Elvin PAŞA. ŞEİRLƏR

Стандартный

Emil_Paşa.jpeg

«Həyy»dan gəlib «hu»ya gedirdim

 

Yolda bir dostumu görüb dedim ki;- darıxıram,

dedi;- biz buralı deyilik…

…Sonra bir daş parçası gördüm,

məzarlıqdan binaya baxıb «kaş» deyirdi.

 

…Sonra havanın  tutulduğunu,

göylərin buludların üstünə çəmkirdiyini,

yağışın başladığını gördüm.

…Sonra bir sərçənin

ümidlə qaranquşa yuva tikdiyini,

qovulmuş işçi arının

çiçəkdən üzr istədiyini gördüm son nəfəsdə.

…mənim də bir tutuquşum var

azadlıqdan başqa bütün sözləri deyə bilir qəfəsdə

…Sonra bir göyərçinin səmada uçduğunu gördüm,

sahibinə gedib qayıtmağı öyrətmək üçün.

 

…Sonra bir itin islana-islana

dişiynən məscidin darvazasını örtüb hürdüyünü gördüm:

«Ey insan, ey insan»

…Sonra yuvası tapdalanmış qarışqanın

asta səslə qışqırdığını gördüm:

«Süleyman» «Süleyman»

 

…Sonra evə girdim asta-asta,

addım-addım.

Qəfəsdən tutuquşunun səsi gəldi

Səhər oğluma öyrətdiklərimi təkrarlayırdı:

«Buna da şükür- buna da şükür»

 

 

Almafobiya

 

Bəlkə də dünya

Həvvanın Adəmə

verdiyi almadı…

Bəlkə, aldanmaq

elə sevilməkdi,

qovulmaqdı bir adı…

Bu nə arzu tutmaqdı? —

Sənə qədər məsafəni

addım-addım sayıram.

Yorulanda əlimi

ürəyimin üstə yox,

Sənin yarandığın

qabırğama qoyuram!

Vallah,

indi almafobiya bürüyüb canımı.

Kaş əl uzatmazdım almaya

Gəl qayıdaq…

Yerimiz bura deyil

Biz Allahın gözündən düşdük dünyaya.

 

 

 

…Qırmızı işıqda

 

Mən ömür sürürdüm həyat yolunda

Əl edib saxladın gəldiyim yerdən.

Qəzanın günahı məndədi, kaş ki,

Dönəydim həmişə döndüyüm yerdən.

 

Nə yolun sonudu, nə də ortası,

Yolun girişində qalmışam demə.

Adamdan-adama keçib gedibsən,

Piyada keçidi olmuşam demə.

 

Zaman ayrılığa dərman olmadı,

Çarəmiz dünyanın harasındadı?

Dərdlərə bir damcı məlhəm istədik,

Dedilər dünyanın yarasındadı!

 

Hərədə bir yerə, hərədə bir cür

Açılır bu ömrün bağlı yolları.

Deyəsən hamıya yaşıl göstərir,

Bir mənəm gözləyən işıqforları.

 

 

 

«Div»lər apardı

   (Oğlum Mehdiyə)

 

Bu nağıl bitməmiş yat, əziz balam,

Nağıl da bitəcək axır olacaq.

Özünü nağıla öyrətmə, balam,

Onsuz da həyatın nağıl olacaq…

 

İndi qulaqların səs-küy istəyir,

Böyüyüb, sükuta tələsəcəksən…

Bax indi, bir mənəm nağıl danışan,

Böyüsən çoxundan eşidəcəksən…

 

Gecəni ac yatır cırtdanlar daha,

Bir dənə divlərdi evə tox gəlir.

Düşünmə çox bilib-çox yaşayaram,

Cırtdan nağıllarda divə xox gəlir.

 

«Kim yatmış-kim oyaq» nağıllardadı,

Yatmasan, qaçmağın yolları da var.

Ehh, bala, cırtdanlar divlərlə dostdur…

İndiki divlərin pulları da var.

 

Hər dəfə nağılın bu yerində mən

Cırtdana div deyib yenə çaşıram.

Sən gecə nağıla hazır olursan,

Mən səhər nağıla hazılaşıram.

 

Bir vaxt bu qaranlıq dərd idi mənə,

Bir işıq gəzirdim dərdimə ortaq.

Dünyanın işıqlı yeriymiş demə,

İndi sən yatdığın qaranlıq otaq.

 

Yumma gözlərini, inanma mənə,

O vaxt da uşaqlar səhər yatardı.

Mənə də dedilər «yat, divlər getsin»,

Məni də o axşam divlər apardı!..

 

 

 

Gün keçdi…

 

Unutmağa çalışıram görürsən,

Götür bütün yaddaşımı, uzaqlaş.

Ən çətin iş mənə düşdü, bilirsən,

Bircə dəfə inad etmə, razılaş.

 

Səsin itir qulağımdan birinci,

sonra qoxun daha gəlmir burnuma.

Xatirən də «adam kimi» dil bilir,

darıxanda qaçır girir qoynuma…

 

İtirirəm səsindəki kədəri,

itir gedir qulağımdan gülüşün.

Bilirdim ki, mən də çətin adamam,

Bilirdim ki, buz olmaqdı vərdişim…

 

Bax, üzümün gülüşünün memarı,

dön mənə bax,

itir-batır üzümdəki əl işin,

Bir gün hər şey sona çatır ömürtək.

 

Yoxa çıxır nəhayətdə yox olur,

Sevgi elə zəhrimardı, bilirsən.

Bəzən ömür azlıq edir sevməyə,

bəzən adam özü belə çox olur…

 

 

 

Çağırış

 

Nə deyim, nə danışım?

…yaxşıyıq pis deyilik.

Beş günlük dünyadı da…

Yaşamaq istəyirik.

 

Bir təhər dolanırıq…

Pis günün ömrü nədi?

…Bütün ehtiyaclarım

Allahın üstündədi!

 

…Arada büdrəyirəm,

yıxılmıram üz üstə.

Sənə də dua edir

anamız namaz üstə

 

Yəqin hesablamısan…

Mənim otuz, Babəkin

yaşı iyirmi üçdü.

…Nəvən də böyüyübdü

həsrətin dördə keçdi.

 

Müəzzin azan verir

Həyyəla xeyril əməl…

Məsçidə, pirə getmə!

Dəstəmaz al evə gəl.            

Реклама

Обсуждение закрыто.