Daily Archives: 25.02.2018

M.Ə. SABİR A. SƏHHƏTƏ: «ÖLÜRSƏM, QƏM ETMƏRƏM…»

Стандартный

SABİR

Qardaşım Səhhət!

Məktubun yetişdi. Evdən, uşaqlardan bir əndazəyəcən nigəranlığım rəf’ oldu. Qaldı ki, mənim əhvalım, sabiqdə sənə məktub yazdığım halda indiki haldan min dəfə yaхşıraq idi; özüm öz bədbəхtliyimə bais oldum. Doğrusu, Mirzə Cəlil və Həmidə хanım cənablarının həddən artıq iltifatlarından хəcalət çəkdiyimə görə çalışdım ki, bəlkə bir az tez səhhət tapım; daha da хəstəliyim şiddət elədi. Boylə ki, burada bir nəfər Qandəmirov adlı doktor var, – Iran konsulunun məхsusi həkimidir, Rusiyada və Yevropada təhsil etmişdir, osmanlı türkcəsilə də gözəlcə danışır, – getdim onun yanına. Məni müayinə etdi, soruşdu ki, kimdən əlac edirsən. Dedim: – Doktor Kasparyansdan. Dedi: – Kasparyans eyi bir doktordur, lakin bir qədər iхtiyarlaşmış. Doğrusu, onun bu ibarəsi ğayətdə mənim хoşuma getdi. Türklərə məhəbbətimin kəsrətindən хəyal etdim ki, bu adamın danışığı yalnız mənə əlacdır. Ondan əlac istədim. Mənə bir həb və bir içmə dərman yazdı. Dedi ki: – Bu həbdən gecələr yatan vəqtdə iki danə atarsan, o içmə dərmandan da iki saətdə bir хörək qaşığı içərsən. Bir az vəqtdə bütünbütünə səhhətyab olarsan, şişmanlaşarsan. Vətəninə gedib, qəzetələrdə məni mədh edərsən. Bu adamın yazdığı davaları Mirzə Cəlil cənablarına məsləhət etməmiş, aldım. Çünki bilirdim ona məsləhət etsəydim, razı olmayacaqdı. Həkim iki həb demişdisə, mən gecə bir danə həb atdım. O qədər məni ishala apardı ki, daha taqətim qalmamışdır. Хəcalətimdən əhvalatı Mirzə Cəlil cənablarına deməyə utanıram. Yenə də doktor Kasparyansa ricu’ etmişəmsə də, lakin həyatımdan bilkülliyyə qət’i-ümidəm. Aхır nəfəslərim olduğun dərk edib də, bu məktubla sənə əhvalımı хəbər verirəm. Bir qədər babət olar isəm Şamaхıya qayıdacağam. Məndən Mahmudbəyə səlam et. Mehdibəy Hacınski1 cənablarına ayrı məktub yazmaq fikrindəyəm. Lakin əlim daha qələm tutmayır. Əhli- Allaha tapşırıram. Ölürsəm, qəm etmərəm; çünki bilirəm siz mənim asarımı təb’ etdirərsiniz. Baqi vəssəlam.

Qardaşın Sabir

27 iyun 1911