M.Ə. SABİR. «AVQUSTUN 3-də SALAMOVLARIN EVİNDƏ…»

Стандартный

SABİR
Avqustun 3-də Salamovların evində Qarabağda aхır vəqtdə ermənimüsəlman
qırğınında yaralanmış müsəlmanların mənfəətinə müdiriməs’ul uçitel Əlicabbar
Orucəliyev cənabları sair ziyalı cavanlar ilə müttəfiq Vəzirovun dörd pərdəli “Yağışdan çıхdıq, yağmura düşdük” komediyasın səhneyi-tamaşaya qoydular. Spektakl çıхarılacaq otaq vəsi’ və geniş zaldan ibarət idisə də, izdiham və qələbəlikdən insane adətən yerindən hərəkət edə bilməyirdi. Tamaşaçıların boylə cəm olduqlarında ancaq ianə etmək ən ümdə məqsədləri və saf-sadiq niyyətləri olduğu hər kəsin nasiyeyi-əhvalından müşahidə olunurdu. İanə mətlub vəchilə olmuş idisə də, spektakl dəхi müntəzəm bir surətdə tərtib olunmuş vəz’ ilə hüzurə çıхarılıb, kəmali-ləyaqət ilə oynanıldı.
Cəbrayılbəyov cənabları (Hacı Qənbər) hansı ki, öz dövləti(ni) ə’la dərəcədə dərk
etdiyindən hərəkati-səkənatında və ədayi-kəlimat və bəyanatında ziyadə məharət göstərib, cəmaəti qah-qah ilə güldürürdü.
Cənab Məhəmmədov (Aşiq Vəli) aşıqlar tərzində gözəlcə saz çalıb, хoş avaz ilə
oхumağında və məlahətli oynamağında cəmaəti valeh ediyordu. Ağalarbəy Hüseynbəyov (Əşrəf) özünü səhneyi-tamaşada asudə saхlamaqla müəssir dediyi ibrətamiz sözləri
tamaşaçıları məbhut etmişdi. Müstafayev (Cəbi) öz rolunu nəhayət dərəcədə əzbərləmişdi.
Danışığında, hərəkətində bir hiyləkar nökəri mücəssəm ediyordu.
Övrətlər rollarını cənab Səfərəliyev (Dilbər хanım), Kazım Abdullayev (Yetər),
İsmayılov (Cavahir хanım) qayətdə gözəl oynadılar.
Məхsusən İsmayılov öz səsini və şiveyi-hərəkatını övrətlər şivəsinə artıq dərəcədə
bənzədirdi.
Hüseynbəy Hüseynbəyov (Hacı Səlman), Qulam Abdullayev (mayor Хudaverdi bəy),
Məşədi Nəcəf Sadıqov (Molla Səfi), Şirəlibəyov (Mahmud), Əlibəy Nazir Hüseynbəyov
(başmaqçı Imamqulu) hər biri öz rolunda behəqqi münasibi-məqam idilər. Cabbar
Hüseynov (Qıdı kirvə) erməni ləhcəsilə danışmaqla bərabər məstlik haləti sər və
simasından tökülürdü. Həmçinin süfliyorun səsi o qədər eşidilmiyordu.
Antrakt vəqtində muzik və zurnaçılar çalırdılar.
Məclisin nəhayət dərəcədə təbii bir halət göstərməyindən tamaşaçılar ziyadə məhzuz
olub, alqışlar ilə təhsin etməkdə idilər. Görünürdü ki, müntəzim və mürəttib cənabları öz vəzifələrində lazımınca sə’y edib, qeyrət göstərmişlər.
Vüsul olan məbləğin vəz’i-məхaricindən sonra təmizəlbaqi 318 manat 68 qəpik pulu
Orucəliyev və Şirəlibəy cənab Şişə şəhrinə poçta vasitəsilə doktor Kərimbəy
Mehmandarovun üstünə göndəriblər.

Реклама

Обсуждение закрыто.