə-mayallaq yerə gəlməzmi?
Yox, bu adama pasport vermək olmaz. Bu adamın şəxsiyyət vəsiqəsi də gərək alına və evdən çıxmağına icazə verilməyə. Bu hələ İlham Əliyevi debata çağırır! Nə debat, a kişi! Əlahəzrət prezident səninlə ingiliscə, fransızca fəlsəfə danışacaq, sən də ona kəllə atacaqsan? A kişi, şərini millətdən uzaq elə, get kəlləni evində at!
Əli Kərimlinin ağır xəsarət yetirdiyi maşını söhbəti isə bütün dünyaya yayılıb. Hətta Ermənistannın xaric işlər naziri Məmmədyarovla son telefon söhbətində heç Qarabağdan danışmayıb, elə maşının vəziyyətini soruşub, özü də ətraflı.
Deyirlər erməni pisdir. Hamısı pis deyil! Bizdən ötrü ürəyi yananlar da var!
Mirzə ƏLİL
21.10. 2019, Samara
Для отправки комментария необходимо войти на сайт.